...

Ramin Məmmədov: Azərbaycan gəncləri hazırkı siyasi kursun alternativsizliyinə dərindən inanırlar

Siyasət Materials 5 Oktyabr 2013 14:14 (UTC +04:00)
Azərbaycanda oktyabrın 9-da keçiriləcək prezident seçkilərində vətəndaşların seçimini çətinləşdirə biləcək, onu tərəddüdə salacaq ciddi və gərgin rəqabət hiss olunmur. Çünki Azərbaycanda hazırda həyata keçirilən siyasətin alternativi yoxdur.
Ramin Məmmədov: Azərbaycan gəncləri hazırkı siyasi kursun alternativsizliyinə dərindən inanırlar

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda oktyabrın 9-da keçiriləcək prezident seçkilərində vətəndaşların seçimini çətinləşdirə biləcək, onu tərəddüdə salacaq ciddi və gərgin rəqabət hiss olunmur. Çünki Azərbaycanda hazırda həyata keçirilən siyasətin alternativi yoxdur. Bu barədə Trend-ə Dünya Azərbaycanlı Gənclər Birliyinin (DAGB) sədri Ramin Məmmədov deyib.

R.Məmmədov vurğulayıb ki, Azərbaycanın yeganə mümkün inkişaf yolu müəyyən edilib, ölkənin təhlüksəziliyinin təmin olunması, beynəlxalq münasibətlər sistemində layiqli yerini tutması, vətəndaşların sosial rifahının yaxşılaşdırılması üçün zəruri olan bütün addımlar atılıb: "Sadə vətəndaşların hansısa yeni siyasi kurs, yaxud tamamiylə fərqli strategiya ilə diqqətini cəlb etmək mümkün deyil. Onları yalnız bir məsələ maraqlandırır: Azərbaycanın artıq seçdiyi və kifayət qədər uğurlar gətirmiş hazırkı strateji inkişaf xəttinin davam etdirilməsi. Lakin, deyəsən, namizədlərin bir çoxu hələ də bunun fərqində deyil".

R.Məmmədov əlavə edib ki, prezidentlik iddasında olan şəxslərdən bəziləri tamamilə əsassız arqumentlərlə bu siyasi kursun dəyişəcəyini bəyan edirlər, bəziləri isə sadəcə özləri də hansı vədlərlə, hansı ideoloji tezislərlə seçici qarşısına çıxacaqlarını sadəcə bilmirlər: "Bütün bu proseslərin fonunda isə Azərbaycan seçicisi çox sakit və əmin şəkildə kampaniyanın yekununu və daha dəqiqi səsvermə gününü gözləyir. O, artıq öz seçimini edib".

R.Məmmədovun sözlərinə görə, Azərbaycan gənclərinin bu mühüm siyasi hadisə ilə bağlı mövqeyinə gəlincə isə heç kim üçün sirr deyil ki, Azərbaycan gənclərinin çox böyük əksəriyyətinin namizədlərə münasibəti digər təbəqlərin mövqeyindən ciddi şəkildə fərqlənmir: "Azərbaycan gəncləri hazırkı siyasi kursun alternativsizliyinə dərindən və tam səmimi şəkildə inanırlar. Heydər Əliyevin siyasət fəlsəfəsinin gücü də məhz bundadır: yaşından, sosial statusundan, maddi və intellektual imkanlarından asılı olmayaraq cəmiyyətin bütün təbəqələrinin maraqlarını ifadə etməsində. Bu gün Prezident İlham Əliyevin müvəffəqiyyətlə davam etdirdiyi bu siyasət Azərbaycanda milli həmrəyliyin və cəmiyyətin əhəmiyyətli kəsimi arasında siyasi konsensusun əldə olunmasının başlıca şərtidir".

R.Məmmədov vurğulayıb ki, Azərbaycan gənclərinin seçiminin əsasında bir neçə vacib amil dayanır ki, onlardan da biri və bəlkə də birincisi məhz budur: "İndiki hakimiyyətin siyasəti cəmiyyətin bütün təbəqəlrinin maraqlarını vahid ideoloji konsepsiyada mümkün olduğu həddə ifadə edə bilir. Azərbaycanda gənclər də, yaşlı nəsillər də bu siyasətdə özünü görməyə, daha dəqiq desək özünü tapmağa müvəffəq olur. Yaşlı nəsillər dövlət qayğısını hiss edir: pensiyaların davamlı olaraq artırılması, həyat şərtlərinin yaxşılaşdırılmasına xidmət edən kompleks tədbirlər və hökumətin atdığı digır uğurlu addımlar bunun başlıca göstəricisidir. Orta nəsil daha yaxşı yaşaması üçün lazım olan başlıca imkanları əldə edə bilib: iş yerlərinin sayı əhəmiyyətli dərcədə artıb, yoxsulluğun səviyyəsi aşağı düşüb, iqtisadi bolluq və firavanlıq üçün əsas şərtlər təmin olunub, əməkhaqqları mütəmadi olaraq yüksəlir. Və ən əsası odur ki, bütün bunlar davamlı xarakter daşıyır. Gənc nəslin isə bu siyasətə etimadının sbəbləri bəlkə də daha çoxdur".

R.Məmmədov vurğulayıb ki, gənclərin seçimini müəyyənləşdirən ikinci mühüm amil Azərbaycanın sürətli iqtisadi inkişafını təmin edən kompleks tədbirlərin hər bir Azərbaycan vətəndaş kimi, onların da həyatında yaratdığı dəyişikliklərdir: "Ölkənin iqtisadi gücünün artması nəticə etibarilə gənclərin həyatında da öz əksini tapır. Bu həm onların işlə təmin olunmasında, həm də sosial problemlərinin həllində olduqca mühüm rol oynayır. Azərbaycan gənci arxasında güclü bir dövlətin varlığını hər addımında hiss edir. Bu dövlət ona yaxşı təhsil almaq üçün yeni imkanlar təqim edir, yaxşı iş yeri tapmağına şərait yaradır, kreativ ideya və təşəbbüslərinə dəstək verir. Bütün bunlar isə təbii ki, azərbaycanlı gənclərin dövlətə inamını gücləndirir".

DAGB sədrinin sözlərinə görə, üçüncü mühüm amil Azərbaycanın son illər ərzində qazandığı tarixi əhəmiyyət kəsb edən diplomatik nailiyyətlərdir. Ölkənin beynəlxalq aləmdə nüfuzunun getdikcə artması, dünyanın ən güclü dövlətlərinin strateji tərəfdaşına çevrilməsi hər bir Azərbaycan gənci üçün qürur mənbəyidir:

"Azərbaycanda siyasi plüralizm, fikir və söz azadlığına dövlət tərəfindən verilən təminat gənclərin öz siyasi baxış və düşüncələrini sərbəst şəkildə ifadə etmək imkanı yaradır. Fikrimizcə bu gənclərin Azərbaycan Prezidentinə dərin etimadının əsasında dayanan ən mühüm amillərdən biridir. Gənclik cəmiyyətin hərəkətverici qüvvəsi, onun inkişafının bütün parametrlər üzrə başlıca amillərindən biri kimi çıxış edir. Təsadüfi deyildir ki bir çox sosioloqlar gəncliyi "qızıl orta" adlandırılar. Gənclər özündən əvvəlki nəsillərlə müqayisədə daha dinamik, enerşili, novatorçu və perspektivlidir. Lakin bu təbəqə həm də siyasi proseslərə başqalarından daha çox maraq və həvəslə yanaşırlar. Onların bu marağının qarşısında sədd çəkmək birincisi mümkün deyil, ikincisi isə ziyanlıdır. Məhz buna görədir ki, azərbaycan gəncliyi bugünkü siyasi proseslırin ən fəal iştirakçısıdır".

R.Məmmədov əlavə edib ki, gənclərin seçiminə təsir edən daha bir amil Azərbaycan Prezidentinin bu təbəqəyə göstərdiyi xüsusi diqqət və qayğıdır: "Təhsilə dövlət səviyyəsində göstərilən diqqət, minlərlə azərbaycanlı gəncə xaricdə təhsil üçün yaradılan şərait, yeni açılan yüksək səviyyəli təhsil müəssisələrinin sayının getdikcə artması, gənclərlə bağlı müxtəlif dövlət proqramlarının, layihələrin uğurla həyata keçirilməsi azərbaycanlı gənclərinin həyatını dəyişir, onlara özlərini realizə etmək üçün kifayət qədər geniş imkanlar açır. Azərbaycanın dövlət gənclər siyasəti dövlətin gənclərə sadəcə qayğısının deyil həm də etimadının ifadəsidir. Azərbaycan gəncliyi yeni ideyalarla, unikal təşəbbüslərlə, təhsili, peşəkarlığlı ilə bu etimadı doğrultmağa çalışır".

O, qeyd edib ki, bütün bunlar göstərir ki, Azərbaycan gəncliyinin Prezidentə etimadının çox sadə bir formulu var: "Azərbaycanda güclü bir dövlət mövcudluğu. Bu dövlət azərbaycanlı gənclərin sosial problemlərni həll edir, onların yaxşı təhsil alması üçün şərait yaradır, siyasi baxışlarını ifadə etməsinə heç bir məhdudiyyət qoymur, işlə təmin olunmaları üçün bütün zəruri addımları atır, hər bir yenilikçi təşəbbüslərə dəstək verir, gənclərin özünü relaizə etməsi üçün yeni imkanlar təqdim edir. Bu gün azərbaycan gəncliyi yalnız öz gələcəyindən deyil, həm də öz valideynlərindən arxayındır, dövlətin onlara da qayğı göstərdiyini hiss edir. Bu gün hər bir Azərbaycan gənci dünyanın harasında olursa-olsun arxasında güclü bir dövlətin dayandığını bilir. Və ən əsası odur ki, o, bu dövləti kimin qurduğunu və kimin sayəsində gücləndiyini bilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti