Azərbaycan, Bakı, 28 dekabr /Trend/
"Azərbaycan Araşdırmaları üzrə Vaşinqton Mərkəzi" tərəfindən dekabr ayının 27-də Vaşinqtonda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə şənlik tədbiri keçirilmişdir.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, əsasən paytaxt Vaşinqton şəhəri və eləcə də yaxınlıqda yerləşən Virciniya və Merilənd ştatlarında yaşayan soydaşlarımızın qatıldığı bu tədbirdə açılış nitqləri ilə "Azərbaycan Araşdırmaları üzrə Vaşinqton Mərkəzi"nin rəhbəri Qədir Şirəliyev və Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış etmişlər.
Q.Şirəliyev hazırkı tədbiri təşkil etməkdə məqsədin hər bir azərbaycanlı üçün əziz olan 31 Dekabr Həmrəylik Günü və Yeni İl ərəfəsində ABŞ-da yaşayan həmvətənlərimizi qardaşlıq və qarşılıqlı anlayış ruhunun hökm sürdüyü bir mühitdə toplamaq olduğunu söyləmişdir. Səfir E.Süleymanov öz növbəsində müstəqil Azərbaycanın qət etdiyi inkişaf və tərəqqi yoluna nəzər salmış və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına müraciətindən sitatlar gətirərək, müstəqil Azərbaycan Respublikasının dünyada yaşayan bütün azərbaycanlıların doğma yurdu və güvənc yeri olduğunu vurğulamış və soydaşlarımızı birgə işlər görməklə, vətənimizin çiçəklənməsinə fəal surətdə dəstək verməyə çağırmışdır.
Vaşinqtonda fəaliyyət göstərən "Qarabağ Fondu"nun həmtəsisçisi və sədri, Amerika Azərbaycanlıları Şəbəkəsinin direktoru Adil Bağırov bu tədbirdəki çıxışında 31 Dekabr Həmrəylik Gününün tarixçəsi barədə iştirakçılara məlumat vermiş və onlara təmsil etdiyi təşkilatların gördüyü işlər barədə danışmışdır. Nəhayət, uzun illərdən bəri ABŞ-da məskunlaşmış, əslən azərbaycanlı olan Həbib Azərsinan müstəqil Azərbaycanımız və Həmrəylik Günü ilə bağlı təəssüratlarını bölüşmüşdür. Çıxış etmiş bütün natiqlər şənlik iştirakçılarına qarşıdan gələn Yeni İldə ən xoş arzularını diləmişlər.
Daha sonra şənlik iştirakçıları Azərbaycan mətbəxinin ləziz yeməklərinə qonaq edilmiş və onlara Azərbaycan xalq və müasir musiqi nömrələrinin canlı ifasında konsert proqramı təqdim olunmuşdur. Azərbaycandan uzaqda Həmrəylik Günü və Yeni İli öz həmvətənləri ilə birlikdə qeyd etmək sevincini yaşayan tədbir iştirakçıları musiqi nömrələrini öz rəqsləri ilə müşayiət etmişlər.