Azərbaycan, Bakı, 30 may /Trend, müxbir M.Əliyev/
Azərbaycanın işğal olunmuş ərazilərində mədəniyyət obyektləri dağıdılıb, vandalizm faktları yer alıb. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə axşamı Bakıda keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Çoxmədəniyyətli Dünyada Sülh Şəraitində Birgə Yaşama" mövzusunda panel iclasda çıxışı zamanı deyib.
Forum iştirakçılarının diqqətini Dağlıq Qarabağda dağıdılan mədəniyyət nümunələrinə yönəldən nazir bildirib ki, mədəni sərvətlərin və abidələrin qorunması olduqca vacibdir: "Mədəni irs qorunmalıdır və gələcək nəsillərə ötürülməlidir".
Məmmədyarov həmçinin qeyd edib ki, Azərbaycan tolerantlıq ənənəsini digər dünya ölkələri ilə bölüşməyə hər zaman hazırdır.