Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir S.Ağayeva/
Azərbaycan və Kolumbiya arasında yaxşı münasibətlər mövcuddur. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Kolumbiyanın xarici işlər naziri Maria Anxela Olqin azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi görüşdən sonra deyib.
Nazir bildirib: "Bu gün Azərbaycan Prezidenti ilə keçirdiyim görüşdə Kolumbiya dövlət başçısının ölkəyə səfər dəvətini İlham Əliyevə çatdırdım".
Olqinin sözlərinə görə, Bakıya səfərinin əsas məqsədi iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi məsələlərinin müzakirəsi, əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi, Kolumbiyanın neft sahəsinə investorların cəlb edilməsi və digər məsələlərdir.
Nazir ölkəsinin Azərbaycana daha yaxın olmaq istəyini qeyd edib.
Onun sözlərinə görə, iki ölkənin iş adamlarının biznes forumunun keçirilməsi barədə razılıq əldə edilib.
Olqin deyib: "Azərbaycan enerji sahəsində nou-hauya malikdir. Və biz hesab edirik ki, bu sahədə əməkdaşlıq hər iki tərəf üçün faydalı ola bilər".
Nazirin sözlərinə görə, iki ölkə arasında əməkdaşlığın digər maraqlı sahəsi iqtisadiyyat ola bilər. Nazir, həmçinin Kolumbiyanın GUAM ilə əməkdaşlıq niyyətləri barədə məlumat verib.