Azərbaycan, Bakı, 22 oktyabr /Trend/
Polşa Respublikasının Prezidenti Bronislav Komorovski Azərbaycanın dövlət başçısı İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib.
Təbrikdə deyilir: "Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və andiçmə mərasimi ilə əlaqədar səmimi qəlbdən təbrik edirəm.
Ölkələrimiz arasında mövcud ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluğumu bildirir və əməkdaşlığımızın hərtərəfli inkişafına ümid edirəm. Bildirirəm ki, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında əməkdaşlığın sıxlaşması istiqamətində Polşa Respublikası öz töhfəsini verməyə hazırdır.
2011-ci ildə Bakıya səfərimi məmnuniyyətlə xatırlayaraq, cənab Prezident, Sizi gələn il Polşaya səfərə dəvət edirəm. Əminəm ki, bu səfəriniz ölkələrimiz arasında, xüsusilə də iqtisadiyyat sahəsində əməkdaşlığa yeni təkan verəcəkdir. Cənab Prezident, səfərin tarixinin diplomatik kanallar vasitəsilə müəyyənləşdirilməsini təklif edirəm".
XXX
Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasdan:
"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırım.
Əminəm ki, ölkələrimiz arasında ikitərəfli əlaqələr Sizin rəhbərliyinizlə daha da inkişaf edəcək, xalqlarımızın və dövlətlərimizin qarşılıqlı faydası və tərəqqisinə verdiyiniz önəm sayəsində münasibətlərimiz bundan sonra da möhkəmlənəcəkdir. İkitərəfli münasibətlərimizin yeni dövrü iqtisadi sahədə ilkin real nəticələrini vermişdir. Əminəm ki, Sizin yenidən Prezident seçilməyinizlə bu potensial ikitərəfli münasibətlərimizin tam spektrinin əhatə edilməsi üçün daha da güclənəcək və genişlənəcəkdir.
Fürsətdən istifadə edərək dost Azərbaycan xalqının tərəqqisi və rifahı naminə fəaliyyətinizdə Sizə uğurlar arzu edirəm".
XXX
Yaponiyanın Baş naziri Şinzo Abedən:
"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Ümidvaram ki, ölkəniz Sizin müdrik rəhbərliyinizlə daha da inkişaf edəcək, Qafqaz regionunda sabitlik və tərəqqinin əsası olacaqdır.
Əminəm ki, ölkələrimiz arasında qurulmuş dostluq münasibətləri bundan sonra daha da güclənəcək, siyasət, iqtisadiyyat və mədəniyyət sahələrində, regionlararası mübadilə və digər müxtəlif istiqamətlərdə əlaqələr inkişaf edəcəkdir. Yaponiya Azərbaycana tərəqqi yolunda dəstək olmuşdur. Həmçinin mən də Yaponiya ilə Azərbaycan arasında əməkdaşlıq münasibətlərini daha da yüksək səviyyəyə qaldırmaq üçün əlimdən gələni edəcəyəm".
Əbu-Dabi Əmirliyinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Əl Nəhyandan:
"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilərək Konstitusiyaya və Qurani-Şərifə and içməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan və möhkəm cansağlığı, xoşbəxtlik arzularımı yetirməkdən məmnunluq hissi duyuram. Dost xalqınızın nail olmaq istədiyi inkişaf və çiçəklənmə kimi amalların reallaşdırılması naminə üzərinizə düşən vəzifənin yerinə yetirilməsində və təşəbbüslərinizin həyata keçməsində Sizə Uca və Qadir Allahdan müvəffəqiyyət diləyirəm.
Ölkələrimiz arasındakı dostluq əlaqələrinin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət şeyx Xəlifə bin Zayed Əl Nəhyanın və Sizin rəhbərliyiniz altında məmləkətlərimizə və xalqlarımıza faydalı olacaq bir şəkildə daha da genişlənməsini arzulayıram".
XXX
Yaponiya Nazirlər Kabinetinin xüsusi məsələlər üzrə naziri, iqtisadi dirçəliş naziri, Yaponiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Akira Amaridən:
"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Diplomatik münasibətlərin qurulmasının artıq 21-ci ildönümünü qeyd etmiş ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin Zati-alilərinizin səyləri nəticəsində daha yüksək mərhələyə çatmasını arzu edirəm.
2004-cü ilin avqustunda Yaponiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun digər üzvləri ilə birlikdə ölkənizə səfərimizi, Zati-alinizlə görüşümüzü daim xatırlayıram. 1998-ci ildə parlamentlərarası dostluq qrupunun yaranmasından bəri davamlı olaraq Azərbaycan ilə münasibətlərin irəliləməsinə çalışmış bir şəxs kimi ötən 10 il ərzində ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin sabit inkişafından çox məmnunam.
Biz, Yaponiya parlamentinin üzvləri də əmin edirik ki, dövlətinizin inkişafı və ölkələrimiz arasında münasibətlərin intensivləşməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Zati-alilərinizi bir daha təbrik edir, Sizinlə yenidən görüşmək arzusunda olduğumuzu bildiririk".
XXX
Fransanın "Total" şirkətinin rəhbəri Kristof de Marjeridən:
"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Uzun illərdən bəri qurduğumuz etibarlı əlaqələri gələcək illərdə də inkişaf etdirə biləcəyimizdən çox şadam. Ölkənizin iqtisadi inkişafını davam etdirmək, xüsusilə, neft və qaz sahəsində və həmçinin əvvəlki prezidentliyiniz dövründə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində siyasətinizdə Sizə uğurlar arzulayıram.
Ümidvaram ki, Sizinlə tezliklə görüşəcək və Zati-alinizi şəxsən təbrik edəcəyəm.
Cənab Prezident, "Total" şirkəti adından və şəxsən öz adımdan Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar və möhkəm cansağlığı arzu edirəm".
XXX
Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti, Rusiya Uşaq Fondunun sədri, yazıçı, Rusiya Təhsil Akademiyasının akademiki Albert Lixanovdan:
"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Rusiya Uşaq Fondu və Beynəlxalq Uşaq Fondları Assosiasiyası adından ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xalqınızın rifahı naminə ali dövləti fəaliyyətinizdə böyük uğurlar, yeni qələbələr və zəfərlər arzulayıram.
Sizin atanız, Azərbaycan xalqının ümummilli lideri, SSRİ Uşaq Fondunun əsasını qoyanlardan biri olmuş Heydər Əliyevin müqəddəs xatirəsinə ehtiram bəsləyir, onun ənənələrini davam etdiririk. Sizin ölkənin ən qədim xeyriyyə fondu, Beynəlxalq Uşaq Fondları Assosiasiyasının üzvü olan Azərbaycan Uşaq Fondu ilə bizi ümumi xeyirxah işlər bağlayır. Əminik ki, uşaqlarımızın rifahı naminə sıx əməkdaşlığımız bundan sonra da davam edəcəkdir".
XXX
Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasının sədri Miroslav Tsrnoqoratsdan:
"İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatası adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırım.
Seçkilərdə qazandığınız parlaq qələbə Sizin xalq arasındakı yüksək nüfuzunuzu bir daha təsdiqlədi. Sizin adınız Azərbaycanın sürətli iqtisadi inkişafı və xalqın rifahının yüksəlməsi ilə ayrılmaz şəkildə bağlıdır. Sizin şəksiz liderliyinizlə beynəlxalq arenada böyük nüfuz qazanan Azərbaycan demokratik cəmiyyət kimi inkişaf edir.
Serbiya və Azərbaycan arasındakı ənənəvi dostluq münasibətlərinə və qarşılıqlı hörmətə əsaslanan strateji tərəfdaşlığın xalqlarımızın mənafeyinə uyğun olaraq gələcəkdə də inkişaf edəcəyinə və çiçəklənəcəyinə əminəm. Fürsətdən istifadə edərək hökumətinizin Azərbaycan və Serbiya arasındakı iqtisadi əlaqələrin inkişafında fəal rol oynayan Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasına göstərdiyi davamlı dəstəyə və yardıma görə Sizə öz təşəkkürümü bildirmək istərdim.
Cənab Prezident, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar arzulayıram! Əminəm ki, Sizin səyləriniz bundan sonra da Azərbaycanın hərtərəfli inkişafına və çiçəklənməsinə öz töhfəsini verəcəkdir".
XXX
Yunanıstan Demokratik Alyans Partiyasının sədri, parlamentin deputatı Dora Bakoyannisdən:
"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi Sizə çatdırmaq istərdim. Sizə möhkəm cansağlığı arzulayır, ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.
Azərbaycan Yunanıstanın vacib tərəfdaşıdır. Enerji sahəsinin əsas oyunçuları olaraq bizim ortaq məqsədlərimiz və maraqlarımız vardır. Ümidvaram ki, yeni ideyalar və təşəbbüslərlə, həmçinin artıq razılaşdırılmış layihələrin uğurları ilə ölkələrimiz arasındakı əlaqələr daha da güclənəcək, münasibətlərimiz və əməkdaşlığımız möhkəmlənəcəkdir.
Afinada və ya Bakıda Sizinlə görüşməyi səbirsizliklə gözləyirəm.
Ən səmimi təbriklərimi və ehtiramımı qəbul edin".
XXX
Latviya Respublikasının Prezidenti Andris Berzinşdən:
"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaq istərdim. Azərbaycanın və xalqınızın mənafeyi naminə məsuliyyətli işinizdə Sizə uğurlar diləyirəm.
Azərbaycan Latviyanın Cənubi Qafqazda etibarlı və vacib tərəfdaşıdır. Ölkələrimiz arasında ikitərəfli dostluq, konstruktiv və qarşılıqlı dəstək əlaqələri mövcuddur. Əminəm ki, ali dövləti vəzifədə olduğunuz illərdə Latviya ilə Azərbaycan arasında tərəfdaşlıq iqtisadi əməkdaşlığın çiçəklənən və tərəqqi edən inkişafı üzərində qurulacaqdır.
Bu ilin aprelində Azərbaycana rəsmi səfərimi ən xoş təəssüratlarla xatırlayıram. Latviya ilə Azərbaycanın uğurlu əlaqələrindən məmnunam və ümid edirəm ki, ölkələrimizin müxtəlif təşkilatları arasındakı əməkdaşlıq, həmçinin şəxsi əlaqələrimiz növbəti illərdə də güclənəcəkdir.
Zati-aliləri, icazə verin, Riqanın Avropanın mədəniyyət paytaxtı seçiləcəyi 2014-cü ildə Sizin Latviyaya səfərinizlə bağlı səmimi dəvətimi bir daha təkrar edim. Xahiş edirəm, ən dərin ehtiramımı qəbul edin".
XXX
Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabahdan:
"Yenidən dost Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan sevinc hissi duyuram.
Bu fürsətdən istifadə edərək dost ölkələrimizi bir-birinə bağlayan xoş münasibətləri, onların hər iki ölkənin mənafeyi naminə müxtəlif sahələrdə daha da inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə yönəlmiş müştərək və davamlı səylərimizi qeyd etmək istərdim.
Zati-alinizə ən xoş arzularımı bildirir, Sizə cansağlığı və firavanlıq, dost ölkənizə və xalqınıza davamlı inkişaf və çiçəklənmə diləyirəm. Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul edin".
XXX
Alman-Azərbaycan Forumunun sədri Hans Eberhard Şleyerdən:
"Seçkilərdə parlaq qələbə qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Alman-Azərbaycan Forumu adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Bu seçkinin nəticələri ilk növbədə Sizin əvvəlki prezidentlik dövrünüzdə Azərbaycanın iqtisadi və sosial inkişafına verdiyiniz böyük töhfənin təsdiqidir. Bu gün Azərbaycan Avropa İttifaqının və Almaniyanın etibarlı və bərabərhüquqlu tərəfdaşıdır. Bu, ilk növbədə Sizin xidmətinizin nəticəsidir. Sizə gələcək ali dövləti vəzifənizdə uğurlar diləyirik.
Azərbaycan ilə Almaniya arasında iqtisadi, siyasi və mədəni əməkdaşlıq son illərdə davamlı olaraq inkişaf etmişdir. Alman-Azərbaycan Forumu ölkələrimiz arasında əlaqələri vətəndaşların xeyrinə bundan sonra da təşviq etmək və genişləndirmək niyyətindədir. Bunun üçün növbəti illərdə də bir neçə layihə planlaşdırmışıq və onların həyata keçirilməsində, həmçinin Azərbaycan tərəfinin dəstəyinə ümid edirik. Belə layihələrdən biri də bizim Forumun dəvətinə əsasən Almaniyanın tanınmış şəxsiyyətlərinin 2014-cü ilin yazında Bakıya səfərinin təşkil edilməsidir.
Əminik ki, bu səfər çərçivəsində Sizin tərəfinizdən qəbul edilmək bizə nəsib olacaqdır. Bu görüş bizim Azərbaycan ilə dostluğumuzu daha da möhkəmləndirəcəkdir.
Mən Azərbaycan Respublikasına və şəxsən Sizə ən xoş arzularımı çatdırıram".
XXX
Laos Xalq Demokratik Respublikasının Prezidenti Çoummali Sayasonedən:
"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Laos xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırır, cansağlığı, rifah və xalqınızı tərəqqiyə aparan yolda böyük uğurlar arzu edirəm.
Əminəm ki, Laos Xalq Demokratik Respublikası və Azərbaycan Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətləri Sizin rəhbərliyinizlə həm ikitərəfli, həm də çoxtərəfli zəmində xalqlarımızın mənafeyi, həmçinin beynəlxalq sülh və əməkdaşlığın inkişafı naminə bundan sonra da güclənəcək və çiçəklənəcəkdir.
Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin".