...

Azərbaycan və Gürcüstan arasında miqrasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Siyasət Materials 21 İyun 2013 16:46 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Gürcüstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidzeni qəbul edib.
Azərbaycan və Gürcüstan arasında miqrasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan, Bakı, 21 iyun /Trend/

Azərbaycan Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidzeni qəbul edib. Bu barədə Trend-ə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Qonağı səmimi salamlayan Xidmət rəisi F.Nəbiyev ölkədə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, Dövlət Miqrasiya Xidmətinın yaranması, fəaliyyəti, qarşıya qoyulan məqsədlər və qısa müddət ərzində görülmüş işlər, əldə olunmuş nəticələr barədə ətraflı məlumat verib. Miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi, ölkənin Miqrasiya Məcəlləsinin qəbulu haqqında bəhs edən DMX rəisi bildirib ki, Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində qanuni əsaslarla yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsi, onların yaşayış yeri üzrə qeydiyyata alınması prosedurunun sadələşdirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilir.

Səmimi qəbula görə təşəkkür edən səfir T. Şaraşenidze Azərbaycan ilə Gürcüstan siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Səfir ölkədə olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı tətbiq edilən yeni qaydaları yüksək qiymətləndirib və bunun Azərbaycana təşrif buyuran əcnəbilərin rahatlığı üçün böyük töhfə olduğunu söyləyib. Səfir, həmçinin iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın inkişafının vacibliyini vurğulayıb.

Görüşdə tərəflər arasında qarşılıqlı əməkdaşlıq və miqrasiya sahəsində maraq kəsb edən məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti