...

Prezident İlham Əliyev: Azərbaycanın ən böyük sərvətlərindən biri də ölkədə bütün xalqların, bütün dinlərin nümayəndələrinin bir ailə kimi yaşamasıdır (FOTO)

Siyasət Materials 25 İyul 2013 23:58 (UTC +04:00)
İyulun 24-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar mərasimi təşkil etmişdir.
Prezident İlham Əliyev: Azərbaycanın ən böyük sərvətlərindən biri də ölkədə bütün xalqların, bütün dinlərin nümayəndələrinin bir ailə kimi yaşamasıdır (FOTO)

Azərbaycan, Bakı, 25 iyul /Trend/

İyulun 24-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar mərasimi təşkil etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iftar mərasimində iştirak etmişdir.

İftar mərasimi Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başladı.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib:

- Bismillahir-rəhmanir-rəhim! Möhtərəm cənab Prezident İlham Əliyev həzrətləri! Hörmətli din xadimləri, səfirlər, əziz qonaqlar! Müqəddəs Ramazan ayının mübarək günlərində sizləri İftar mərasimində salamlayır, dəvətimi qəbul etdiyinizə görə cənablarınıza Allahdan xoş arzularımı diləyirəm. Müqəddəs Qurani-Kərimin nazil olduğu Ramazan ayının fəzilətləri böyükdür. Allah-Təalanın mərhəmət və lütfünün ən yüksək dərəcədə təzahür etdiyi bu məqamda müxtəlif din və millət mənsublarının müqəddəs İftar süfrəsi ətrafında toplaşması olduqca önəmlidir. Belə bir ayda din və dövlət xadimlərinin bir araya gəlməsi, xüsusilə, Zati-alilərinin bu mübarək gecədə bizimlə birlikdə olması ölkəmizdəki tolerantlığın, dövlətimizin milli mənəvi dəyərlərə yüksək ehtiramının nümunəsidir.

Bu gözəl ənənənin bünövrəsini unudulmaz şəxsiyyət ulu öndər Heydər Əliyev həzrətləri qoymuşdur. Ulu Öndərin möhkəm təməl üzərində qurduğu ölkəmiz bütün sahələrdə yeni uğurlar qazanmaqdadır. Bu irəliləyişi təmin edən o nurlu yolun davamçısı Prezident İlham Əliyev həzrətləridir.

Cənab Prezident! Sizin hər il bu müqəddəs ayda İftar mərasiminə təşrif buyurmağınız, müsəlman dövlətlərinin səfirləri ilə görüşməyiniz dünyada analoqu olmayan bir ənənədir. Ötən bir il ərzində ölkəmizdə aparılan davamlı quruculuq işlərinin bütün sahələr kimi, mənəviyyat sahəsini də əhatə etməsi məni və dindarları çox sevindirir. İlin çoxsaylı əlamətdar hadisələri sırasında məscid və ziyarətgahların, kilsə və sinaqoqların dövlətimizin başçısı və Heydər Əliyev Fondunun dəstəyi ilə təmir və bərpa işlərini sadalamaq istərdim.

Buna misal olaraq, Azərbaycanda ən qədim ibadətgah olan Şamaxı Cümə məscidinin tamamilə yenidən qurulmuş möhtəşəm binasının dindarların istifadəsinə verilməsini, Bakıda ən böyük məscid binasının təməlinin qoyulmasını, Qəbələdə, Sumqayıtda məscidlərin təntənəli açılışlarını, Gəncədə İmamzadə kompleksində bərpa işlərinin ən yüksək şəkildə davam etdirilməsini, Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyası üçün yeni inzibati binanın inşasını, Bakı Sinaqoquna dini ehtiyaclar üçün əlavə ərazinin ayrılmasını, Azərbaycan müstəqillik qazandıqdan sonra buraya ilk dəfə müqəddəs Tövrat nüsxəsinin gətirilməsini və digər məqamları sadalamaq olar.

Zati-aliləri! Siz Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarının keçirilməsinin təşəbbüskarı olmaq iradəsini nümayiş etdirdiniz. Bu yaxınlarda Bakı artıq sayca ikinci Foruma ev sahibliyi etdi. Mən qürur duyuram ki, Siz təkcə ölkə deyil, dünya miqyasında mədəni, mənəvi dəyərlərə dəstək verir, dünyada müxtəlif mədəniyyətlərin dinc birgə yanaşı yaşaması ideyasını, multikulturalizmi fəal müdafiə edirsiniz. Siz bəşəri dəyərlərlə bir araya sığmayan islamofobiya hallarına qarşı hər zaman kəskin etirazınızı bildirir, müqəddəs dinimizin adının terrorla yanaşı çəkilməsinə, Quranın yandırılması və bu kimi hallara qarşı qətiyyətli mövqe nümayiş etdirirsiniz. Müsəlman ölkələrində tez-tez səfərdə olan şəxs kimi xüsusi vurğulamaq istərdim ki, gənc, müstəqil Azərbaycan dövlətinin liderinin İslam həmrəyliyi məsələlərinə bu qədər böyük önəm verməsi, müqəddəs dinimizin sülhsevər mahiyyətinin dünya miqyasında təbliği istiqamətində səyləri İslam dünyasında böyük əks-səda verir və ölkəmizin nüfuzunu daha da artırır. Təsadüfi deyildir ki, Zati-aliləri, Siz beynəlxalq miqyasda onilliyin dövlət başçısı olaraq dəyərləndirilirsiniz.

Ümumiyyətlə, Zati-alilərinizin təşəbbüsləri və hörmətli Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun layihələri sayəsində Azərbaycan mədəni-mənəvi və dini dəyərlərə ehtiram məkanına çevrilmişdir. Din xadimi olaraq, bütün görülən işlərə görə, Sizə, cənab Prezident və Fondun rəhbəri Mehriban xanıma minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycanda keçirilən mötəbər tədbirlərin sayı və miqyası ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun artmasından qaynaqlanır və dünya birliyinin Azərbaycana verdiyi önəmin göstəricisidir. Məsələn, bu yaxınlarda keçirdiyimiz MDB Müsəlmanları Məşvərət Şurasının Bakı konfransı zamanı Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoq işinə verdiyi töhfənin bütün dünya üçün nümunə sayıla biləcəyi bəyan edildi.

Zati-aliləri! Azərbaycan tarixən müxtəlif mədəniyyətlər arasında mədəni, mənəvi körpü olmuşdur. Bu gün də Sizin müəllifi olduğunuz "Bakı prosesi" sayəsində Azərbaycan Şərq və Qərb mədəniyyətini, mənəviyyatını bir araya gətirmək iqtidarını nümayiş etdirir. Bəli, Azərbaycan inkişaf edir, ölkəmiz abadlaşır, nəinki paytaxt Bakı, bütün bölgələr də gözəlləşir, müasirləşir. İstər bu yaxınlarda ziyarət etdiyim Naxçıvanın 2018-ci ilin İslam mədəniyyəti paytaxtı, istərsə də Qəbələnin MDB-nin mədəniyyət paytaxtı seçilməsi aparılan böyük quruculuq işlərinin, dini-mənəvi irsə qayğının məntiqi nəticəsidir. Hamımız bir vətəndaş kimi müstəqilliyimizin qorunması, torpaqlarımızın işğaldan azad olunması naminə dövlətimizin başçısının ətrafında sıx birləşməli, milli vəhdətə nail olmalıyıq.

Zati-aliləri! Allahın lütfüdür ki, Azərbaycanda ulu öndər Heydər Əliyevdən başlayaraq dövlət rəhbəri ilə din rəhbəri arasında qarşılıqlı ehtiram və sonsuz etimad mühiti formalaşmışdır. Ulu Öndərlə münasibətlərimizdəki dostluq, qardaşlıq və səmimiyyət, nəticə etibarilə, müstəqillik dövrünə qədəm qoyduğumuz zamanlarda xalqımızın milli mənəvi dəyərlərinin dirçəldilməsinin bünövrəsini qoymuşdur.

Bizim Ulu Öndərlə səmimi münasibətlər zəminində açıq fikir mübadilələrimiz, məsləhətləşmələrimiz bir çox problemlərin həllinə vəsilə olmuşdur. Şükürlər olsun ki, dövlət və din münasibətlərinin yüksək səviyyəsinə dəlalət edən bu zəngin təcrübə bu gün Azərbaycanda Zati-alilərinizin iradəsi ilə davam edir. Şəxsiyyətin bütövlüyündən irəli gələn və Ulu Öndərdə müşahidə etdiyim nəcib xüsusiyyətləri Zati-alilərinizdə görmək olduqca xoşdur. Səmimi münasibətlərimiz mənim üçün olduqca dəyərlidir və ümummilli mənafelərimizə xidmət edir. Bütün bunlara görə Sizə və ailənizə təşəkkür edirəm.

Möhtərəm cənab Prezident! Bu müqəddəs günlər ruhların şad olan günləridir. Bu yaxınlarda 90 illiklərini qeyd etdiyimiz ulu öndərimiz Heydər Əliyevə və onun ömür-gün yoldaşı Zərifə xanıma Allah-Təaladan rəhmət diləyirəm.

Əlbəttə, Xocalı qətliamının soyqırımı kimi tanınması yönündə uğurlar Azərbaycan dövlətinin beynəlxalq aləmdə böyük nailiyyəti olmaqla bərabər şəhidlərimizin ruhlarını şad edən məqamlardandır. Allah şəhidlərimizə rəhmət etsin! Bu əziz günlərdə Allahdan arzumuz budur ki, Qarabağ torpaqları Sizin rəhbərliyinizlə tezliklə azad olunsun, ölkəmizin ərazi bütövlüyü bərpa edilsin.

Möhtərəm cənab Prezident! Vədinizə sadiq qalaraq, bu əziz gündə bu məclisə təşrif buyurmağınız bizi sevindirir. Mən Zati-alilərinizə hər zaman layiq olduğunuz məqamda bərqərar olmağınızı Uca Allahdan diləyirəm. Gələn illərdə də bu məkanda iftar süfrələrində Sizinlə bir yerdə olmaq bizlərə nəsib olsun, inşallah. Bir daha Sizi və ailənizi qarşıdan gələn bayram münasibətilə təbrik edirəm.

Hamıya bir daha "Xoş gəlmisiniz" deyir, Allahdan məclis iştirakçılarına və xalqımıza xeyir-dualar diləyirəm! Amin! Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!

Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri Aleksandr xalqımıza ən xoş arzularını çatdıraraq deyib:

- Möhtərəm cənab Prezident. Möhtərəm şeyx həzrətləri. Hörmətli xanımlar və cənablar. İcazə verin, bütün müsəlmanları mömin insanların həyatında xüsusi dövr olan Ramazan ayı münasibətilə təbrik edim. Biz olduqca təlatümlü və qarışıq müasir həyatda yaşayırıq. Bu həyatda bizim dini mənsubiyyətimiz və dini vəzifələrimiz barədə düşünməyə həmişə imkan olmur. Xoşbəxtlikdən oruc tutmaq kimi elə bir vaxt gəlir və hər bir mömin insan anlamağa başlayır ki, o, zaman daxilində yaşasa da əbədiyyətə məxsusdur.

Bu il Azərbaycan üçün əlamətdardır. Bu il Heydər Əliyev ili kimi qeyd olunur. Bir tərəfdən onun anadan olmasının 90 illiyi, digər tərəfdən vəfatının 10 illiyi tamam olur. Böyük insanlar həyatdan gedəndə təxminən iki il qeyri-ixtiyari olaraq onun həyatı yaşadığı və çalışdığı istiqamətdə davam edir. Biz artıq 10 ildir ki, Heydər Əliyevin ölkənin inkişafı istiqamətində yaratdığı mühitdə yaşayırıq. Biz ölkənin iqtisadiyyatının, siyasi həyatının, mədəniyyətinin necə sürətlə inkişaf etdiyini görürük.

Amma mən din xadimi kimi iqtisadi, yaxud siyasi həyata qiymət verməli deyiləm. Mən cəmiyyətin dini mənzərəsi haqqında danışmalıyam. Din xalqın qəlbidir. Heydər Əliyev dərin imanlı insan kimi bunu yaxşı başa düşürdü. Məhz onun dövründə dini icmalar öz dini həyatının əsl azadlığını və inkişafını əldə etdilər. Ölkədə bu istiqamətdə xeyli iş görüldü. Biz dini məbədlərin, dini məktəblərin tikildiyini görürük. Bundan başqa, bir çox dini bayramların ümummilli və dövləti xarakter aldığını görürük. Eyni zamanda, müxtəlif siyasi qüvvələrin dindən öz məqsədləri naminə istifadə etməmələri üçün bütün tədbirlər görülüb. Bütün bunlara Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə nail olunub. Bundan əlavə, ölkədə əsl tolerantlıq mühiti yaranıb. Müxtəlif milli və dini baxışlara malik insanlar arasında qarşılıqlı hörmət yaranıb. Mən Heydər Əliyevin sözlərini təkrar etməkdən usanmıram: "Çoxmillətlilik bizim sərvətimizdir".

Lakin biz on il ərzində dini sahədə də xeyli dəyişikliklərin baş verdiyini görürük. Mən demək istərdim ki, ölkədə nəinki yüksək tolerantlıq səviyyəsinə nail olunub, həm də dinlərarası həyatda tamamilə yeni münasibətlər yaranıb. Biz dinlərarası dialoq adlanan səviyyəyə yaxınlaşmışıq. Bu mərhələdə dini icmalar müxtəlif mədəni və ictimai layihələri birlikdə həyata keçirirlər. Bu da artıq bizim Azərbaycanda gerçəkliyə çevrilib.

Çox hörmətli, cənab Prezident! Mən səmimi qəlbdən Sizi Ramazan ayı münasibətilə təbrik edirəm. Həm də tam əminəm ki, Siz bu istiqamətdə fəaliyyətinizi davam etdirəcək, Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsi, Azərbaycan xalqının daha firavan həyatı üçün var qüvvənizi sərf edəcəksiniz. Sizə bu yolda tükənməz qüvvə və Tanrının köməyini arzulayıram!

Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev çıxış edərək deyib:

- Müqəddəs Ramazan ayı on bir ayın sultanı, xeyir-bərəkət ayıdır. Buna görə də Ramazan ayının orucunun öz xüsusi hikmətləri vardır. Müqəddəs Qurani-Kərimin orucluğa aid hədislərinin birində deyilir ki, "Adəm oğlunun hər bir əməli özü üçündür, ancaq orucdan qeyri. O, Allah üçündür, əvəzini də Allah verir". Allah-Təala bütün tutduğunuz orucların, etdiyiniz duaların əvəzində sizə xoşbəxtlik və səadət bəxş etsin.

Biz dağ yəhudiləri uzun əsrlərdir ki, bu torpaqda məskunlaşmışıq. Uzun əsrlərdir ki, biz bu xalqla doğmalaşıb, qardaşlaşmışıq. Azərbaycan xalqı həmişə bizə dayaq olmuş və bir qalxana çevrilərək həmişə bizi bütün bəlalardan müdafiə etmişdir. Həmin bu qardaşlığın rəmzidir ki, Azərbaycanda yaşamış və indi bütün dünyada yayılmış dağ yəhudilərinin hər biri özünü hər vaxt, hər zaman azərbaycanlı sayır və Azərbaycanı öz Vətəni hesab edir. Bu qardaşlığın rəmzidir ki, möhtərəm cənab Prezidentin Sərəncamı ilə Bakıda gözəl bir sinaqoq tikilmişdir. Bu ibadətgah Azərbaycanda yaşayan dağ yəhudilərinə, ümumiyyətlə, bütün dünyaya yayılmış dağ yəhudilərinə möhtəşəm bir töhfədir. Həmin möhtəşəm töhfəyə görə Allah-Təalanın mənə verdiyi qismətdən istifadə edərək Prezident həzrətlərinə minnətdarlığımı bildirmək istəyirəm:

Alqış söyləyirik, Prezident, Sizə,
Qəşəng bir sinaqoq bəxş etdin bizə.
Doğmasan, əzizsən hər birimizə,
Dərin minnətdarıq, Prezident, Sizə.

Odlar Yurdumuzun mətin oğlusan,
Heydər məktəbinin davamçısısan.
Vətənə, xalqına arxa-dayaqsan,
Dərin minnətdarıq, Prezident, Sizə.

Xalqların yaşayır indi dinc, rahat,
Yaşayış yüksəlir hər gün, hər saat.
Xalqın üçün daim yaşa, qur, yarat,
Dərin minnətdarıq, Prezident, Sizə.

Hər eldən, obadan Sizə var salam,
Hamının qəlbində Sizədir inam.
Humanist Prezident, mehriban insan,
Dərin minnətdarıq, Prezident, Sizə.

Həmin bu minnətdarlığın davamı olaraq mən Ulu Öndərin bizim xalq üçün bir qalxana çevrilmiş kəlamını Sizin diqqətinizə çatdırmaq istərdim: "Yəhudilər Azərbaycanda tam əmin-amanlıq şəraitində yaşaya bilərlər". Bəli, bu əmin-amanlığın nəticəsidir ki, yəhudilər əsrlər boyu Azərbaycanda yaşamış, yaşayır, yaşayacaqlar.

Bu məqamda Ulu Öndərin daha bir kəlamını xatırlatmaq istərdim ki: "Tolerantlıq yüksək mədəniyyətin təzahürüdür". Bəli, yüksək mədəniyyətin təzahürü odur ki, Azərbaycanda yaşayan bütün xalqlar öz milli adət-ənənələrini, milli mənəvi dəyərlərini saxlayaraq dinc, sakit və mehriban yaşayırlar.

Möhtərəm Prezident həzrətləri. Şeyx həzrətləri. Möhtərəm qonaqlar. Mənim qismətimə bu gün bu müqəddəs Ramazan ayının təbriki düşüb. Hamınıza Ulu Tanrıdan cansağlığı, ailələrinizə səadət, süfrələrinizə bol ruzi, bərəkət, xalqımıza sülh və əmin-amanlıq arzulayıram. Allah-Təaladan arzum budur ki, yaxın zamanlarda doğma Qarabağımızda Azərbaycanın dövlət bayrağı dalğalansın, gələn Ramazan bayramını doğma Qarabağda keçirək. Allah-Təala bu gözəl günlərdə cəmi şəhidlərimizin ruhunu şad etsin. Allah-Təala Azərbaycanı qorusun. Allah-Təala hamınıza yar olsun.

Azərbaycandakı Katolik kilsəsinin baş keşişi Vladimir Fekete çıxış edərək deyib:

- Əlahəzrət cənab Prezident İlham Əliyev. Əlahəzrət şeyxülislam Allahşükür Paşazadə. Hörmətli xanımlar və cənablar. Mən xoşbəxtəm ki, hörmətli şeyx bizi bu il də müqəddəs Ramazan ayı münasibətilə keçirilən bu tədbirdə və Ramazan ayının sonunda keçiriləcək böyük "Ədl-fitrə" bayramında birlikdə iştiraka dəvət edib. İlk növbədə, mən bizim hörmətli şeyxə bu gözəl binada bizə göstərdiyi qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm. Biz dəfələrlə bu qonaqpərvərliyin şahidi olmuşuq.

Möhtərəm şeyxülislam! Azərbaycanın bütün katolikləri adından sizə ən xoş arzularımı bildirirəm. Ulu Tanrı sizi və sizin ailənizi qorusun! Bu gözəl ölkənin bütün sakinlərinin həyatında dini dözümlülük və əməkdaşlıq ideyalarının möhkəmləndirilməsi istiqamətində fəaliyyətinizdə Tanrı yardımçınız olsun.

Şəxsən mənim üçün çox fərəhlidir ki, bu fürsətdən istifadə edərək Azərbaycanda və xaricdə yaşayan katoliklər adından, cənab Prezident, xüsusilə Sizə dərin ehtiram və minnətdarlıq duyğularımı ifadə edim. Bu axşam burada dəfələrlə deyildiyi kimi, Siz dini dözümlülüyün və mərhum atanız, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müdrik siyasətin qarantısınız. Sizin rəhbərliyiniz altında bu siyasət davam edir və möhkəmlənir.

Zati-aliləri, biz Sizin və hökumətinizin ölkənin modernləşdirilməsi, zəngin mədəniyyətinizin və tarixi-mədəni irsinizin qorunub saxlanması istiqamətində fəaliyyətinizi dəstəkləyirik. Mən Sizə əsrlər boyu Azərbaycan ərazisində mövcud olmuş bu ölkənin ənənəvi icmalarına göstərilən köməyə və dəstəyə görə minnətdarlığımı bildirirəm.

Azərbaycan katolikləri kiçik icmadır. Hərçənd bu icma Azərbaycanın inkişafına kömək etmək istəyən əcnəbilər hesabına son vaxtlar genişlənməkdədir. Biz dua edirik ki, Azərbaycanda həyat gələcəkdə də sülh və əmin-amanlıq şəraitində davam etsin. Qoy, İlahi qanunlara riayət və hər bir insanın ləyaqətinə hörmət bizim ölkəmizin tərəqqisinə və inkişafına xidmət etsin.

Əlahəzrət möhtərəm Prezident. Hörmətli şeyxülislam. Hörmətli qonaqlar. İcazə verin, bir daha hamınıza Ramazan ayı münasibətilə möhkəm cansağlığı, Tanrı köməyi və bütün müsəlman qardaşlarımıza əmin-amanlıq, sülh və tərəqqi arzulayım.

Azərbaycan Prezidenti İlham Əliyev iftar mərasimində çıxış edib: "Hörmətli şeyx həzrətləri. Hörmətli din xadimləri. Xanımlar və cənablar. Əziz dostlar. İlk növbədə, şeyx həzrətləri, mənim haqqımda dediyiniz xoş sözlərə görə sizə minnətdaram. Eyni zamanda, digər çıxışlarda səslənən fikirlərə görə də minnətdarlığımı bildirmək istəyirəm. Əslində, bu çıxışlar və səslənən bu fikirlər bir daha bizim birliyimizi Azərbaycan cəmiyyətinin birliyini göstərir. Bizim birliyimiz reallıqdır. Müstəqil Azərbaycanın ən böyük sərvətlərindən biri də ondan ibarətdir ki, Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri rahat, bir ailə kimi yaşayırlar, bütün hüquqlardan istifadə edirlər. Heç vaxt Azərbaycan tarixində dini, milli zəmində ayrı-seçkilik, yaxud da qarşıdurma olmamışdır və əminəm ki, olmayacaqdır".

Dövlət başçısı qeyd edib ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycanda yaşayan bütün xalqlar bir yerdə olmuşlar və bugünkü mərasim bunun əyani sübutudur. Əminəm ki, bundan sonra da Azərbaycanda millətlərarası, dinlərarası münasibətlər bu sağlam zəmində inkişaf edəcək və bizim birliyimiz, gücümüz artacaqdır. Bu gün Azərbaycan güclü dövlətdir və bizim gücümüz təkcə iqtisadi nailiyyətlərlə ölçülmür. Cəmiyyətimizin çox sağlam dayaqları vardır. Bu dayaqlar tarix, dərin mənəviyyat, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək üzərində qurulubdur. Hesab edirəm ki, bizim təcrübəmiz bir nümunə olaraq artıq dünyada öyrənilir. Azərbaycanda vaxtaşırı keçirilən mötəbər beynəlxalq tədbirlər, xüsusilə dini və milli dözümlülüklə bağlı olan tədbirlər bir daha bunu göstərir, müxtəlif bölgələrdən, diyarlardan gələn qonaqlar vurğulayırlar ki, Azərbaycanda bu münasibətlər ən yüksək səviyyədə qurulmuşdur:

"Bizim üçün isə bu, təbiidir. Çünki bu, bizim həyat tərzimizdir, başqa cür ola da bilməz. Ancaq bəzi hallarda başqa ölkələrdə yaşanan olaylara nəzər salaraq görürük ki, heç də hər yerdə belə deyildir. Ona görə bir daha əldə edilmiş bütün bu nailiyyətləri düzgün təhlil edərək deyə bilərik ki, bu, bizim böyük sərvətimizdir, böyük xoşbəxtliyimizdir. Biz bu dəyəri qorumalıyıq və qoruyacağıq. Dövlət öz tərəfindən öz üzərinə düşən vəzifələri icra edir. Çox şadam ki, bütün dini icmalar, dini konfessiyalar da bu sahədə vahid mövqedən çıxış edirlər.

Bugünkü iftar mərasimimiz ənənəvi xarakter daşıyır. Mən artıq onuncu dəfədir ki, Prezident kimi bu mərasimdə iştirak edirəm. Bu ənənəni ulu öndər Heydər Əliyev və şeyx həzrətləri qoymuşlar. Artıq şeyx həzrətləri dediyi kimi, bu da nadir bir təcrübədir. Çünki Azərbaycanda din-dövlət münasibətlərinin düzgün istiqamətdə inkişafı üçün bu mərasimlər çox lazımdır. Hər bir sahədə olduğu kimi, Ulu Öndərin o cümlədən bu sahədə qoyduğu ənənələr yaşayır, davam edir".

İlham Əliyev bildirib ki, din-dövlət münasibətlərinin düzgün zəmində qurulması hər bir dövlət, xüsusilə gənc dövlətlər üçün önəmlidir. Xüsusilə tam başqa bir ictimai quruluşda, ateizm şəraitində yaşamış dövlət üçün bu münasibətlər demək olar ki, sıfırdan qurulmalı idi və quruldu da. Əlbəttə ki, bu münasibətlərin düzgün istiqamətdə inkişafı bizim gücümüzü daha da artırdı, cəmiyyətdə mövcud olan sağlam ab-havanı və gələcək üçün gözəl imkanları yaratdı. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu, bizim böyük sərvətimizdir. Biz bu sərvəti qoruyuruq və qoruyacağıq. Ulu öndər Heydər Əliyevin bu sahədəki təşəbbüsləri xalq tərəfindən, dindarlar tərəfindən yüksək qiymətləndirilmişdir:

"Şeyx həzrətlərinin fəaliyyətini xüsusilə vurğulamaq istəyirəm. Şeyx həzrətlərinin Azərbaycanda, Qafqazda çox böyük hörməti vardır. Mən Şimali Qafqaz respublikalarının müftiləri ilə vaxtaşırı görüşlər əsnasında bir daha görürəm ki, şeyx həzrətlərinə nə qədər böyük inam və hörmət vardır. Şeyx həzrətləri nəinki Qafqazda, MDB məkanında tanınmış dini liderdir. Təsadüfi deyil ki, o, MDB Dinlərarası Əlaqələndirmə Şurasına həmsədrlik edir. Dünya miqyasında, bizim bölgədə şeyx həzrətlərinin fəaliyyəti çox uğurludur və dövlətimizin maraqlarını təmin edir. Bax bu nadir vəziyyət bir daha onu göstərir ki, Azərbaycan düzgün istiqamətdə inkişaf edir. Azərbaycanda hər bir istiqamət üzrə düşünülmüş siyasət vardır. Hər bir məsələ ilə bağlı konkret yanaşma mexanizmləri, yanaşma prinsipləri vardır, o cümlədən ictimai proseslərlə, dini siyasətlə bağlı.

Təsadüfi deyildir ki, müstəqillik dövründə Azərbaycanda 2 minə yaxın məscid tikilmişdir. Son 10 il ərzində 140-a yaxın məscid tikilmiş, 80 məscid isə əsaslı təmir edilmişdir. Digər dinlərin dini ocaqları, məbədləri təmir edilir, tikilir, artıq burada deyildi. Yəni, bu sahədə heç bir ayrı-seçkilik yoxdur. Mən tam əminəm ki, insanlarda başqa dinlərə olan hörmət öz dininə hörmətdən başlayır. Bu nadir atmosferi biz düzgün qiymətləndirməliyik, qorumalıyıq, eyni zamanda, dünyada təbliğ etməliyik. Azərbaycan haqqında dolğun məlumatları dünya ictimaiyyətinə çatdırmalıyıq. Deyə bilərəm ki, son illər ərzində Azərbaycan ilə bağlı olan reallıqlar dünya ictimaiyyətinə çatdırılır".

Prezident deyib ki, dünyada Azərbaycan ilə bağlı olan fikirlər müsbətdir: "Bizim beynəlxalq nüfuzumuz artır. Əgər belə olmasaydı, dünya birliyi bizə böyük etibar göstərib BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. 155 ölkə bizə inandı, bizi dəstəklədi. Bu, beynəlxalq aləmin mütləq əksəriyyəti deməkdir. Əlbəttə, əminəm ki, gələcəkdə də Azərbaycanda bütün ictimai proseslər, o cümlədən dini siyasət düzgün istiqamətdə inkişaf edəcəkdir. Biz elə etməliyik ki, bizdən sonra gələn nəsil də milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alsın. Milli mənəvi dəyərlər gələcək nəsillər üçün əsas olmalıdır. Çünki dövlətimiz milli dəyərlər üzərində qurulubdur. Biz müstəqil, demokratik dövlətik, dünyəvi ölkəyik. Eyni zamanda, bizim dövlətimiz çox güclü əsaslar, ənənələr, milli dəyərlər üzərində qurulubdur. Bu dəyərlər bizi xalq kimi qoruyub saxlaya bildi əsrlər boyu. Biz başqa dövlətlərin tərkibində yaşamışıq. Bu dəyərlər - öz dini bayramlarımıza olan münasibət, öz adət-ənənələrimizə olan hörmət, bütün bu amillər nəsildən-nəslə keçməli və davam etməlidir. Mən çox şadam ki, bizim gənclərimiz də milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alırlar. Vətən sevgisi hər bir insan üçün, xüsusilə gənclər üçün əsas olmalıdır.

Burada qeyd edildiyi kimi, Azərbaycanda multikulturalizmlə bağlı keçirilən tədbirlər artıq dünyanın diqqətini cəlb etdi. Multikulturalizm anlayışı nisbətən yeni anlayışdır. Ancaq bu anlayışın mahiyyəti əsrlər boyu Azərbaycanda mövcud olmuşdur. Yəni, bu, bizim normal həyat tərzimizdir, başqa cür ola da bilməz. Ona görə Azərbaycanda bu mövzu ilə bağlı keçirilən mötəbər tədbirlər təbiidir. Azərbaycanda şeyx həzrətlərinin təşəbbüsü ilə bir neçə il bundan əvvəl dünya dinlərinin liderlərinin zirvə görüşü keçirilmişdir. Humanitar forumlar keçirilir. İkinci dəfə Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi də çox əlamətdar hadisə idi. Çünki bu, artıq yeni ənənəyə çevrilmişdir. Bu tədbirlərin keçirilməsi və açıq fikir mübadiləsinin aparılması özlüyündə müsbət haldır. Çünki ilk növbədə Azərbaycanın timsalında dinlərarası, millətlərarası münasibətlərin necə uğurla tənzimlənməsini hər kəs müşahidə edə bilər. Eyni zamanda, bu forumlarda açıq şəkildə aparılan fikir mübadiləsi insanları birləşdirir, yaxınlaşdırır. Bəzi hallarda mövcud olan anlaşılmazlıqları da aradan götürür. Eyni zamanda, göstərir ki, bütün xalqlar, bütün dinlər birlikdə yaşaya bilər. Əgər radikalizmə yol verilməsə, əgər radikalizmin qarşısı alınarsa, əgər diskriminasiya, ksenofobiya, islamofobiya, rasizm, faşizm kimi XXI əsr üçün məqbul olmayan anlayışlar aradan götürülərsə və əgər dünya siyasətçiləri bu məsələlərlə bağlı öz qəti mövqeyini ortaya qoyarlarsa qısa müddət ərzində bu sahədə sağlamlaşma gedə bilər.

Ancaq əfsuslar olsun ki, bəzi hallarda biz bunun əksini görürük. Görürük ki, bəzi hallarda daha çox ayrı-seçkiliyə rəvac verilir. Milli, dini zəmin üzərində qərarlar qəbul edilir. Bəzi xalqlar diskriminasiyaya məruz qalırlar. Multikulturalizmlə bağlı fikirlər səslənir ki, multikulturalizm iflasa uğradı. Multikulturalizmin gələcəyi yoxdur. Bu, çox zərərli fikirlərdir. Mən bu barədə bir neçə dəfə fikirlərimi bildirmişəm və bir daha demək istəyirəm ki, multikulturalizmin dünyada çox müsbət təcrübəsi, müsbət əlamətləri, ünvanları vardır. Onların biri də Azərbaycandır. Biz Azərbaycanın timsalında bu münasibətlərin necə düzgün həll edilməsini görə bilirik. Ona görə gələcəkdə də Azərbaycanda bu kimi forumlar keçiriləcəkdir".

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan bu gün bölgənin iqtisadi mərkəzinə çevrilmişdir. Siyasi proseslərin gedişatında bizim böyük rolumuz, təsir imkanlarımız vardır. Eyni zamanda, Azərbaycan bu gün humanitar sahədə də bölgənin mərkəzidir. Xüsusilə, dinlərarası münasibətlərin qurulması ilə əlaqədar bizim təcrübəmiz çox müsbətdir:

"Bakı prosesi" haqqında şeyx həzrətləri öz çıxışında söylədi. Bu da Bakıda baş vermiş hadisədir. Bu proses 2008-ci ildə başlamışdır. İlk dəfə olaraq İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurasına üzv olan ölkələrin nazirləri bir araya gəldilər və birgə sənəd qəbul edildi. Ondan sonra müxtəlif tədbirlər keçirilmişdir. Əlbəttə ki, Azərbaycanın nadir, siyasi imkanları da bu prosesin Bakıda həyata keçirilməsinə xidmət etmişdir. Çünki biz həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüyük. Hər iki təşkilatda çox fəalıq və dinlərarası, mədəniyyətlərarası, qitələrarası körpü rolunu oynayırıq. Ancaq bu coğrafi vəziyyət əgər ciddi siyasət olmasa əlbəttə ki, çox böyük əhəmiyyətə malik deyildir. İş burasındadır ki, Azərbaycanda reallaşan böyük layihələr, energetika, nəqliyyat, infrastruktur sahələrində reallaşan layihələr, humanitar sahədə reallaşan təşəbbüslər Azərbaycanı bu bölgənin mərkəzinə çevirmişdir. Bu, böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir. Çünki artıq dediyim bu məsələlərlə bağlı Azərbaycanın mövqeyindən, yanaşmasından və addımlarından çox şey asılıdır. Biz bu məsuliyyətə hazırıq, bunu öz üzərimizə götürmüşük və əminəm ki, bu məsuliyyəti böyük şərəflə aparacağıq.

Əziz dostlar, bu müqəddəs Ramazan ayında görüşməyimizi mən bir daha qeyd etmək istəyirəm. Bu ənənə yaşamalıdır və yaşayacaqdır. Bu ənənənin yaşadılması üçün hər bir Azərbaycan vətəndaşı öz səylərini qoymalıdır və biz cəmiyyətdə formalaşmış çox gözəl ab-havanı qorumalıyıq, müstəqil inkişafımızı təmin etməliyik. Biz müstəqilliyin üstünlüklərini görürük. Bugünkü mərasim və bu mövzu ilə bağlı burada səslənən fikirlər bir daha müstəqilliyin üstünlüyünü təsdiqləyir. Çünki müstəqilliyə qədər olan dövrdə belə mərasimlərdən söhbət gedə bilməzdi. Biz öz dini bayramlarımızı evlərdə, yaxınların əhatəsində qeyd edirdik. Bu gün bizim dini bayramlarımız dövlət səviyyəsində qeyd edilir. Ramazan bayramı, Qurban bayramı, əsrlər boyu yaşatdığımız, ürəyimizdə saxladığımız Novruz bayramı bizim böyük sərvətimizdir, Azərbaycan xalqının böyük sərvətidir. Qarşıdan gələn bayram münasibətilə sizi, bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik etmək istəyirəm, hər birinizə uğurlar, cansağlığı arzulayıram. Sağ olun".

Şeyxülislam Allahşükür Paşazadə bildirib:

- Zati-aliləri, cənab Prezident. Ünvanıma söylədiyiniz xoş sözlərə, şəxsiyyətimə verdiyiniz qiymətə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Mən bilirəm ki, Sizin dedikləriniz xalqımızın milli mənəvi dəyərlərinə verilən yüksək qiymətdir. Ona görə də çox sağ olun. Allah ulu öndər Heydər Əliyev həzrətlərinə rəhmət etsin. 1994-cü ilin oktyabrında çevrilişə cəhd dövründə xalq hamısı Prezident Aparatının qarşısında, mən beş-altı nəfərlə, - adlarını da bilirəm, deyə bilərəm, - səhərə qədər Prezident Aparatında qapı ağzında bərabər idik. O dövrdə Ulu Öndər mənə belə dedi: "Şeyx həzrətləri, məni istəməyənlər vardır. Hətta məni məhv etmək istəyən qüvvələr vardır. Onlar mənə heç vaxt qalib gələ bilməz. Çünki mən Allahlayam, Allah da mənimlədir". Mən ancaq onu deyə bilərəm ki, Prezident həzrətləri, Allah həmişə Sizə yar olsun. Həmişə Siz qalib gələsiniz. Çünki Sizin getdiyiniz yol həqiqət yoludur, Heydər Əliyev yoludur, Allah yoludur.

Mən burada qardaşlarıma da, başqa dinə mənsub qardaşlarıma da minnətdarlığımı bildirirəm. Mən bu gün bir sirri də açmaq istəyirəm. Bu görüş sabah olmalı idi. Amma Prezident həzrətləri onu bu günə təyin etdi. Nəyə görə? Çünki peyğəmbərimiz Məhəmməd Sallallahu Əleyhi və Səlləmin nəvəsi, Həzrəti Əlinin, Fatimənin oğlu İmam Həsən Əleyhissalamın anadan olan günüdür. Bu müqəddəs gün bütün müsəlmanları, məzhəbləri birləşdirən bir gündür. Ona görə də mən fürsətdən istifadə edərək, başda Prezident həzrətləri olmaqla xalqımızı və burada iştirak edənlərin hamısını bayram münasibətilə təbrik edirəm. Buyurun deyirəm, Bismillah deyib iftar süfrəsinə başlayaq. Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!

Sonra iftar süfrəsi açıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti