...

Qəbələ RLS Azərbaycanın mülkiyyətidir

Siyasət Materials 11 Dekabr 2012 14:54 (UTC +04:00)
Qəbələ RLS-in icarə müddətinin uzadılması ilə bağlı Rusiya tərəfi ilə aparılan danışıqlar öz kuliminasiya nöqtəsinə çatdı. Danışıqlarda Azərbaycanın Rusiya tərəfi ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu nümayiş etdirməsinə baxmayaraq, stansiyanın icarə haqqı ilə bağlı razılaşma əldə olunmadı.
Qəbələ RLS Azərbaycanın mülkiyyətidir

Arzu Nağıyev-Trend-in icmalçısı

Qəbələ RLS-in icarə müddətinin uzadılması ilə bağlı Rusiya tərəfi ilə aparılan danışıqlar öz kuliminasiya nöqtəsinə çatdı. Danışıqlarda Azərbaycanın Rusiya tərəfi ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu nümayiş etdirməsinə baxmayaraq, stansiyanın icarə haqqı ilə bağlı razılaşma əldə olunmadı.

Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında sazişin 9 dekabr 2012-ci il tarixindən qüvvədən düşməsi ilə bağlı Rusiya Federasiyası tərəfindən stansiyanın istismarının 10 dekabr 2012-ci il tarixindən etibarən dayandırılması barədə Azərbaycan tərəfinə Nota təqdim edildi.

Son bir neçə ay ərzində bu danışıqlar gedirdi. Danışıqlarda Azərbaycan tərəfinin əsas məqsədi stansiya ilə bağlı əməkdaşlığın müasir tələblərə uyğun qurulması idi. Yəni məqsəd Rusiya ilə əməkdaşlığı dünyada mövcud olan şərtlər çərçivəsində qurmaq idi.

Azərbaycan tərəfinin ikitərəfli əməkdaşlıqla bağlı heç bir problemi yoxdur. Tarixə nəzər salsaq görərik ki, 25 yanvar 2002-ci ildə Moskvada stansiyasının statusu, istifadə əsasları və şərtləri barədə Rusiya və Azərbaycan arasında saziş imzalanıb. Bu müqaviləyə əsasən, icarə müddətinin 2012-ci ildən sonra uzadılması mümkün sayılır və stansiyanın statusu "Dəryal" məlumat-təhlil mərkəzi kimi qəbul edilir və respublikanın mülkiyyətidir, bu şərtlərlə də Rusiyaya icarəyə verilə bilər. Bakı, öz növbəsində, həmişə stansiyaya Rusiya hərbi bazası statusunun verilməsinin əleyhinə olub və etiraz edib.

Danışıqlarda Rusiya stansiyasını tam şəkildə yenidən qurmağı, həmçinin icarəyə götürülmüş ərazinin həcmini azaltmağı planlaşdırır və qiymətlərlə də razı olduğunu bildirirdi. Eyni zamanda, 2020-ci ildə onu yeni (məsələn, "Voronej - VP" kimi) nəsil radarla əvəz etməyi planlaşdırırdı.

Azərbaycan isə öz növbəsində, yerli hərbi kadrların sayının artırılmasını və stansiya nəzdindəki hərbi şəhərciyin ərzaq təminatını, ticarət və iaşə xidməti ilə bağlı sahələrin yerli sakinlərə verilməsi şərtlərini irəli sürürdü. Qeyd etmək lazımdır ki, stansiyanın ərazisi 210 hektardır və əlavə olaraq 30 hektar da köməkçi xidmət ərazisidir, hündürlüyü 87 m olan 17 mərtəbəli binadan, xitdməti heyət isə 900 hərbçi və 200-dən artıq mülki mütəxəssisdən ibarətdir. Stansiyada 1400 nəfər rusiyalı mütəxəssis çalışır.

Əraziyə yüksəkgərginlikli elektrik xətləri çəkmək üçün 400 hektara yaxın meşə və ağaclıq təmizlənib. Stansiyanın elektron avadanlıqlarının soyudulma sistemi yaxınlıqda qazılmış 16 artezian quyusunun suyu vasitəsilə təmin edilir. Bu sistemin işləməsi üçün hər saatda 300-400 kubmetr su tələb olunur.

Qəbələ RLS hər şeydən əvvəl Rusiyanın təhlükəsizliyinin sabitliyini təmin edir və cənub hava-kosmik istiqamətində mümkün raket hücumunun qarşısının alınmasında yaradılmış qapalı radar xəbərdarlıq sisteminin saxlanmasına zəmanət verir. Demək olar ki, Rusiya stansiya vasitəsilə Şimali Afrika, Türkiyə, İran, İraq, Səudiyyə Ərəbistanı, Hindistan və Pakistan, habelə Avstraliyaya qədər Hind okeanı zonasında yerləşən ərazini öz nəzarəti altında saxlayır. Eyni zamanda, RLS Azərbaycan və Rusiya arasında hərbi sahədə əməkdaşlıqla bağlı böyük layihədir.

Bunları sadalamaqda məqsəd odur ki, stansiya Rusiya Federasiyası üçün böyük əhəmiyyəti olan obyektdir. Lakin Rusiya Federasiyası ilə dostluq, qonşuluq, əməkdaşlıq əlaqələrini nəzərə alaraq uzun müddət simvolik qiymətə icarəyə verilmişdi. Müasir tələblərə uyğun olaraq Qırğızıstan, Tacikistan və digər dövlətlərdə yerləşən Rusiya hərbi obyektlərinin də icarə haqqına nəzər salaraq yeni çərçivədə danışıqlar aparıldı. Rusiya isə bu şərtlərlə stansiyanın fəaliyyətini davam etdirmək niyyətində deyildi. Bir sözlə, Azərbaycanın məqsədi Qəbələ RLS-in icarəsini beynəlxalq tələblər səviyyəsinə qaldırmaqdır.

Stansiyanın fəaliyyətinin dayandırılması istər Azərbaycan, istərsə də Qəbələ zonası üçün siyasi, iqtisadi, ekoloji və ya hərbi baxımdan böyük əhəmiyyət kəsb etmir. Çünki Qəbələ böyük bir turizm zonasıdır, MDB-nin son yığıncağında mədəniyyət şəhəri kimi qəbul edilib. Bundan başqa, beynəlxalq tədbirlər, festivallar keçirilən, diplomatik korpus üzvlərinin istirahət etdiyi bir məkandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti