...

Prezidentliyə namizəd Qalibaf: İran xalqı ölkədə yaşayan azərbaycanlılara borculudur

Siyasət Materials 3 İyun 2013 12:11 (UTC +04:00)
İran prezidentliyinə namizəd Məhəmməd Baqir Qalibaf ötən gün Təbriz şəhərində çıxışı zamanı deyib ki, İran xalqı Azərbaycana borculudur.
Prezidentliyə namizəd Qalibaf: İran xalqı ölkədə yaşayan azərbaycanlılara borculudur

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir T.Cəfərov/

İran prezidentliyinə namizəd Məhəmməd Baqir Qalibaf ötən gün Təbriz şəhərində çıxışı zamanı deyib ki, İran xalqı ölkədə yaşayan azərbaycanlılara borcludur. Bu barədə Trend ISNA agentliyinə istinadən məlumat verir.

Qalibaf bildirib ki, əgər insaflı olsaq və Məşrutə dövründən indiyədək Azərbaycan tarixinə nəzər salsaq görərik ki, İran xalqı ölkədə yaşayan azərbaycanlılara borcludur.

Qalibaf həmçinin deyib ki, prezident seçilərsə, konstitusiyanın İrandakı milli və etnik azlıqların hüquqları haqqında bütün tələblərini yerinə yetirəcək.

Məlumata əsasən, Qalibaf birbaşa konstitusiyanın 15-ci və 19-cu maddələri (İranda yaşayan bütün xalqların öz dillərində təhsil alma hüququ tanınır) barədə danışmasa da deyib ki, prezident seçilərsə, ilk gündən konstitusiyanın İranda yaşayan bütün xalqlar barədəki tələblərini həyata keçirəcək.

Mayın 26-da İranda qarşıdakı seçkilərdə prezidentliyə digər namizəd Möhsün Rzayi də söz vermişdi ki, prezident seçilsə, Konstitusiyanın İrandakı bütün milli azlıqların öz dillərində təhsil almasını nəzərdə tutan 19-cu və 15-ci maddələrini icra edəcək.

Qeyd edək ki, hər dəfə İranda prezident seçkiləri öncəsi konstitusiyanın bu iki maddəsinin icrası namizədlərin əsas təbliğat şüarlarına çevrilsə də, indiyədək bu məsələ ilə bağlı önəmli addımlar atılmayıb.

Qalibaf Təbrizdəki çıxışı zamanı Urmiya gölünün qorunması məsələsi ilə bağlı da danışıb və bildirib ki, gölün quruması ötən illər ərzində idarəetmənin zəifliyi nəticəsində baş verib.

Qeyd edək ki, Urmiya gölünün suyunun üçdə iki hissəsi artıq quruyub. Beynəlxalq təşkilatlar və iranlı ekspertlər Urmiya gölünün qurumasını ekologiyaya böyük təhlükə hesab edirlər.
Urmiya gölünün sahəsi təxminən 6 min kvadratkilometrdir. Köçəri quşlar miqrasiya zamanı bu göldən fasilə məntəqəsi kimi istifadə edir. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Əhmədinejad hökuməti iki il öncə bu gölün qurumasının qarşısını almaq məqsədi ilə 950 milyon dollar vəsait ayırıb. Ətraf mühit məsələləri üzrə mütəxəssislər qeyd edirlər ki, gölün xilası üçün İran hökumətinin gördüyü tədbirlər hələ ki, kifayət deyil.

Xatırladaq ki, sahəsi 5200 kvadrat kilometr olan Urmiya duzlu göl kimi böyüklüyünə görə dünyada üçüncüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti