...

Yeni yaradılacaq müxalif birliyin Milli Şurada təmsil olunan partiyalarla əməkdaşlığı məsələsinə aydınlıq gətirilib

Siyasət Materials 21 Yanvar 2014 12:41 (UTC +04:00)
Müxalifət düşərgəsində yeni birliyin yaradılması prosesində iştirak edən Azadlıq Partiyasının sədri Əhməd Oruc birliyin Müsavat Partiyası, o cümlədən Milli Şurada təmsil olunan partiyalar ilə əməkdaşlıq etməsini mümkünsüz sayır.
Yeni yaradılacaq müxalif birliyin Milli Şurada təmsil olunan partiyalarla əməkdaşlığı məsələsinə aydınlıq gətirilib

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir E.Mehdiyev/

Müxalifət düşərgəsində yeni birliyin yaradılması prosesində iştirak edən Azadlıq Partiyasının sədri Əhməd Oruc birliyin Müsavat Partiyası, o cümlədən Milli Şurada təmsil olunan partiyalar ilə əməkdaşlıq etməsini mümkünsüz sayır.

Ə.Oruc Trend-ə bildirib ki, Müsavat Partiyası və Milli Şurada təmsil olunan partiyalar üçün sırf konyektur maraqlar, partiya maraqlarını önə çəkmək və gündəmdə qalmaq xatirinə fəaliyyət göstərmək əsasdır: "Biz sırf konyektur maraqlarla siyasi gündəmdə olan partiyalarla əməkdaşlığı uğurlu saymırıq. Onlar partiya maraqlarına görə istənilən vaxt milli marağa uyğun olmayan mövqe ortaya qoya bilirlər, sövdələşmələrə gedə bilirlər. Ona görə də biz əsasən hansı ideyalar cəmiyyət tərəfindən qəbulolunandır, hansı zamanda bu proseslərə aktivlik gətirmək olar və s. bu kimi istiqamətdə polemika aparırıq. Bu səbəbdən biz o partiyalarla haradasa bir yerdə olmağı arzulamırıq".

Ə.Oruc əlavə edib ki, Azadlıq Partiyası Milli Şurada təmsil olunan KXCP, Açıq Cəmiyyət Partiyası ilə Demokratik Qüvvələrin Məşvərət Məclisində bir arada olub: "Onlar heç bir prinsipi, heç bir dəyəri gözləməyən partiyalardır. Onlarla bizim bir arada olmağımızın heç bir məntiqi izahı ola bilməz. Yəni, bu adamalar orda-burda nəsə əldə etmək üçün, sözün əsl mənasında, vurnuxurlar, ancaq çox vaxt özləri də bilmirlər ki, nə istəyirlər".

Onun sözlərinə görə, Milli Şuranın özündə də qeyri-müəyyənlik var: "Bu gün sədri çıxarırlar, sabah sədr qayıdır, içəridə bir-birilərini agent adlandırırlar. O tipli birliklərlə uğur qazanmaq, cəmiyyətin o cür birlikləri dəstəkləməsi mümkünsüzdür".

Qeyd edək ki, bir müddət öncə Ə.Oruc bildirmişdi ki, yeni birliyin yaradılması üçün ikitərəfli, üçtərəfli müzakirələr gedir. QHT-lərin, ayrı-ayrı şəxslərin də daxil olacağı birlik 2015-ci ilin parlament seçkilərinə hesablanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti