...

Milli Məclisdə hökumət qarşısında regionların inkişafına diqqətin artırılması ilə bağlı təkilflər irəli sürülüb

Siyasət Materials 12 Noyabr 2013 17:20 (UTC +04:00)
Milli Məclisdə hökumət qarşısında regionların inkişafına diqqətin artırılması ilə bağlı təkilflər irəli sürülüb.
Milli Məclisdə hökumət qarşısında regionların inkişafına diqqətin artırılması ilə bağlı təkilflər irəli sürülüb

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir İ.İzzət/

Milli Məclisdə hökumət qarşısında regionların inkişafına diqqətin artırılması ilə bağlı təkilflər irəli sürülüb.

Trend xəbər verir ki, bu gün Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı millət vəkilləri hökumət qarşısında bir sıra təkiflərlə çıxış ediblər.

Deputat Rafiq Məmmədhəsənov hökumətə bölgələrdə dağ kəndlərinin qazlaşdırılmasına daha diqqətlə yanaşılması təklifi ilə çıxış edib.

Millət vəkili Əli Məsimli isə bildirib ki, regionların büdcədə gəlir payı cəmi 800 milyon manat təşkil edir ki, bu da çox azdır. Onun fikrincə, hökumət son zamanlar azərbaycanlılara qarşı Rusiyada başlayan xoşagəlməz hərəkətləri nəzərə alaraq, regionlara diqqəti daha da artırmalı və yeni iş yerlərinin yaradılmasına daha çox diqqət yetirməlidir.

O, qeyd edib ki, Azərbaycanda "kölgə iqtisadiyyatı"nın vergilərə cəlb edilməsi istiqamətində ciddi işlər görülməlidir. Ə.Məsimlinin fikrincə, bu problem həll olunsa, dövlət büdcəsinə əlavə olaraq 100 milyon manat vəsait cəlb etmək mümkündür.

Ə.Məsimli, həmçinin Maliyyə Nazirliyinin əsasnaməsinin yenidən işlənməsini və bu qurumun səlahiyyətlərinin artırılmasını istəyib: "Bundan sonra nazirlik daha çox vəsait cəlb edərək büdcəyə köçürə biləcək. Həmçinin, regionları daha da inkişaf etdirərək büdcəyə əlavə vəsaitlər cəlb etmək mümkündür".

Millət vəkili sosial ipotekaya ayrılan vəsaitlərin artırılması, bunun üçün əlavə mənbələr tapılması və "xalq evləri"nin tikilməsinin vacibliyini də önə çəkib.

Deputat Fazil Mustafa isə təhsil xərclərinin 122 milyon manat artırılmasını müsbət hal kimi dəyərləndirsə də, bunun cəmi 53 milyon manatının orta təhsil pilləsinə ayrılmasının yetərli olmadığını deyib. Onun fikrincə, bu çox cüzi rəqəmdir. Deputat qeyd edib ki, müəllimlərin, o cümlədən həkimlərin əməkhaqqılarının artırılması istiqamətində işlər görülməlidir.

Bundan əlavə, millət vəkili deputatların yerlərdə seçicilərlə görüşlərinin keçirilməsi üçün yerlərin kirayə tutulması və ya bu məqsədlə yeni binaların tikilməsi təklifi ilə çıxış edib.

Deputat Jalə Əliyeva da aztəminatlı ailələrin evlə təmin edilməsi məqsədilə sosial mənzillərin tikilməsi təklifi ilə çıxış edib.

Millət vəkili Mübariz Qurbanlı isə bildirib ki, ölkədə istehsalın həcmi, istehsal müəssisələrinin gücü artırılmalıdır: "Bu sahədə xaricə ixrac və idxal olunan məhsulların nomenklaturası arasında müqayisə aparılmalıdır. Təəssüf ki, idxalda adi məmulatları da görürük. Texnoparkların salınması ilə yanaşı, mütləq yüngül sənaye sahələri inkişaf etdirilməlidir. Xüsusilə də emal sahələrinə diqqət yetirilməlidir. Sənaye müəssisələrinin sayı artsa da, hələ də ÜDM-in sahə strukturunda kənd təsərrüfatının payı cəmi 42 faizdir. Deməli, bu sahəyə diqqəti artırmaq lazımdır".

O, həmçinin kənd təsərrüfatı məhsullarını saxlamaq üçün soyuducu anbarların sayının çoxaldılmasını və xüsusi emal müəssisələrinin yaradılmasını təklif edib: "Regionlarda kənd təsərrüfatı məhsullarını saxlamaq üçün soyuducu anbarların sayı artırılmalıdır. Azərbaycanın elə bölgələri var ki, meyvə-tərəvəz kifayət qədərdir, lakin ixrac imkanları məhduddur. İkinci təklifim xüsusi emal müəssisələrinin yaradılması ilə bağlıdır. Amma bu müəssisələrin işləmə qabiliyyəti və gəlir əldə etmək imkanları zəifdir. Bu da elektrik enerjisinin qiymətinin baha olması ilə əlaqədardır. Bir çox ölkələrdə belə emal müəssisələrinə vətəndaşlarla nisbətdə elektrik enerjisi güzəştli qiymətlə verilir. Bu olmasa, həmin müəssisələr rentabelli olmayacaq. Bununla da Azərbaycanda yetişdirilən çox qiymətli bitkiləri itirəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti