Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir M.Əliyev/
Yaxın gələcəkdə GUAM beynəlxalq aləmdə ən nüfuzlu təşkilatlardan birinə çevriləcək. Trend-in məlumatına görə, bunu Bakıda çərşənbə günü GUAM Parlament Assambleyasının (PA) 5-ci iclasında Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib.
Onun sözlərinə görə, müasir dövrdə parlament diplomatiyasının rolu getdikcə artır.
Əsgərov bugünkü iclasın indiyədək qurumun keçirdyi ən geniştərkibli iclas olduğunu qeyd edib. "Bu gün regional inteqrasiya proseslərinin geniş vüsət aldığı dövrdə yaşayırıq. GUAM təşkilatı regional təhlükəsizliyin təmin edilməsində getdikcə daha güclü rol oynamağa başlayır", - I vitse-spiker deyib.
İclasda GUAM PA-nın milli nümayəndə heyətləri, qurumun baş katibi, Baltik Assambleyasının, Benilüks PA-nın, Cənub- Şərqi Avropa Əməkdaşlığı prosesinin Parlament Ölçüsünün nümayəndə heyətləri, Vişeqrad Qurupuna üzv dövlətlərin parlament nümayəndə heyətləri, GUAM PA üzv dövlətləri və tərəfdaş dövlətlərin Azərbaycanda akkreditə olunmuş səfirliklərinin, həmçinin Azərbaycanın nazirlik və digər qurumlarının nümayəndələri iştirak edirlər.