Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir R.Hafizoğlu/
Avropa İttifaqı (Aİ) və Türkiyə arasında danışıqlar əvvəlki tempdə davam edəcək. Trend-in cümə axşamı "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Aİ işləri üzrə yeni naziri Mövlud Çavuşoğlu nazir səlahiyyətlərini qəbul edərkən deyib.
Onun sözlərinə görə, əvvəlki nazir Egemen Baxışın dövründə Türkiyə Aİ ilə danışıqlarda ciddi irəliləyişlərə nail olub.
Qeyd edək ki, dünən Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Prezident Abdullah Güllə görüşdən sonra hökumətin yeni tərkibini açıqlayıb.
R.T.Ərdoğan Ankaradan olan millət vəkili Əmrullah İşlərin Baş nazirin müavini Bəkir Bozdağın yerinə gətirildiyini açıqlayıb. B.Bozdağ isə ədliyyə naziri təyin olunub.
Hakim partiyadan olan millət vəkili Lütfi Əlvan nəqliyyat, dənizçilik və kommunikasiya naziri olub.
Ailə və Sosial Siyasət Nazirliyinə Ayşənur İslam, Avropa İttifaqı işləri üzrə Nazirliyə isə Mövlud Çavuşoğlu rəhbərlik edəcək.
Elm, sənaye və texnologiya naziri vəzifəsinə Fikri İşıq, ətraf mühit və şəhərsalma naziri vəzifəsinə isə İdris Güllüce təyin olunub.
Bundan başqa, Nihat Zeybekçi iqtisadiyyat naziri, Akif Çağatay Kılıç gənçlər və idman naziri, Efkan Ala isə daxil işlər naziri vəzifələrində çalışacaqlar.
Türkiyədə adı korrupsiya qalmaqalında hallanan iqtisadiyyat və daxili işlər nazirləri Zəfər Çağlayan və Müəmmər Gülər, həmçinin şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdar istefa veriblər.