...

Berlində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi qeyd edilib

Siyasət Materials 12 May 2013 23:00 (UTC +04:00)
Berlində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.
Berlində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi qeyd edilib

Azərbaycan, Bakı, 12 may /Trend/

Berlində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM), Almaniya Türk-Azərbaycan Birliyi (TAVD), həmçinin Avropa Azərbaycanlıları Konqresinin (AAK) birgə təşkil etdiyi gecə Berlindəki Türk Evində reallaşıb. Tədbiri açan AAKM-in icraçı direktoru Samira Patzer İsmailova ulu öndərin ölkəsi üçün göstərdiyi xidmətlərdən danışıb: "Bu gün Azərbaycan Respublikasının azad, müstəqil dövlət kimi tanınması, iqtisadiyyatının gündən-günə güclənməsi, siyasi çəkisinin artması Azərbaycan tarixində misilsiz iz qoymuş, dünya miqyaslı siyasətçi, uzaqgörən rəhbər, görkəmli şəxsiyyət, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır".

Bu günlərdə Berlində və Almaniyanın bir çox şəhərlərində Heydər Əliyevin 90 illik yubileyinin qeyd edildiyini diqqətə çatdıran AAKM-in icraçı direktoru məhz ulu öndərin təşəbbüsü ilə Azərbaycan diasporunun əsasının qoyulduğunu, bununla da dünya azərbaycanlılarının həm Vətənlə, həm də bir-biri ilə sıx ünsiyyətinə şərait yaradıldığını vurğulayıb. Odur ki, xaricdə yaşayan azərbaycanlılar ümummilli liderin bu xidmətlərini minnətdarlıq hissi ilə yad edir. Diaspor nümayəndəsi Heydər Əliyevin Türkiyə və Azərbaycan dövlətləri, eləcə də xalqları arasında daha sıx əlaqələrin yaradılması istiqamətində yürütdüyü siyasəti xüsusi qeyd edib. Məhz bu siyasətin nəticəsidir ki, bu gün onun doğum gününü Almaniyada iki qardaş ölkənin nümayəndələri birlikdə qeyd edir.

Daha sonra söz alan Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov öz çıxışında ulu öndər Heydər Əliyevi Azərbaycanın uğurlu və tarazlaşdırılmış xarici siyasətinin memarı kimi qiymətləndirib. Səfir qeyd edib ki, Heydər Əliyev çağdaş dünyanın tarixində öz xalqını, onun taleyini, milli mədəniyyətini, mənəviyyatını yaxından hiss edən, öz şəxsiyyəti ilə xalqının simvoluna, dövlətinin təcəssümünə çevrilən rəhbərlərdən biri olub. P.Şahbazov, həmçinin mərhum prezidentin ağır bir dövrdə Azərbaycanda rəhbərliyi üzərinə götürməsindən söz açıb və ölkədə vəziyyətin sabitləşməsi sahəsində apardığı fəaliyyəti ilə bağlı maraqlı faktları tədbir iştirakçıları ilə bölüşüb. Daha sonra səfir əsası Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasətin davamı kimi türk və Azərbaycan icmalarının bu gün bir araya gəlməsini, birgə tədbirlər keçirməsini təqdirəlayiq hal hesab etdiyini bildirib.

Sonra Türkiyənin Almaniyadakı səfiri Hüseyn Avnı Karslıoğlu çıxış edərək hələ Sovet dövründə SSRİ-nin tərkibindəki türk respublikalarında, xüsusilə də Azərbaycanda baş verən hadisələri izlədiyini, Azərbaycan şairlərini mütaliə etdiyini, tariximizi araşdırdığını deyib və Azərbaycanın türk xalqının ürəyində özəl bir yeri olduğunu qeyd edib. Heydər Əliyevin "İki dövlət - bir millət" siyasətinin dərin məna daşıdığını deyən H.A.Karslıoğlu böyük siyasətçini şəxsən tanıdığını, hələ sovetlər dövründə onun Mərkəzi Komitənin Siyasi Bürosuna seçilən yeganə müsəlman olaraq öz kimliyini qorumağa çalışmasından, Azərbaycanı dili, mədəniyyətini saxlaması üçün göstərdiyi səylərdən söhbət açıb. O, ulu öndərin millətsevər, vətənsevər, mədəniyyətinə dəyər verən bir insan olmasının danılmaz olduğunu bildirib. O, Əliyevi xalqı və ölkəsinin rifahı üçün çalışan bir siyasətçi kimi qiymətləndirib. Böyükelçi çıxışının sonunda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edildiyi zaman Heydər Əliyevin ruhunun da rahatlıq tapacağını bildirib.

Tədbirdə çıxış edən Almaniya Türk-Azərbaycan Birliyinin sədri Hakkı Keskin Heydər Əliyevin başladığı yolun, apardığı siyasətin bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. O, Heydər Əliyevin Türkiyə Cümhuriyyəti ilə qurduğu siyasi münasibətlərə böyük dəyər verdiyini, türk xalqının Dağlıq Qarabağ məsələsinin həllində Azərbaycana dəstək olmasının vacibliyini qeyd edib.

Yubiley gecəsinin bədii hissəsində yerli və Almaniyada yaşayan azərbaycanlı müxtəlif janrlarda musiqilər ifa ediblər. Alman musiqiçi Sebastian Nettanın "Küçələrə su səpmişəm" xalq mahnısını alman dilində ifası alqışlarla qarşılanıb. Musiqiçilər bu mahnını və Müslüm Maqomayevin "Azərbaycan" əsərini xüsusi olaraq Azərbaycan mədəniyyətinin hamisi Heydər Əliyevin xatirəsinə ithaf ediblər.

Yubiley tədbirində Heydər Əliyevin xatirəsinə həsr edilmiş rəsm sərgisi də təşkil olunub. Türk Evinin foyesində Azərbaycan rəssamları Günay Şəmsiyeva, Məhəmməd Orucov, İsa Məmmədov və alman rəssamı Nizaket Sinanovskanın rəsmləri sərgilənib.

Tədbirdə Azərbaycan Diasporla iş üzrə Dövlət Komitəsinin nümayəndəsi Elnur Əliyev, Azərbaycan və Türkiyənin diplomatik nümayəndələri, alman, türk və Azərbaycan cəmiyyətlərinin təmsilçiləri və tələbələr də iştirak edib.

Xəbər lenti

Xəbər lenti