...

"Müsəlman qardaşlar"ın "yeni" gizli dövrü

Siyasət Materials 12 Sentyabr 2013 13:28 (UTC +04:00)

Rufiz Hafizoğlu, Trend-in Yaxın Şərq redaksiyasının rəhbəri

Misirdə "Müsəlman qardaşlar" təşkilatının ölkənin siyasi həyatından tam olaraq təcrid edilməsindən sonra təşkilatın liderlərinə qarşı həbslər başladı. Belə ki, hər zaman böyük siyasi gücə sahib olan təşkilatın lideri Məhəmməd Bədi də bu quruma qarşı keçirilən silsilə tədbirlər zamanı həbs edildi.

Sentyabrın 11-də isə Misirin bir sıra böyük şəhərlərində polisə qarşı şiddət təbliğatı ittihamı ilə "Müsəlman qardaşlar"ın daha 19 üzvü həbs edilərək ölkənin Ağır Cinayətlər Məhkəməsinə verildi.

Bu gün isə bu istiqamətdə görülən tədbirlər sırasında sonuncu olaraq qərbin diktəsi ilə Misirdəki hərbi çevrilişin müəllifi hesab edilən Abdel Fəttah Sisinin qərarı ilə "Müsəlman qardaşlar"ın əsas təbliğat yerləri olan məscidlərdən iki min iki yüzünün bağlanılması ilə yanaşı, ölkədə 55 min məscid imamının fəaliyyətinə qadağa qoyuldu.

Misirdəki çevrilişin əsas səbəbləri kimi ölkədə iqtisadi böhran və qeyri-stabil göstərilsə də, əslində bu heç də belə deyil. Hərbi çevrilişin əsas səbəblərindən biri Misir hakimiyyətinin Fələstinə, xüsusən də Türkiyəyə qarşı nümayiş etdirdiyi siyasət idi. Ən azından ona görə ki, regionun böyük və hərbi potensiala sahib olan iki dövlətinin - Misir və Türkiyənin siyasi elitası ideoloji baxımdan bir-birinə çox yaxındır.

Misirin sabiq hakim partiyasının hərbi çevrilişə qarşı mübarizəni davam etdiriləcəyi barədə verdiyi açıqlamadan sonra ölkədə vəziyyətin daha da kəskinləşəcəyi və vətəndaş qarışdırmasının yaşanacağı ehtimal olunurdu. Belə ki, partiyadan verilən açıqlamaya əsasən, hazırda Misirdə təhlükəsizlik və stabillik yoxdur, ölkəyə heç bir investisiya qoyulmur, iqtisadi vəziyyətin dözülməz olması isə gec-tez hərbi çevriliş yolu ilə hakimiyyətə gələnlərin süqutu ilə nəticələnəcək.

Bütün bunlarla yanaşı sabiq hakim partiya tərəfdarlarını sona qədər mübarizə aparmağa çağırıb.

Əslində "Müsəlman qardaşlar"ın tarixinə nəzər salınsa hakimiyyətin təşkilata qarşı apardığı tədbirlərin bir o qədər də yeni olmadığını görmək olar. Təsis edildiyi gündən bu günə qədər "Müsəlman qardaşlar " mütəmadi olaraq belə təzyiqlərə məruz qalıblar.

Hətta sabiq prezident Hüsni Mübarəkin hakimiyyəti illərində təşkilatın fəaliyyətinə rəsmi qadağa qoyulsa da, o gizli şəkildə öz fəaliyyətini davam etdirib.

Göründüyü kimi, " Müsəlman qardaşlar"ın siyasi repressiyalara qarşı bir növ "immuniteti" var. Ona görə də təşkilat liderlərinə qarşı aparılan həbslər təşkilatın zəiflənməsi ilə nəticələnməyəcək. Çünki "Müsəlman qardaşlar" nə qədər siyasiləşmiş olsa da, təşkilat ideoloji əsaslar üzərində qurulub.

Misirdə davam edən siyasi gərginliyin fonunda "Müsəlman qardaşlar" təşkilatının ölkədə qadağan ediləcəyi də ehtimallar arasındadır. Qadağan ediləcəyi təqdirdə "Müsəlman qardaşların" o qədər də yeni olmayan gizli fəaliyyət metodunu seçəcəyi gözlənilir ki, bu da öz növbəsində ölkənin gələcək siyasi həyatında öz əksini tapacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti