...

YAP Cəmil Həsənlinin qanun pozuntuları ilə bağlı MSK-ya ünvanladığı məktubların təfərrüatlarını açıqladı (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 20 Sentyabr 2013 18:05 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyası İctimai Televiziyanın canlı efirində Cəmil Həsənlinin yol verdiyi qanun pozuntusu və ümumiyyətlə onun seçki prosesində bu və ya digər hallarla bağlı qanun pozuntuları ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına bir neçə məktub ünvanlayıb.
YAP Cəmil Həsənlinin qanun pozuntuları ilə bağlı MSK-ya ünvanladığı məktubların təfərrüatlarını açıqladı (ƏLAVƏ OLUNUB)

Məktublarda qeyd olunan məsələlər əlavə edilib (İlk xəbər 17:31-də yayılıb)

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Hakim Yeni Azərbaycan Partiyası İctimai Televiziyanın canlı efirində Cəmil Həsənlinin yol verdiyi qanun pozuntusu və ümumiyyətlə onun seçki prosesində bu və ya digər hallarla bağlı qanun pozuntuları ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına bir neçə məktub ünvanlayıb. Bu barədə Trend-ə YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev məlumat verib.

H.Paşayev bildirib ki, sentyabrın 19-da İctimai Televizyanın canlı efirində prezidentliyə namizədlərdən Cəmil Həsənli qalmaqal törətmiş, canlı yayımda Azərərbaycan Respublikasının qanunlarını kobud formada pozaraq Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətinə toxunan sözlər deyib: "Halbuki, bu, qanunla qadağandır. Cəmil Həsənlinin prezidentliyə namizəd kimi seçki prosesində bu və ya digər hallarla bağlı qanun pozuntularına yol verməsinə dair Yeni Azərbaycan Partiyasının Seçki Qərargahı tərəfindən monitorinqlər aparılıb. Bu monitorinqlər əsasında YAP Seçki Qərargahının sədri, Prezidentliyə namizəd cənab İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədovun imzası ilə Mərkəzı Seçki Komissiyasına bir neçə məktub ünvanlanıb".

Onun sözlərinə görə, məktubların birində MSK-dan prezidentliyə namizəd Cəmil Həsənlinin Azərbaycan Respublikasının Prezidenti və prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş cənab İlham Əliyevə böhtan ataraq onun şərəf və ləyaqətinə hörmətsizlik etməsinə müvafiq münasibət bildirmək xahiş edilir.

Məktubda qeyd olunur ki, Cəmil Həsənli sentyabrın 19-da İTV-dəki teledebatda etdiyi hərəkətləri ilə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 88.1 maddəsinin tələblərini kobud surətdə pozub.

Digər bir məktub isə Cəmil Həsənlinin prezidentliyə namizədlər üçün ayrılmış pulsuz efir vaxtından səmərəli istifadə edilməsinə, normal polimika aparılmasına və hər kəs üçün ayrılmış pulsuz efir vaxtından istifadə edilməsinə maneçilik törətməsi ilə bağlıdır.

Bütün bunlar nəzərə alınaraq məktubda prezidentliyə namizəd Cəmil Həsənlinin prezidentliyə namizədlərə və onların səlahiyyətli nümayəndələrinə hörmətsiz yanaşmasının, onların qanunla ayrılmış pulsuz efir vaxtından səmərəli istifadə etməsinə bilərəkdən mane olmağa yönəlmiş hərəkətlərinin səlahiyyətli orqan kimi Mərkəzi Seçki Komissiyasında müzakirə edilib ölçü götürülməsi xahiş olunur.

Digər bir məktub Cəmil Həsənlinin yaşından əvvəl pensiyaya çıxması ilə bağlıdır. Məktubda qeyd olunur ki, bununla bağlı sənədlər artıq yayılmışdır və həmin sənədlərə görə, Cəmil Həsənli, ümumiyyətlə əmək fəaliyyəti ilə məşğul ola bilməz, yəni III qrup əlil kimi əmək fəaliyyəti ilə məşğul ola bilməz.

Müvafiq komissiya Cəmil Həsənlinin yalnız az miqdarda yüngül işdə işləməsi ilə bağlı rəy verib. Bunu nəzərə alaraq, məktubda Cəmil Həsənlinin Azərbaycan Respublikası Prezidentliyinə fiziki cəhətdən yararlı olub-olmaması məsələsinin səlahiyyətli orqan kimi Mərkəzi Seçki Komissiyası tərəfindən araşdırılması xahiş olunur.

Digər bir məktub sentyabrın 19-da İctimai Televizyada pulsuz efir zamanı prezidentliyə namizəd Cəmil Həsənlinin çıxışında Seçki Məcəlləsinin 88.1-ci maddəsinin tələblərini kobud surətdə pozması ilə bağlıdır. Məktubda qeyd olunub ki, o, Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş və hazırda Azərbaycan Respublikasının Prezidenti olan cənab İlham Əliyevin və onun ailə üzvlərinin şərəf və ləyaqətinə böhtan atmışdır.

Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqəti Azərbaycan Respublikası Konstitusiyasının 106-cı maddəsinə görə, qanunla qorunur. Cəmil Həsənlinin ictimai yerdə, kütləvi informasiya vasitəsində ölkə Prezidentinin şərəf və ləyaqətini təhqir etməsi ciddi qanun pozuntusu sayılır. Bütün bunları nəzərə alaraq YAP MSK-dan prezidentliyə namizəd Cəmil Həsənlinin qeyri-qanuni hərəkətlərinə qiymət verərək ölçü götürülməsini xahiş edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti