...

Prezident İlham Əliyev bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodlarının açılışında iştirak edib (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 19 Dekabr 2012 13:42 (UTC +04:00)
Dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Balaxanıda bərk məişət tullantılarının çeşidlənməsi zavodunun açılışında iştirak etmişdir.
Prezident İlham Əliyev bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodlarının açılışında iştirak edib (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

Dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Balaxanıda bərk məişət tullantılarının çeşidlənməsi zavodunun açılışında iştirak etmişdir.

İqtisadi inkişaf naziri Şahin Mustafayev zavodun inzibati binasında yaradılmış şəraitlə tanış olan dövlətimizin başçısına tullantıların idarə edilməsi sahəsində görülmüş işlər barədə məlumat verdi.

Sonra Azərbaycan Prezidenti zavodun idarəetmə otağında müəssisənin iş mexanizmi ilə tanış oldu. Dövlətimizin başçısına zavodun fəaliyyəti və onun idarə edilməsi haqqında məlumat verildi. Bildirildi ki, məişət tullantılarının çeşidlənməsi və təkrar istehsalı biznesinin inkişaf etdirilməsi məqsədi ilə tikilən zavod ölkəmizdə bu sahədə ilk pilot layihədir. İllik istehsal gücü 200 min ton olan yeni zavodun səmərəli fəaliyyəti təbii sərvətlərə və enerjiyə qənaət etməyə, ətraf mühitə mənfi təsirin azaldılmasına imkan verəcəkdir.

Dövlətimizin başçısı müəssisədə yaradılmış şəraitdən razılığını bildirdi, müvafiq tapşırıq və tövsiyələrini verdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 19-da, həmçinin Bakı bərk məişət tullantılarının yandırılması zavodunun açılış mərasimində iştirak edib.

Dövlətimizin başçısı zavodun fəaliyyəti, tullantıların yandırılması prosesi və idarəetmə sistemi ilə tanış oldu.

İqtisadi inkişaf naziri Şahin Mustafayev məlumat verdi ki, bərk məişət tullantılarının yandırılması zavodu Şərqi Avropada və MDB məkanında bu tipli ən iri müəssisədir. Zavodun layihələndirilməsi, tikintisi Fransanın "Cnim" şirkəti tərəfindən həyata keçirilmişdir. Müəssisənin təməli 2009-cu il noyabrın 3-də Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur.

Diqqətə çatdırıldı ki, zavodun illik emal gücü 500 min ton məişət tullantısı və 10 min ton tibbi tullantı təşkil edən zavod iki xətdən və elektrik enerjisi istehsal edən turbindən ibarətdir. Tullantıların yandırılması prosesi nəticəsində alternativ enerji kimi əldə ediləcək elektrik enerjisinin miqdarı ildə 231,5 milyon kilovat/saat olacaqdır. Zavodun fəaliyyəti nəticəsində illik 60 milyon kubmetrdən artıq təbii qaz həcmində enerjiyə qənaət ediləcəkdir. Əldə edilən elektrik enerjisi 100 min evin enerji ilə təmin olunmasına imkan yaradacaqdır.

Azərbaycan Prezidenti müəssisəni işə saldı.

Sonra dövlətimizin başçısı məişət tullantılarının idarə olunması sahəsində görülmüş işlər barədə filmə baxdı. Prezident İlham Əliyev mərasimdə çıxış etdi.

Sonra Fransanın "Cnim" şirkətinin idarə heyətinin sədri Nikola Dmitrieff çıxış etdi.

Azərbaycan Prezidenti müəssisədə yaradılmış şəraiti yüksək qiymətləndirdi, kollektivə uğurlar arzuladı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti