...

Mərkəzi Seçki Komissiyası daha bir nəfərin prezidentliyə namizədliyini qeydə alıb (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 3 Sentyabr 2013 16:17 (UTC +04:00)
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Ümid Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İqbal Ağazadənin namizədliyi qeydə alınıb.
Mərkəzi Seçki Komissiyası daha bir nəfərin prezidentliyə namizədliyini qeydə alıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Ümid Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İqbal Ağazadənin namizədliyi qeydə alınıb.

Trend-in məlumatına görə, MSK katibi Arifə Muxtarova iclasda bildirib ki, partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş sənədlər təqdim edilib: "Həmin sənədlər Komissiya tərəfindən yoxlanılaraq araşdırılıb, müvafiq rəylər və yekun protokol qəbul edilib".

İclasda qeyd olunub ki, İqbal Ağazadənin namizədliyinin qeydə alınması üçün 102 seçki dairəsindən 43 950 imza toplanıb ki, bunlardan 3798 imza etibarsız hesab edilib.

Qeyd edək ki, indiyə qədər yalnız Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınmışdı.

İclasda MSK sədri Məzahir Pənahov bildirib ki, prezidentliyə namizədliyi təsdiq olunan Zahid Oruc imzaları Komissiyaya təqdim edib: "Sabahdan etibarən onların yoxlanılmasına başlanacaq".

M.Pənahov qeyd edib ki, 2500-dən artıq müşahidəçidən MSK-ya müraciətlər daxil olub, onlardan 1296-sı ölkə üzrə, 1221-i isə dairələr üzrə müşahidə aparmaq istəyən şəxslərdir.

O, seçiciləri seçici siyahılarında adlarını yoxlamağa çağırıb.

MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib. Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti