...

Azərbaycan QHT-ləri "Freedom House"un hesabatının qərəzli məqamlarını açıqlayıblar

Siyasət Materials 13 Dekabr 2012 18:10 (UTC +04:00)
"Freedom House" və ya başqa bir beynəlxalq qurum ədalət, haqq axtarırsa, ilk növbədə, Azərbaycanın qaçqın, məcburi köçkün vətəndaşlarının düşdüyü duruma diqqət yetirməlidir, öz dədə-baba torpaqlarına, əzizlərinin qəbirlərini ziyarətə gedə bilməyən insanlarımızın ən ibtidai haqqının uzun illərdir pozulduğunu gözardı etməməlidir.
Azərbaycan QHT-ləri "Freedom House"un hesabatının qərəzli məqamlarını açıqlayıblar

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir M.Əliyev/

"Freedom House" və ya başqa bir beynəlxalq qurum ədalət, haqq axtarırsa, ilk növbədə, Azərbaycanın qaçqın, məcburi köçkün vətəndaşlarının düşdüyü duruma diqqət yetirməlidir, öz dədə-baba torpaqlarına, əzizlərinin qəbirlərini ziyarətə gedə bilməyən insanlarımızın ən ibtidai haqqının uzun illərdir pozulduğunu gözardı etməməlidir. Bunu cümə axşamı Trend-ə Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı "Freedom House" təşkilatının dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatını şərh edərək bildirib.

"Həmin təşkilatlar müqayisəli dəyərləndirməsində bütün maraqlı tərəflərin mövqeyini nəzərdən keçirməli, birtərəfli çıxışa son qoymalıdır", - o deyib.

Qoşalı hesab edir ki, belə qeyri-obyektiv "hesabat"lar az-çox informasiyalı insanlarda acı gülüş doğurur.

"Freedom House"un məlum "raport"unun bütün detallarını bir qırağa qoyub, yalnız bir faktdan - Ermənistan kimi işğalçı dövlətin Azərbaycan kimi humanist bir ölkədən üstün tutulmasından çıxış etsək, bu təşkilatın mövqeyi aydın olar. Azərbaycanda artıq dəfələrlə sivilizasiyalararası, mədəniyyətlərarası dialoq forumları, beynəlxalq humanitar forumlar, nüfuzlu qitə, dünya gənclik, idman və musiqi yarışmaları gerçəkləşdirilib, habelə müvafiq qanunlar qəbul edilib, sərəncam və fərmanlar imzalanıb. Bu da özlüyündə Azərbaycanın həm öz milli dəyərlərinə, həm də bəşəri dəyərlərə nə qədər sadiq olduğunu bariz şəkildə göstərir", - Dünya Gənc Türk Yazarlar Birliyinin sədri vurğulayıb.

"İrəli" İctimai Birliyinin sədri Rauf Mərdiyev isə bununla bağlı bildirib ki, "Freedom House" hesabatlarını reallığın obyetiv araşdırmaları əsasında deyil, ayrı-ayrı maraq qruplarının sifarişi əsasında fəaliyyət göstərən yerli QHT-lərin ötürdüyü məlumat əsasında hazırlayır.

Mərdiyev hesab edir ki, "Freedom House"un istər bu, istərsə də bundan sonrakı hesabatlarında hansı ölkələrin "azad", hansılarının "qeyri-azad" göstəriləcəyini təxmin etmək çətin deyil.

"Freedom House" nəyə əsasən əhalisinin 65 faizi internet istifadəçisi olan, internetdə fəaliyyət azadlıqlarının ən yüksək şəkildə təmin olunduğu, bu il İnternet İdarəçilik Forumuna ev sahibliyi etmiş ölkəni internet azadlıqlarına görə "qismən azad" göstərir? Azərbaycanda indiyə kimi heç bir informasiya resursuna, sayta məhdudiyyət qoyulmayıb, 20-dən artıq onlayn TV və radio fəliyyət göstərir, minlərlə bloqer hər gün öz fikirlərini sərbəst şəkildə bölüşür. Sual yaranır, "Freedom House"a internetin "azad" kateqoriyası üçün hansı kriteriyalar tələb olunur?" - İB sədri deyib.

O vurğulayıb ki, bütün bu hesabatlar və məlumatlar qərəzli yanaşmanın məhsulu olub reallığı əks etdirmir və "Freedom House" kimi təşkilatların bu hesabatları ciddi qəbul edilməməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti