...

Azərbaycanda Alban Apostol Avtokefal Kilsəsinin bərpası istiqamətində işlər görülür

Siyasət Materials 6 Avqust 2013 15:54 (UTC +04:00)
Ermənilər Azərbaycanda olan zəngin dini konfessiya irsinə sahib olmaq istəyirlər. Dini irsə sahib olmaq daha sonra mədəni irsə, sonra da torpağa sahib olmaq deməkdir.
Azərbaycanda Alban Apostol Avtokefal Kilsəsinin bərpası istiqamətində işlər görülür

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir İ.İzzət/

Ermənilər Azərbaycanda olan zəngin dini konfessiya irsinə sahib olmaq istəyirlər. Dini irsə sahib olmaq daha sonra mədəni irsə, sonra da torpağa sahib olmaq deməkdir. Söhbət təkcə Ermənistandan və ermənilərdən getmir. Bu irsə sahib olmaq istəyən başqa qonşular da var və bunun üçün ciddi addımlar atılır. Bunu Trend-ə açıqlamasında Alban-Udi Xristian İcmasının sədri Robert Mobili bildirib:

"Lakin Alban Xristian kilsəsi irsi birbaşa Azərbaycana məxsusdur. Biz udilər bu irsin həm mədəni, həm də dini varisləriyik. Əgər alban kilsəsi irsini qorumaq istəyiriksə, o kilsəni bərpa etməliyik. Əgər biz alban kilsəsini de-fakto və de-yure bərpa etsək, bu irsə kənardan sahib durmaq istəyənlərin qarşısı alınacaq. Başa düşürəm ki, bu çox çətin prosesdir, amma başqa yol yoxdur".

Onun sözlərinə görə, ermənilər bir müddət əvvəl UNESCO-da xaç məsələsini qaldırmışdılar və hesabatlarında "xaçkarlar Ermənistanın sərhədlərinin müəyyən edilməsinin simvoludur" tezisini qeyd etmişdilər. Lakin Azərbaycan tərəfi buna qarşı iddia ilə çıxış etdi və həmin cümlə oradan çıxarıldı.

İcma rəhbərinin fikrincə, Ermənistanın ərazi iddiaları məsələsi təkcə Qarabağ problemi ilə bitmir. Əgər Qarabağ problemi bu gün həll olunsa, onda onlar yenə başqa bir iddia ilə çıxış edəcəklər.

Bütün şərq kilsələrinin, o cümlədən alban kilsəsinin xristianlıq elementləri, atributları fərqlidir: "Misal üçün xaçı götürək. Bütün kilsələrdə xaçlar fərqlidir. Alban kilsəsinin də özünəməxsus xaçı var. Bu xaçları həm kilsələrdə, həm udi xaçkarlarda, həm də qəbirüstü abidələrdə görmək olar. Çünki alban tayfaları, o cümlədən udilərin bir hissəsi Aya, bir hissəsi oda, digər hissəsi isə Günəşə sitayiş ediblər. Bu da xaçın elementlərində özünü göstərib. Maraqlı məqam odur ki, 8 xaçın bir yerdə olması göstərir ki, udilərin səkkizliyə inamı olub. Səkkizlik elementini bütün daşlarda dairəvi formada görmək olar. Bundan başqa, alban kilsələrinin memarlıq quruluşlarında və üslublarında fərqlər var. Bu gün udilər Azərbaycanda alban kilsəsinin və burada xristianlığın təşəkkül tapmasının dini varisləridir".

R.Mobili qeyd edib ki, Rusiya imperiyası dövründə alban kilsəsi erməni kilsəsinin - Eçmiədzinin tabeliyinə verilib. 170 ildən çoxdur ki, bizim Avtokefallığı (müstəqilliyi) ləğv ediblər. Rusiya bütün Qafqazı alandan sonra alban kilsələri və burada ibadətlərin təşkili Eçmiədzinə verilib. Lakin o qərardan sonra udilər kilsəyə ibadətə getməyiblər. Amma din və dilini qoruyub saxlayıblar.

Lakin icma rəhbərinin fikrincə, Alban Apostol Avtokefal kilsəsini bərpa etmək mümkündür. Sadəcə bunun üçün müəyyən addımlar atılmalıdır:

"Artıq ilk addımlar atılıb. Məsələn, icma qeydiyyatdan keçirilib, Qəbələ rayonunun Nic qəsəbəsində 3 kilsə bərpa olunub və orada udi dilində ibadət edilir. Xristian dünyasında xeyir-dua (rukapolojenie) vermək qanunu var. Bu xeyir-dua xətti 170 il bundan əvvəl kəsilib. Sonuncu metropolit Müqəddəs II Sergi Qandzasarki olub. Onu öldürüblər. II Sergi Qanzasarkidən sonra bizdə avtokefallıq xətti kəsilib. Onu təzədən bərpa etmək üçün şərq xristian kilsəsinin xeyir-duası lazımdır. Bizim udi icması birbaşa İordan çayında vəftiztliyi (xaç suyuna salınma) qəbul edib. Bu o deməkdir ki, biz artıq heç kimin tabeliyində deyilik".

Xristian icmasının rəhbəri deyib ki, hazırda onların din xadimlərinin təhsil almasına böyük ehtiyac var:

"İkinci addım da məhz icma üzvlərinin xarici ölkələrdə dini təhsil alması ilə bağlıdır. Çünki Azərbaycanda belə bir təhsili verə biləcək seminariya, müqəddəs xristian yeri və ya təhsil ocağı yoxdur. Ona görə də onlar şərq kilsələrinin birində təhsil almalıdırlar. Bunlar Konstantinopol kilsəsi (Türkiyə), Suriya kilsəsi (Suriya), Yerusəlim kilsəsi (İsrail) və Kopt Pravoslav kilsəsi (Misir) ola bilər".

Onun sözlərinə görə, artıq icmanın bir qrup üzvü Polşadakı şərq kilsəsinə göndərilib. Hazırda Ukraynada təhsil alanların sayının isə 1 nəfərdən 3 nəfərə çatdırılması planlaşdırılır:

"Bundan sonra növbəti addım xeyir-dua məsələsidir. Düşünürük ki, həmin avtokefallıq xəttini bərpa etmək üçün bir neçə kilsənin xeyir-duasını alaq. Tarixdə belə hallar olub. Elə vaxtilə alban kilsəsi bir keşişin köməyi ilə bərpa edilib. Bolqarıstanda da belə bir şey olub. Amma bizdə vəziyyət bir az fərqlidir. Bizdə xətt elə pozulub ki, alban kilsəsinin birbaşa varisi olan kimsə yoxdur. Bizə 3 şərq kilsəsinin xeyir-duası kifayət olacaq ki, ruhani şəxs kimi adam lazımi rütbəni alsın və birbaşa axırıncı metropolitin davamçısı olaraq alban kilsəsinin fəaliyyətini bərpa etsin. Hazırda məbədlərdə ibadət edilsə də, kilsənin fəaliyyəti əslində tam hesab edilə bilməz".

R.Mobili əlavə edib ki, Azərbaycanda fəaliyyət göstərən digər dini icmalar kimi onlara da dövlət tərəfindən, o cümlədən QHT-lər və imkanlı şəxslər tərəfindən böyük dəstək verilir:

"Mən özüm hiss edirəm ki, həm hökumət, həm də QHT-lər bizi dəstəkləyir, bizə kömək edirlər. Məsələn, son 6 ayda 5 beynəlxalq konfransda iştirak etmişəm. Biz həm dövlət, həm də QHT-lər tərəfindən dəstəklənirik. Bu, bizə verilən böyük qiymətdir. Nic qəsəbəsində böyük abadlıq işləri gedir. Buna görə icma olaraq minnətdarlığımızı bildiririk".

Qeyd edək ki, hazırda udi etnosuna mənsub olan insanların sayı dünyada 10 minə qədərdir ki, onların da 6 mini Azərbaycan ərazisində, o cümlədən 4400-ü kompakt şəkildə Qəbələ rayonunun Nic qəsəbəsində yaşayır.

Xatırladaq ki, 3 gün bundan əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi (DQİDK) və Azərbaycan Respublikası Alban-Udin Xristian İcmasının təşkilatçıılığı ilə Qəbələ rayonunun Nic qəsəbəsində Alban-Udi Kilsəsinin dirçəlişinin 10 illiyinə və Qafqaz Albaniyasında xristianlığın rəsmi dövlət dini kimi qəbul edilməsinin 1700 illiyinə həsr olunmuş böyük bayram tədbiri keçirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti