...

Mübariz Qurbanlı: "Freedom House" kimi təşkilatlar yalnız dedi-qodu xarakterli məlumatlara istinad edir

Siyasət Materials 13 Dekabr 2012 16:23 (UTC +04:00)
Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) "Freedom House" təşkilatının dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatını birtərəfli, qərəzli hesab edir.
Mübariz Qurbanlı: "Freedom House" kimi təşkilatlar yalnız dedi-qodu xarakterli məlumatlara istinad edir

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) "Freedom House" təşkilatının dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatını birtərəfli, qərəzli hesab edir.

"Mən neçə illərdir ki, "Freedom House"un hesabatlarını təhlil edirəm. Ümumi gəldiyim nəticə ondan ibarətdir ki, "Freedom House"da çalışanlarda bir islamofobiya, xəstəlik var, eyni zamanda, onlar ayrı-ayrı qurumların, təşkilatların təsiri altında fəaliyyət göstərir, Azərbaycana, o cümlədən müsəlman ölkələrinə qarşı qərəzli mövqedən çıxış edərək bu cür hesabatlar hazırlayırlar", - Trend-ə YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.

Onun sözlərinə görə, bu hesabatla ətraflı tanış olduqda aydın olur ki, orada media azadlığı, internet azadlığı, sərbəst toplaşma azadlığı və bu kimi məsələlərlə əlaqədar deyilənlər tamamilə cəfəngiyatdır.

"Azərbaycan bu sahədə heç bir problemlə üz-üzə deyil, Azərbaycanda azad, demokratik mühit var və "Freedom House"un hesabatının da hansı mənbələrə istinad edilərək hazırlandığı bəlli deyil", - Qurbanlı deyib.

YAP rəsmisinin sözlərinə görə, bu onu göstərir ki, "Freedom House" kimi təşkilatlar yalnız radikal yönlü müxalifətin yaydığı məlumatlara, dedi-qodu xarakterli məlumatlara, şayiələrə istinad edir, yerlərdə hər hansı araşdırma aparmadan bu cür yanlış və qərəzli hesabatlar hazırlayır.

"Biz bu hesabatları, bu cür yanaşmanı qəbul etmirik və Ermənistan kimi faşist bir rejimin Azərbaycandan üstün göstərilməsini isə bütovlükdə anormal bir hal hesab edirik. Yəni anormal hal ola bilərdi ki, Ermənistan kimi faşistləşmiş, təcavüskar, öz xalqına da zülm edən bir rejim gəlib demokratiya sahəsində Azərbaycan ilə müqayisədə qabağa keçmiş olsun", - Qurbanlı deyib.

Onun sözlərinə görə, bu onu göstərir ki, burada erməni lobbisinin əli var və bu da təbii ki, Azərbaycana qarşı bu cür qeyri-obyektiv sənədlərin meydana gəlməsinə gətirib çıxarır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti