Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir M.Əliyev/
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının diasporla iş üzrə nazirləri və təşkilat rəhbərlərinin birinci iclası gələn həftə Bakıda keçiriləcək. Bu barədə cümə axşamı Trend-ə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Katibliyindən bildiriblər.
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 24-25 yanvar tarixlərində keçiriləcək iclasda türkdilli ölkələrin diaspor mərkəzlərinin əməkdaşlığı, ümumi maraq doğuran məsələlərlə bağlı beynəlxalq aləmdə birgə fəaliyyəti və bir sıra digər məsələlər müzakirə olunacaq.
İclasda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, TürkPA-nın baş katibi Ramil Həsənov, həmçinin Qazaxıstan və Qırğızıstanın diaspor fəaliyyətini koordinasiya edən dövlət qurumlarının nümayəndələri iştirak edəcəklər.