...

Yaponiyanın xarici işlər naziri Azərbaycana səfərə dəvət olunub (FOTO)

Siyasət Materials 30 Yanvar 2013 18:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 yanvar /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yaponiya Xarici İşlər Nazirliyinin Qafqaz, Mərkəzi Asiya və GUAM üzrə xüsusi nümayəndəsi Takeşi Hikiharanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir Azərbaycan-Yaponiya ikitərəfli münasibətlərinin mövcud səviyyəsindən məmnunluğunu bildirib, ikitərəfli siyasi münasibətlərin və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib və iqtisadi sahədə, xüsusilə də enerji sahəsində qarşılıqlı faydalı əməkdaşlığın aparıldığını vurğulayıb. O, həmçinin, ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayaraq, turizm, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, irriqasiya sistemlərinin idarə olunması kimi sahələrdə əməkdaşlıq imkanlarının araşdırılmasının əhəmiyyətini qeyd edib. Humanitar, təhsil və mədəniyyət sahələrində ikitərəfli təmasların artırılmasının münasibətlərə töhfə verəcəyini nəzərə çatdırıb.

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Yaponiya nümayəndə heyətinə məlumat verən Məmmədyarov bildirib ki, Ermənistanın işğalçı siyasəti və sülh danışıqlarında tutduğu qeyri-konstruktiv mövqeyi regionda sülh və sabitliyin bərqərar olmasına imkan vermir və Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərində mövcudluğu münaqişənin həllinə başlıca maneə təşkil edir.

Hikihara ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyini qeyd edib və iki ölkə arasında mövcud əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb. Yaponiyalı qonaq əlaqələrin genişləndirilməsi üçün iki ölkənin işgüzar dairələri arasında təmasların artırılmasının, təcrübə mübadiləsinin aparılmasının və yeni əməkdaşlıq sahələrinin müəyyən olunmasının vacibliyini qeyd edib. Xüsisi nümayəndə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bildirib ki, Yaponiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinə tərəfdardır.

Görüşün sonunda Məmmədyarov Yaponiyanın xarici işlər nazirini ölkəmizə səfər etməyə dəvət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti