Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir E.Mehdiyev/
Hansısa partiya nümayəndələrinin Krıma getmək cəhdi sadəcə piar kampaniyasından başqa bir şey deyil. Trend-in məlumatına görə, bu barədə Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı partiyanın rəsmi saytına müsahibəsində Azərbaycanın müxalifət partiyalarının Krıma səfər etmək cəhdinə münasibət bildirərkən deyib.
M.Qurbanlı qeyd edib ki, həmin bölgədə vəziyyət hər kəsə bəllidir: "Əgər Krıma ATƏT-in nümayəndələri buraxılmırsa, gediş-gəliş tam nəzarətə götürülübsə və bunu bilə-bilə kimlərsə Krıma getməyə cəhd göstərirlərsə, təbii ki, burada piar kampaniyasının elementləri görünməkdədir. Yəqin ki, Müsavat Partiyasından olan həmin adamlar yola çıxanda onların həmin əraziyə buraxılmayacağını dəqiq bilirdilər. Çünki qeyd etdiyim kimi, Krıma hətta Qərbi Ukraynadan gələn adamları buraxmırlar".
O, bildirib ki, Krım əslində bu gün elə məkana çevrilib ki, bu məkan beynəlxalq münasibətlərdə nifaq zonası təsəvvürü yaradır.
Onun sözlərinə görə, belə bir şəraitdə həmin əraziyə getməyə cəhd etmək yalnız və yalnız özünü reklam addımı ola bilər: "Sonra da gəlib mətbuatda bu cür açıqlamalar vermək də gündəmdə qalmaq istəyinin təzahürüdür. Məlumdur ki, Krımda tatarlar əhalinin 12-15 faizini təşkil edir. Bu gün Krım tatarlarının rəhbərliyi Rusiya rəhbərliyi tərəfindən dəvət alır, danışıqlar aparırlar. Krım tatarlarının maraqlarına gəldikdə isə əvvəla, tatarlar öz maraqlarını qorumaq üçün müəyyən dərəcədə təşkilatlanmış bir toplumdur".
M.Qurbanlının sözlərinə görə, digər tərəfdən, NATO-nun üzvü və Rusiya ilə yaxşı münasibətləri olan Türkiyənin bu məsələdə mövqeyi də aydındır: "Belə olan şəraitdə, Azərbaycanın özünün ərazi bütövlüyü ilə bağlı problemi olduğu bir vaxtda, həmçinin ermənilərin bizim Rusiya ilə münasibətlərimizi pozmağa çalışdığı bir şəraitdə bu cür addımların atılması qarşı tərəfə təbliğat üçün dəstavüz vermiş olar. Müxalifət nümayəndələrinin Krıma səfər etmək cəhdləri ilə bağlı Rusiya saytlarında da məlumatlar verilib. Həmin məlumatlara verilən şərhlərdə Azərbaycanda bəzi qüvvələrin Krım tatarlarını qızışdırmaq üçün fəaliyyətə keçdiyi haqqında yanlış fikirlər yayılır. Bu fikirlərin yayılmasında erməni izi var və onlar Rusiyada anti-türk, anti-Azərbaycan təbliğat maşınını işə salmaq istəyirlər. Onlar hətta Türkiyənin Krım tatarları ilə bağlı yeritdiyi siyasət haqqında şişirdilmiş, yalan məlumatlar yayırlar. Təbii ki, bu prosesdən sui-istifadə edərək bizim ölkəmizin də adının bu məsələlərdə hallanmasına cəhd göstərirlər".
Millət vəkili hesab edir ki, belə bir şəraitdə bu cür addımların atılması milli maraqlarımız baxımından xeyir verən məsələ deyil: "Nəhəng güclərin toqquşduğu bir məkanda və məqamda özünü qoruma instinkti yüksək olmalıdır. Milli maraqlardan çıxış edərək bizim bu məsələlərə müdaxilə etməyimizə ehtiyac yoxdur. Dövlətimizin Ukraynada baş verən hadisələrlə əlaqədar mövqeyini Xarici İşlər Nazirliyi ifadə edib. Ona görə də bu məsələlərdə hər kəs həssas, diqqətli olmalı və milli maraqlarımıza ziyan vuracaq addımlar atmamalıdır".