...

QHT: "Freedom House"un hesabatında Azərbaycana dair müddəalar birtərəfli və qeyri-obyektiv informasiyalardan hazırlanıb

Siyasət Materials 14 Dekabr 2012 16:17 (UTC +04:00)
İnsan Hüquqları XXI əsr-Azərbaycan Fondu "Freedom House" təşkilatının dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatı ilə bağlı bəyanat yayıb.
QHT: "Freedom House"un hesabatında Azərbaycana dair müddəalar birtərəfli və qeyri-obyektiv informasiyalardan hazırlanıb

Azərbaycan, Bakı, 14 dekabr /Trend/

İnsan Hüquqları XXI əsr-Azərbaycan Fondu "Freedom House" təşkilatının dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatı ilə bağlı bəyanat yayıb.

Trend-in məlumatına görə, bəyanatda qeyd olunur ki, "Freedom House" təşkilatının hazırladığı hesabatla tanış olarkən məlum olur ki, Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair müddəalar sənəddə birtərəfli və qeyri-obyektiv informasiyalardan yararlanaraq hazırlanıb.

"Təəssüf hissi ilə qeyd edirik ki, qeyri-hökumət təşkilatının yaydığı bu cür hesabat ictimaiyyəti çaşdırmaq, yalan informasiya vermək məqsədi daşıyır. Aydın görünür ki, hesabatın müəlliflərini Azərbaycanda insan hüquqları və demokratiyanın vəziyyəti deyil, öz maraqları düşündürür", - bəyanatda qeyd olunub.

Bildirilib ki, bir neçə xarici qüvvənin maraqlarına xidmət edən QHT-lərin və ayrı-ayrı şəxslərin verdikləri dezinformasiyalara, yalan və şişirdilmiş məlumatlara əsaslanaraq hazırlanan hesabat, təbii ki, tərəfimizdən mənfi qiymətləndirilir.

"Təəssüflə vurğulayırıq ki, "Freedom House" təşkilatı öz hesabatında uzun illər ərzində kütləvi və kobud şəkildə insan hüquqlarının pozulması faktı olan - Azərbaycan torpaqlarının işğalı faktı kimi vacib və aktual məsələyə münasibət bildirməyib. Bir milyondan artıq insanın pozulmuş mülkiyyət və digər hüquqlarına toxunmayıb və inanmaq istərdik ki, gələcək hesabatlarda bu məsələyə geniş yer ayıracaq", - bəyanatda qeyd olunub.

Fond "Freedom House" və onun kimi ölkəmizə qarşı qərəzli mövqe tutan digər beynəlxalq hüquq-müdafiə təşkilatlarını faktları və hadisələri təhrif etməməyə, beynəlxalq ictimaiyyəti çaşdırmamağa və xüsusilə ərazisinin 20 faizindən çoxu işğal edilmiş, 1 milyondan artıq qaçqın və məcburi köçkünü olan gənc, demokratiya yolunda səylə çalışan bir dövlətə və xalqa dəstək olmağa çağırır.

"Ümid edirik ki, "Freedom House" və onun kimi digər beynəlxalq hüquq müdafiə təşkilatları səsimizi eşidəcək, irad və tövsiyələrimizi növbəti hesabatlarında nəzərə alacaqlar", - bəyanatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti