Azərbaycan, Bakı, 23 may /Trend, müxbir A. Tağıyeva/
Bakı Türkiyənin və türk xalqının Qafqaza açılan pəncərəsidir. Trend-in cümə axşamı "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Avropa İttifaqı (Aİ) işləri üzrə naziri Egemen Bağış İstanbulda Avropa Azərbaycan Cəmiyyətinin ofisinin açılış mərasimində deyib.
Bağış bildirib: "Qarşılıqlı dəstək olduğu zaman Türkiyə və Azərbaycanın həll edə bilməyəcəyi heç bir problem yoxdur. Ölkələr problemlərin həlli üçün öz qüvvələrini əlaqələndirməlidirlər".
Onun sözlərinə görə, Brüsseldə Türkiyənin Aİ-yə üzv olması üzrə danışıqlarda Ankara Bakının dəstəyini hiss edir.
Nazir qeyd edib ki, iki ölkə arasında fitnə və fikirayrılığı yaratmaq istəyən qüvvələr var, lakin buna baxmayaraq, ölkələr qardaşlıq münasibətlərinə əsaslanaraq uğurlu əməkdaşlığı davam etdirirlər: "Yüz il bundan əvvəl baş vermiş hadisələri müzakirə etmək əvəzinə dünya ictimaiyyəti Xocalı hadisələrini, Azərbaycan torpaqlarının hələ də Ermənistanın işğalı altında olmasını müzakirə etməlidir. Lakin dünya ictimaiyyəti bu cinayətlər barədə susur".
Mərasimdə çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin sədri Taleh Heydərov qeyd edib ki, cəmiyyət beş il əvvəl Avropada yaradılıb: "Biz Dağlıq Qarabağ münaqişəsi barədə avropalı siyasətçilərə bəhs etmək istəyirik. Biz türk dostlarımızla birlikdə Azərbaycan və Türkiyə haqqında Avropada danışacağıq. Biz iki ölkə arasında dostluğun möhkəmləndirilməsi üçün hər şeyi edirik".