...

Elmar Məmmədyarov avropalı səfirlərlə görüşüb (FOTO)

Siyasət Materials 4 İyul 2013 18:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyul /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə Konfederasiyasının ölkəmizə yeni təyin olunmuş səfiri Paskal Obişeri qəbul etmişdir.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir Elmar Məmmədyarov Paskal Obişeri ölkəmizə səfir təyin olunması münasibətilə təbrik etmiş və ona gələcək fəaliyyətində uğurlar arzulamışdır. Ölkələrimiz arasındakı əlaqələrin inkişafından məmnunluğunu bildirən nazir yeni təyin olunmuş səfirin fəaliyyətinin iki ölkə arasındakı münasibətlərin daha da inkişafına töhfə verəcəyini əminliklə ifadə etmişdir.

Səfir Paskal Obişer ölkəmizə səfir təyin olunmasından məmnunluğunu ifadə etmişdir. Azərbaycanla İsveçrə arasında əməkdaşlığın daha da genişlənməsində maraqlı olduğunu qeyd edən səfir diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasındakı münasibətlərin genişləndirilməsi istiqamətində səylər göstərəcəyini bildirmişdir.

Xarici işlər naziri Elmar Məmmədyarov İtaliyanın ölkəmizdəki səfiri Mario Baldinini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafından məmnun olduğunu bildirmiş və səfir Mario Baldiniyə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfəyə görə təşəkkür etmişdir. Nazir, həmçinin italiyalı diplomata gələcək diplomatik fəaliyyətində uğurlar arzulamışdır.

İtaliyanın səfiri Mario Baldini Azərbaycan-İtaliya münasibətlərinin müxtəlif sahələrdə daha da genişləndirilməsi üçün potensialın olduğunu qeyd edərək, ölkəmizdən xoş təəssüratlarla ayrıldığını qeyd etmişdir.

Görüşdə ortaq maraq kəsb edən digər məsələlər də müzakirə edilmişdir.

Elmar Məmmədyarov, həmçinin Belçika Krallığının ölkəmizdəki səfiri Luk Truyensi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Nazir Elmar Məmmədyarov Azərbaycan-Belçika ikitərəfli əməkdaşlığının mövcud səviyyəsindən məmnun olduğunu qeyd edərək, ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün imkanların olduğunu bildirmişdir. Nazir belçikalı diplomata gələcək diplomatik fəaliyyətində uğurlar arzulamışdır.

Belçika Krallığının səfiri Luk Truyens, öz növbəsində, iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün potensialın olduğunu vurğulamış və ölkəmizdən xoş təəssüratlarla ayrıldığını qeyd etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti