...

Novruz Məmmədov: Azərbaycan bir çox islahatlar həyata keçirib və demokratik prinsiplərlə idarə olunur

Siyasət Materials 4 İyul 2013 15:13 (UTC +04:00)
PA rəsmisi bildirib ki, Azərbaycan vətəndaş cəmiyyətinin qurulması və demokratik inkişafının təmini istiqamətində çalışır.
Novruz Məmmədov: Azərbaycan bir çox islahatlar həyata keçirib və demokratik prinsiplərlə idarə olunur

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir S.Əhmədova/

Azərbaycan bir çox islahatlar həyata keçirib və demokratik prinsiplərlə idarə olunur. Trend-in məlumatına görə, bunu cümə axşamı Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) Londonda "Siyasi gündəliyin əhatəsini genişləndirmək: Britaniya və Azərbaycan münasibətləri Avropa kontekstində" mövzusunda keçirdiyi konfransda çıxışı zamanı bildirib. Məlumatı SAM-ın mətbuat xidməti yayıb.

PA rəsmisi bildirib ki, Azərbaycan vətəndaş cəmiyyətinin qurulması və demokratik inkişafın təmini istiqamətində çalışır: "50-dən çox siyasi partiyanın qanunverici və yerli bələdiyyə orqanlarında təmsil olunaraq ölkənin siyasi həyatında iştirak etmək imkanı var. Azərbaycan bütün dünya ölkələri, hətta Avropa üçün nümunəvi ola biləcək ideal və tolerant cəmiyyət yarada bilib".

Məmmədov çıxışında Azərbaycana olan ədalətli tənqidi normal qarşıladığını bildirib: "Yalnız ədalətli tənqid əməkdaşlığa xidmət edə və müxtəlif təhlükə və çağırışları aradan qaldırmağa şərait yarada bilər. Lakin biz hesab edirik ki, tənqid qərəzli və ədalətsiz olmamalıdır, xalqlara ayrı-seçkilik tətbiq edilməməlidir".

Məmmədovun sözlərinə görə, insan hüquqları və demokratiya sadəcə iqtidar-müxalifət kontekstində saxlanılır: "Bəs, Azərbaycanda olan qaçqın və məcburi köçkünlərin hüquqları haqqında niyə danışmırlar, məgər onlar müdafiə olunmağa layiq deyillərmi?"

Məmmədov bildirib ki, Avropa Parlamentinin 754 üzvündən 15-20-nün səs verdiyi məsələ Avropa Parlamentinin qətnaməsi kimi təqdim olunur. Nəticədə Avropa Parlamenti üzvlərinin mütləq əksəriyyətinin hüquqlarından sui-istifadə edir: "Bu, demokratiya prinsiplərinə ziddir. Statistika göstərir ki, Britaniya mətbuatında üç ay ərzində özlərini blogger kimi təqdim edən iki gənc azərbaycanlının cinayət əməlləri haqqında yazılan yazılar ötən 20 il ərzində Dağlıq Qarabağ problemi haqqında yazılan yazıların sayından çoxdur".

PA rəsmisi bildirib ki, müstəqilliyin ilk illərindən bəri Avropa ilə sıx əməkdaşlıq və inteqrasiya yolunu seçən Azərbaycan Respublikası bütün problemləri həll edərək və güclü təzyiqlərlə üzləşməsinə baxmayaraq strateji əhəmiyyətli böyük layihələr həyata keçirməyə, Şərq və Qərb arasında siyasi, iqtisadi, mədəni, enerji və nəqliyyat körpüsü olmağı bacarıb: "Bunları nəzərə alaraq, siyasi, iqtisadi, mədəni, dini, geosiyasi və digər nöqteyi-nəzərdən Qərbin Azərbaycana münasibətini ədalətli, yaxşı düşünülmüş və əsaslandırılmış mövqe kimi qəbul etmək çətindir".

Məmmədov, həmçinin Azərbaycanın Avropa İttifaqı və NATO ilə sıx əməkdaşlığını vurğulayıb. PA rəsmisinin fikrincə, bu əməkdaşlıq beynəlxalq koalisiya çərçivəsində Kosova və İraqdakı sülhməramlı əməliyyatlara öz töhfəsini verib. Onun sözlərinə görə, Azərbaycan müxtəlif layihələrə yardım göstərərək hərbi kontingenti və digər vasitələrlə Əfqanıstandakı proseslərdə iştirak edir. Bu gün yüklərin üçdə birindən çoxu Azərbaycan vasitəsilə Əfqanıstana göndərilir.

Məmmədov bildirib ki, qlobal proseslər artıq Azərbaycanın ölkə kimi gələcək onilliklərdə öz əhəmiyyətini artıracağını nümayiş etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti