Azərbaycan, Bakı, 5 aprel/Trend/
Qəbələ RLS-in bağlanması Rusiyanın hərbi təhlükəsizliyinə təsir etməyəcək. Trend-in cümə günü "RİA-Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov jurnalistlərə deyib.
"Əgər Qəbələ RLS-in bağlanmasının Rusiyanın təhlükəsizliyinin zəifləməsinə səbəb olacağına zərrə qədər şübhə etsəydik, əlbəttə ki, icarənin davam etdirilməsi barədə Bakıdakı dostlarımızla razılığa gələrdik. Hazırda tam şəkildə bəyan edə bilərəm ki, RLS-in bağlanması Rusiyanın hərbi təhlükəsizliyinə heç bir təsir göstərməyəcək", - Antonov qeyd edib.
O əlavə edib ki, Rusiya həqiqətən də Azərbaycandan əmlak və hərbi kontingenti çıxarır. "Biz azərbaycanlı dostlarımızla sıx işləyirik, heç bir problem yaşanmır" , - o qeyd edib.
O, həmçinin qeyd edib ki, Azərbaycandan gedən heç bir hərbçi "havada qalmayacaq ". "Hər bir hərbçi üçün konkret iş, konkret mənzil nəzərdə tutulub və SSRİ-nin dağılması dövründə bizə məlum olan hadisələr yaşanmayacaq" , - o deyib.