Azərbaycan, Bakı, 18 may /Trend, müxbir E. Tariverdiyeva/
Bakı-Qahirə münasibətləri Misirin Azərbaycanın müstəqilliyini tanımasının ilk illərindən etibarən başlayıb. Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev Misirin "Nile International" telekanalına müsahibəsində deyib.
Abdullayev bildirib: "Bizim möhkəm mədəni və tarixi əlaqələrimiz, həmçinin millətlərimizi birləşdirən bir çox ümumi cəhətlərimiz var".
Onun sözlərinə görə, iki ölkə arasında təkcə rəsmi siyasi münasibətlərdə deyil, habelə humanitar sahədə əlaqələrin inkişafı üçün böyük potensial mövcuddur.
Abdullayev deyib: "İkitərəfli münasibətlər baxımından bir çox şey etməliyik, lakin əsas odur ki, münasibətlərimizin necə inkişaf etməsilə bağlı ümumi anlayışımız və onları irəliyə aparmaq üşün siyasi iradəmiz var. Biz münasibətlərimizi daha yüksək səviyyəyə çatdırmaq üçün ictimai diplomatiyadan istifadə edə bilərik".
Onun sözlərinə görə, Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən zaman Misir Azərbaycanı dəstəkləyirdi.
O bildirib: "Biz Misirə Afrika qitəsinin və Yaxın Şərqin qapıları kimi baxırıq. Misir həqiqətən də Azərbaycan üçün vacib ölkədir".
XİN rəsmisi deyib ki, hazırda Azərbaycan Cənubi Qafqazda çox uğurlu regional siyasət yürüdür.
Onun sözlərinə görə, Azərbaycan Cənubi Qafqaz regionunun hərəkət edən qüvvəsidir və müşahidəçilər tərəfindən regionun qapıları kimi nəzərdən keçirilir.
Fələstin muxrtariyyətilə ilə bağlı sualı cavablandıran Abdullayev qeyd edib ki, bu məsələ müsəlman dünyasının əsas problemlərindən biridir.
Diplomat bildirib: "Azərbaycan iyunda Fələstin üzrə beynəlxalq donor konfransı keçirmək niyyətindədir. Bu konfransın məqsədi fələstinlilərə yardım üçün müsəlman ölkələrindən vəsaitlərin cəlb edilməsidir".
O deyib ki, Azərbaycan həmişə fələstinliləri dəstəkləyib və bu xalqa dəstək vermək üçün mümkün olan hər şeyi edir.
Abdullayev bildirib: "Hesab edirik ki, fələstinlilərin beynəlxalq ictimaiyyətin bərabərhüquqlu üzvləri olmalarına tam hüquqları var. Bu konfrans fələstinlilərin taleyi baxımından çox əhəmiyyətlidir. İslam Əməkdaşlıq Təşkilatının vacib üzvlərindən biri olan Misir bu layihəyə böyük töhfə verəcək".