...

Prezident İlham Əliyev: Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü bərpa edilməlidir

Siyasət Materials 31 Oktyabr 2013 13:27 (UTC +04:00)
Azərbaycan əfsuslar olsun ki, humanitar fəlakətlə üzləşib. Uzun illərdir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan torpaqları işğal altındadır.
Prezident İlham Əliyev: Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü bərpa edilməlidir

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir S.Əliyev/

Azərbaycan əfsuslar olsun ki, humanitar fəlakətlə üzləşib. Uzun illərdir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan torpaqları işğal altındadır. Azərbaycanın əzəli torpaqları - Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi bölgə erməni işğalçı qüvvələrinin işğalı altındadır. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev III Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Prezident bildirib ki, bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün vəziyyətinə salınıb: "Torpaqlarımızın 20 faizi işğal altındadır və işğal edilmiş ərazilərdə bizim bütün mədəni sərvətimiz, bizim tarixi, dini abidələrimiz dağıdılıb. İki dəfə beynəlxalq təşkilatlar, xüsusilə ATƏT işğal edilmiş bölgələrə faktaraşdırıcı missiyalar göndərmişdir və onların məruzələrində açıq-aydın göstərilir ki, hər şey dağıdılıbdır. Beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz prinsipial mövqelərini sənədlərdə əks etdirmişlər. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi erməni işğalçı qüvvələrinin işğal edilmiş torpaqlardan çıxardılmasını tələb edir. Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər təşkilatlar oxşar qərar və qətnamələr qəbul etmişlər. Ancaq əfsuslar olsun ki, bu qərarlar, bu qətnamələr icra edilmir və burada biz beynəlxalq təşkilatların səmərəliliyindən söhbət açmalıyıq. Onların qəbul etdiyi qərarlar kağızda qalıb, icra edilmir və əlbəttə, bu, dözülməz bir faktdır".

İlham Əliyev vurğulayıb ki, bəzi hallarda beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr saatlar içərisində icra edilir, Azərbaycana gəldikdə isə 20 ildən çoxdur ki, bu qətnamələr kağız üzərində qalır: "Məsələ ilə bağlı danışıqlar aparılır və əlbəttə ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü bərpa edilməlidir, bir milyondan artıq qaçqın, kökçün öz doğma torpaqlarına qayıtmalıdır. Bu, onların fundamental hüquqlarıdır. Bu münaqişə, eyni zamanda insan haqlarının kobudcasına pozulması deməkdir".

Dövlət başçısı bildirib ki, bir milyondan artıq Azərbaycan vətəndaşı öz doğma torpağına qayıda bilmir: "Bu çox böyük humanitar fəlakət ölkəmizin ümumi inkişafına çox böyük zərbə vurmuşdur. Və bugünkü Azərbaycanın inkişafı daha da çox diqqət cəlb edir, çünki bu inkişafı biz işğal edilmiş vəziyyətdə əldə edə bilmişik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti