...

ABŞ Dövlət Departamenti: İranla birbaşa danışıqlara hazırıq

Siyasət Materials 5 Fevral 2013 09:54 (UTC +04:00)
ABŞ həmişə İranla qarşılıqlı hörmətə əsaslanan birbaşa danışıqları salamlayır. Bu barədə Trend-ə müsahibəsində ABŞ Dövlət Departamentinin İran üzrə nümayəndəsi Alan Eyr deyib.
ABŞ Dövlət Departamenti: İranla birbaşa danışıqlara hazırıq

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir D.Xatınoğlu/

ABŞ həmişə İranla qarşılıqlı hörmətə əsaslanan birbaşa danışıqları salamlayır. Bu barədə Trend-ə müsahibəsində ABŞ Dövlət Departamentinin İran üzrə nümayəndəsi Alan Eyr deyib.

Vitse-prezident Cozef Bayden şənbə günü təhlükəsizlik konfransda bildirib ki, ABŞ İranla birbaşa danışıqlara hazırdır, amma Tehran da niyyətlərinin nə qədər ciddi olduğunu göstərməlidir.

Baydenin bəyanatına cavab olaraq, İranın xarici işlər naziri İslam Respublikasının nüvə proqramı üzrə Tehranla birbaşa danışıqlara Birləşmiş Ştatların hazırlığını alqışlayıb, lakin əlavə edib ki, İran təklifi qəbul etməyə məcbur deyil.

Daha əvvəl İran parlamentinin spikeri Əli Laricani "əl-Əlam" telekanalına müsahibəsində bildirmişdi ki, İran ABŞ ilə birbaşa danışıqlara "qırmızı xətt" kimi baxmır.

Bununla əlaqədar Eyr bildirib ki, ABŞ "P5+1" ilə əməkdaşlıqda İranın nüvə proqramına ikili yanaşmanı tətbiq edir. Vaşinqton və altı dünya dövləti Tehranı nüvə sahəsində bütün beynəlxalq öhdəliklərinin icrasına meyilləndirmək üçün danışıqlar siyasəti ilə yanaşı, İslam Respublikasına təzyiq göstərməyə davam edir.

"ABŞ həmişə İranla birbaşa danışıqları salamlayır, amma rəsmi Tehran ikitərəfli görüşlərdən çəkinməyə üstünlük verir. Ancaq bu əhəmiyyətli deyil, əhəmiyyətli olan İranın nüvə proqramı ətrafında bütün beynəlxalq narahatlığı aradan qaldırmağa dair qərarıdır", - Eyr Trend-in Fars xəbərlər xidmətinin başçısı Dalğa Xatınoğluna verdiyi müsahibəsində deyib.

O əlavə edib ki, ABŞ üçün İranın "P5+1" ilə ciddi danışıqlara hazır olub-olmaması əhəmiyyətlidir.

İran və "altılıq" qrupu - ABŞ, Fransa, Böyük Britaniya, Rusiya, Çin + Almaniya arasında danışıqlar keçən ilin iyununda Rusiyada keçirilmiş axırıncı görüşdən sonra ləngiyib. Yanvarda İran danışıqların Misirdə keçirilməsini təklif edib, amma "P5+1" qrupu danışıqların bu ölkədə keçirilməsini rədd edib. Nəhayət, İranın xarici işlər naziri Əli Əkbər Salehi bazar günü bildirib ki, ölkənin nüvə proqramı üzrə danışıqların növbəti raundu fevralın 25-də Qazaxıstanda keçiriləcək. Alan Eyr qeyd edib ki, İranla birbaşa danışıqlar üçün qarşılıqlı hörmət və ardıcıl irəliləmə Vaşinqtonun prinsipidir.

ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib ki, dünya ictimaiyyətinin İranın nüvə proqramı ilə bağlı ciddi sübhələri var, amma Prezident Barak Obamanın noyabrda bildirdiyi kimi, İranın sülh nüvə proqramına haqqının çatması üçün "Nüvə Silahının Yayılmaması" müqaviləsi çərçivəsində üsul tapılmalıdır.

Onun sözlərinə görə, İran İslam Respublikası nüvə silahı istehsal etməməsini sübut edəcək dəqiq və etibarlı zəmanət verməlidir.

Bundan əvvəl isə İranın neft naziri Rüstəm Qasımi bildirmişdi ki, İran 2012-ci ildə neft ixracından əldə olan gəlirlərin 45 faizi ilə yanaşı, neft ixracının 40 faizə yaxınını itirib. Məlumata görə, İran ötən il 2011-ci illə müqayisədə 60 milyard dollara yaxın neft gəlirlərindən məhrum olub.

OPEK-in yanvar ayında dərc olunmuş aylıq hesabatı İranda neft istehsalının səviyyəsinin 2011-ci ilin orta göstəriciləri ilə müqayisədə gündə 658 min barel azaldığını göstərir. Gün ərzində İranda neft hasilatı, demək olar ki, hər gün bir milyon barel azalıb. Belə ki, bu rəqəm 2011-ci ildə gündə 3,628 milyon bareldən 2012-ci ilin dekabrında gündə 2,656 milyon barelədək düşüb.

Alan Eyrin sözlərinə görə, ABŞ İranın dinc nüvə proqramına malik olmaq və beynəlxalq birliklə əməkdaşlıqda daha yaxşı iqtisadi artıma nail olmaq hüququnu tanıyır. Lakin Tehran, ilk növbədə, "Nüvə Silahının Yayılmaması" müqaviləsi çərçivəsində BAEA üzvlərinin üzərilərinə düşən bütün öhdəlikləri yerinə yetirməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti