Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir Y.Kosolapova/
Avropa Komissiyası bazar ertəsi Avropa İttifaqı (Aİ) ilə "Şərq tərəfdaşlığı" ölkələri arasında polis xidməti sahəsində əməkdaşlığı nəzərdə tutan yeni proqram qəbul edib. Bu barədə Trend-ə Aİ-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.
Polis xidməti sahəsində "Şərq tərəfdaşlığı" ölkələri ilə əməkdaşlıq proqramı Aİ ilə "Şərq tərəfdaşlığı" ölkələri arasında transsərhəd cinayətkarlığı ilə mübarizə sahəsində, eləcə də "Şərq tərəfdaşlığı" proqramının iştirakçıları arasında əməkdaşlığa yardım edəcək.
"Beləliklə, Aİ regionda qanuniliyin möhkəmləndirilməsinə kömək edəcək", - məlumatda deyilir.
Qəbul edilən proqram çərçivəsində bir sıra tədbirlər həyata keçiriləcək. Aİ və "Şərq tərəfdaşlığı" ölkələrinin polis qüvvələri arasında tərəfdaşlıq əlaqələrinin və etimadın qaydaya salınması üçün tanışlıq səfərləri, mübadilə proqramları, görüşlər və treninqlər keçiriləcək.
İxtisaslaşmış təhsil və qabaqcıl təcrübənin mübadiləsi "Şərq tərəfdaşlığı" ölkələrinin polislərinin transsərhəd cinayətkarlığı ilə mübarizədə bilik səviyyəsinin və bacarıqlarının artırılmasına imkan verəcək.
Dörd il müddətinə nəzərdə tutulan proqramın ümumi büdcəsi beş milyon avro təşkil edir.