...

AXCP İsa Qəmbərin namizədliyini dəstəkləyəcəyini düşünmür

Siyasət Materials 12 İyul 2013 14:46 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rüstəm İbrahimbəyov Azərbaycana gəlməyəcəyi halda Müsavat Partiyasının başqanı İsa Qəmbərin namizədliyini dəstəkləmək haqqında düşünmür.
AXCP İsa Qəmbərin namizədliyini dəstəkləyəcəyini düşünmür

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rüstəm İbrahimbəyov Azərbaycana gəlməyəcəyi halda Müsavat Partiyasının başqanı İsa Qəmbərin namizədliyini dəstəkləmək haqqında düşünmür.

AXCP sədrinin müavini Nurəddin Məmmədli Trend-ə bildirib ki, bununla bağlı müzakirələr getmir, bu məsələ ümumiyyətlə gündəmdə yoxdur: "Milli Şuranın öz prinsipləri var və o prinsiplər də konkret Milli Şuranın lideri, vahid namizədi tərəfindən ifadə olunub. Biz bu mövqeyi yeganə düzgün mövqe kimi dəyərləndiririk".

Məmmədli təmsil etdiyi partiyanın vahid namizəd məsələsində mövqeyinin Rüstəm İbrahimbəyovun mövqeyi ilə tamamilə üst-üstə düşdüyünü deyib: "Ona görə də onun irəli sürdüyü şərtlərə heç bir əlavəmiz yoxdur. Biz həmin mövqeyi dəstəkləyirik və AXCP-də bütün fəaliyyət vahid namizədimizin irəli sürdüyü prinsiplərə əsaslanır".

O vurğulayıb ki, Milli Şuranın bir namizədi olmalı idi, Rüstəm İbrahimbəyovun namizədliyi irəli sürüldü və AXCP də onu dəstəkləyir.

Qeyd edək ki, Milli Şuranın sədri və namizədi Rüstəm İbrahimbəyov Milli Şura üzvlərinə müraciətində qeyd edib ki, demokratik qüvvələr seçkiyə vahid namizədlə getməlidir, hətta həmin namizədin qeydiyyata alınmasından imtina ehtimalının olduğu variantda belə, demokratik düşərgədən ikinci namizəd irəli sürülməməlidir. Bu təkliflər bağlı Milli Şura daxilində ciddi fikir ayrılığı yaranıb. Müsavat Partiyası isə hansısa fors-major hadisəsini nəzərə alaraq İsa Qəmbərin namizədliyinin irəli sürülməsi barədə qərarını qüvvədə saxlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti