...

Baş katib: Azərbaycanda prezident seçkilərinin keçirilməsi təcrübəsi MDB-də seçki qanunvericiliyinin inkişafına kömək edəcək

Siyasət Materials 16 Dekabr 2013 13:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir E.Əliyev/

Azərbaycanda prezident seçkilərinin keçirilməsi təcrübəsi MDB-də seçki qanunvericiliyinin inkişafına kömək edəcək. Trend-in məlumatına görə, bu barədə MDB Parlamentlərarası Assambleya (PAA) Şurasının baş katibi Aleksey Sergeyev bazar ertəsi Bakıda öz işinə başlayan "MDB ölkələrində seçki qanunvericiliyinin inkişafı: təkmilləşdirmə yolları və tətbiqi praktikası" beynəlxalq seminarında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, seminarın keçirilməsi yeri kimi Bakının seçilməsi təsadüfi deyil: "2013-cü ilin oktyabrında Azərbaycanda prezident seçkilərinə hazırlıq və sonralar seçkilərin keçirilməsini müşahidə edərkən MDB-dən olan müşahidəçilər həm seçki qanunvericiliyinin inkişafı, həm də Mərkəzi, eləcə də dairə və məntəqə seçki komissiyalarının fəaliyyətinin təşkilində mühüm irəliləyiş qeyd ediblər".

A.Sergeyev bildirib ki, seminar zamanı iştirakçılar Azərbaycanın bu sahədə əldə etdiyi qabaqcıl təcrübə ilə tanış olmağı planlaşdırırlar: "Biz ümid edirik ki, azərbaycanlı həmkarlarımız öz təcrübələrini bizimlə bölüşəcəklər. Bundan başqa, sabah biz Azərbaycanın Mərkəzi Seçki Komissiyasına baş çəkməyi, burada tətbiq olunan qabaqcıl təcrübə və infrastrukturla tanış olmağı, eləcə də videokonfransların köməyi ilə yerlərdə dairə seçki məntəqələrinin işi ilə tanış olmağı planlaşdırırıq. Bu, Birlik məkanında seçki bazasının gələcəkdə təkmilləşdirilməsi üzrə təklifin hazırlanmasına imkan verəcək".

Onun sözlərinə görə, MDB ölkələri seçki qanunvericiliyinin formalaşdırılmasını başa çatdırmaq üzrədir: "Əlbəttə, Avropa Şurası və ATƏT kimi beynəlxalq təşkilatların təcrübəsini nəzərə almamaq olmaz. Eyni zamanda, region ölkələrinin milli xüsusiyyətlərini və digər aspektləri də nəzərə almaq vacibdir".

Çıxışı zamanı, o, RF Federal Məclisi Şurasının sədri Valentina Matviyenkonun seminar iştirakçılarına təbrik məktubunu oxuyub.
Məktubda deyilir: "Dövlət quruculuğunun hazırkı mərhələsinin əsas vəzifəsi seçki sahəsində fəaliyyət göstərən bütün strukturların maraqlarını tam nəzərə almaqla qüvvədə olan qanunvericiliyin təkmilləşdirilməsidir".

Məktubda deyilir ki, ənənəyə çevrilmiş, seçki qanunvericiliyinin daha aktual məsələlərinə və onun tətbiqinin praktikasına həsr olunmuş MDB PAA seminarları göstərilən sahədə əməkdaşlığın qurulmasında mühüm rol oynayır. Seçkiləri beynəlxalq müşahidənin baza prinsipləri və metodikasının müzakirəsi seçkilərin beynəlxalq monitorinqinin demokratiyanın inkişafı və etimad mühitinin möhkəmləndirilməsini stimullaşdıran dövlətlərarası və parlamentlərarası əməkdaşlığın həqiqi alətinə çevrilməsində əhəmiyyətli rol oynayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti