...

Ramin Məmmədov: Gənclərimizin azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməsi onların daha mütəşəkkil təşkilatlanmaları üçün zəmin yaradır

Siyasət Materials 3 Aprel 2014 15:44 (UTC +04:00)
Gənclərimizin Vətən naminə azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməsi, diaspor quruculuğu prosesində yaxından iştirak etməsi onların daha mütəşəkkil təşkilatlanmaları üçün zəmin yaratdı.
Ramin Məmmədov: Gənclərimizin azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməsi onların daha mütəşəkkil təşkilatlanmaları üçün zəmin yaradır

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir E.Mehdiyev/

Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi sədrinin müavini Ramin Məmmədovun Trend-ə müsahibəsi

- Mümkünsə, Dünya Azərbaycanlı Gənclər Birliyinin son iki ildəki fəaliyyəti barədə qısa məlumat verərdiniz. Növbəti illər üçün qarşıda duran planlarınız nədir?

- Öncə onu qeyd etmək istərdim ki, gənclərimizin Vətən naminə azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməsi, diaspor quruculuğu prosesində yaxından iştirak etməsi onların daha mütəşəkkil təşkilatlanmaları üçün zəmin yaratdı. Məlum olduğu kimi, "Azərbaycan Gəncliyi Dövlət Proqramı"na uyğun olaraq, 2010-cu ilin noyabr ayında Frankfurt şəhərində Dünya Azərbaycanlı Gənclərinin I Konqresi keçirildi. Konqresin Qətnaməsinə uyğun olaraq "Dünya Azərbaycanlı Gənclər Birliyi"nin təsis edilməsi ilə bağlı təşəbbüs qrupu yaradıldı. 2011-ci il, iyul ayının 5-də Bakı şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının III Qurultayının qətnaməsində Dünya Azərbaycanlı Gənclər Birliyinin təsisi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsinin zəruriliyi qeyd olundu. Bununla da dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən gənclər təşkilatlarının vahid bir qurumda birləşdirilməsi və fəaliyyətinin koordinasiya olunması istiqamətində mühüm bir platformanın əsası qoyuldu.

2012-ci ildə Azərbaycan gəncliyinin həyatında ən əlamətdar hadisə Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis edilməsi oldu.

Artıq iki ildir ki, fəaliyyət göstərən birliyin əsas məqsədi Azərbaycan Rеspublikasında və xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin hərtərəfli inkişafının təmini, dünya azərbaycanlılarının milli-mənəvi dəyərlər əsasında səfərbər olmasıdır. Ötən dövrə nəzərə salsaq, bu sahədə mühüm işlərin görülməsinin faktlarla sübutunu görərik.

İlk növbədə diaspor təşkilatlarına azərbaycanlı gənclərin daha geniş cəlb olunması əsas vəzifələrimizdəndir. Qeyd edim ki, 2013-cü ilin aprel ayında keçirilən Dünya Azərbaycanlı Gənclər Birliyinin Məşvərət Şurasının iclasında DAGB və Avropa Azərbaycanlıları Konqresi arasında Əməkdaşlıq Memorandumu imzalanmışdır. Bu sənəd dünya azərbaycanlı gənclər təşkilatları ilə Avropa Azərbaycanlıları Konqresinə üzv təşkilatlar arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və onların Avropa cəmiyyətinə inteqrasiyasının təmin olunması baxımdan önəmli olmuşdur. Hazırda dünyanın müxtəlif ölkələrində Azərbaycan dili və tarixinin tədris olunması, gələcəkdə həmvətənlərimizin assimilyasiya problemləri ilə qarşılaşmaması üçün virtual təhsillə bağlı layihələrin həyata keçirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Bundan başqa, gənclərimizin yaşadıqları cəmiyyətdə özlərinə etimad qazanmaları, aktiv lobbiçilik fəaliyyəti ilə məşğul olmaları, nüfuzlu siyasi dairələrdə, dövlət və hökumət orqanlarında təmsil olunmaları da önəmli məsələlərdəndir. Bu, ilk növbədə Azərbaycanın maraqlarının təmin olunması baxımdan əhəmiyyətlidir.

Gənclərimizin Azərbaycanın maraqları naminə ümumiyyətlə, dünyada baş verən siyasi proseslərə daha yaxından cəlb edilməsi, baş verən geosiyasi hadisələrə analitik siyasi düşüncə tərzi ilə yanaşması da bu gün bizim üçün aktual olan məsələlərdəndir. Ona görə də dünya xəritəsində yaşanan geosiyasi təlatümlər, regional siyasi dəyişikliklər tərəfimizdən diqqətlə izlənilir. O cümlədən Azərbaycan dövlətinin xarici siyasət sahəsindəki uğurları, Dövlət başçımızın beynəlxalq məsələlərdə tutduğu mövqe və bu istiqamətdə atılan addımlar nümunə kimi öyrənilir. Azərbaycan gəncləri, xüsusilə də diaspor fəaliyyəti ilə məşğul olan gənclərimiz dövlətimizin xarici siyasətinin prioritetlərini, prinsiplərini dərindən bilməli, milli maraqlarımızın müəyyn etdiyi çərçivələr haqqənda aydın və dolğun təsəvvvürə malik olmalıdır. Çünki, diaspor bu gün beynəlxalq münasibətlərin bir subyekti kimi qəbul olunur.

- Dediyiniz kontekstdən yanaşsaq bu gün Azərbaycan gəncliyi milli maraqlarımızın qorunmasına hansı töhfələr verir və ümumiyyətlə bu sahədə yetərli məlumata malikdirmi? Məsələn, Ukraynada baş verən son hadisələr, eləcə də regionda gedən digər proseslər haqqında gənclərimiz nə düşünürlər?

- Bu gün hansı ölkədə yaşamasından asılı olmayaraq gənclərimiz dövlətimizin yürütdüyü siyasətin alternativsiz olduğunu görürlər. Bu gənclərin bir çoxu nəinki regionda, eyni zamanda dünyada gedən proseslər haqqında geniş təsəvvürə malikdirlər. Azərbaycan gəncləri Prezident İlham Əliyevin siyasətini hər zaman dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Regionda və dünyada baş verən və baş verməkdə olan proseslər bir daha göstərdi ki, Prezident İlham Əliyevin yürütdüyü siyasətin alternativi yoxdur. Sizin haqqında danışdığınız Ukrayna hadisələri bir daha göstərdi ki, Azərbaycan Prezidenti nə qədər uzaqgörən bir siyasət həyata keçirir. Bu gün Azərbaycanda heç bir dövlətin hərbi bazası yoxdur. Bu, ölkənin tam şəkildə müstəqil olması baxımından olduqca vacib bir faktordur. Digər tərəfdən, Azərbaycan öz enerji təhlüksizliyini tam şəkildə təmin edib, bizim heç kimdən enerji asılılığımız yoxdur. Çünki belə bir asılılığın mövcud olmasının nə anlama gəldiyini, biz bir çox dövlətlərin təcrübəsində müşahidə etdik. Eyni zamanda ölkəmizin karbohidrogen ehtiyatlarının nəqli ilə bağlı kifayət qədər müdrik bir siyasət həyata keçirib. Bizim bu gün öz enerji ehtiyatlarımızı tərəfdaş olduğumuz ölkələr təhlükəsiz marşrutlarla ixrac etməyimizə menə yoxdur. Bu da olduqca mühüm bir nailiyyətdir, xüsusilə indiki dövrün reallıqları fonunda. Eyni zamanda Ukrayna ilə bağlı Azərbaycan dövlətinin tutduğu mövqe bizim nə dərəcədə beynəlxalq hüququn prinsiplərinə sadiq olduğumuzu, tərəfdaşlarımızn maraqlarını qorumağa qadir olduğumuzu təsdiqlədi. Bir çox ölkələrin tərəddüd etdiyi bir mərhələdə Azərbaycan kifayət qədər aydın şəkildə öz mövqeyini ifadə etdi. Bu həm də onun göstəricisi idi ki, Azərbaycan Prezidenti istənilən mürəkkəb situasiyada dövlətimizin və xalqımızın maraqlarını qorumağa qadir, güclü bir siyasətçidir. Eyni zamanda bu həm də bütün dünyaya açıq bir mesaj idi ki, Azərbaycan tamamilə müstəqil, öz milli maraqlarına uyğun siyasət həyata keçirməyə qadir güclü bir dövlətdir.

- Azərbaycan dövlətinin gənclər siyasətinin uğurları nədir?

- Qloballaşan dünyada gündən-günə inkişaf edən, müasirləşən Azərbaycanın həyatında gənclərin rolu danılmazdır. Bu istiqamətdə yürüdülmüş siyasət və həyata keçirilmiş islahatlar gənclərin cəmiyyətin bütün sferalarında aparıcı qüvvəyə çevrilməsində mühüm rol oynanır.

Respublikamızda gənclərlə bağlı qanunvericilik bazasının əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Məhz Ümummilli liderin təşəbbüsü ilə 1996-ci il fevralın 2-də Azərbaycan gənclərinin ilk forumu keçirilib. 1997-ci ildən bəri isə fevralın 2-si hər il ölkəmizdə Gənclər Günü kimi təntənəli şəkildə qeyd olunur.

Daha sonra 2002-ci ildə ''Gənclər siyasəti haqqında'' Azərbaycan Respublikasının qanunu ilə gənclərə olan dövlət qayğısı öz siyasi- hüquqi əsaslarını tapdı. Bu istiqamətdə həyata keçirilmiş islahatlar gənc nəslin yaradıcılıq potensialının daha da inkişafına, intellektli gənclərin yetişməsinə, onların azərbaycançılıq ideologiyası ətrafında daha mütəşəkkil şəkildə birləşməsinə təkan vermiş oldu.

Bu gün bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Ölkə başçısı tərəfindən 2005-ci ildə imzalanmış "Azərbaycan gəncliyi 2005-2009-cu illərdə" və 2011-ci ildəki "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" dövlət proqramları gənclərin ölkənin ictimai-siyasi, mədəni, iqtisadi həyatında fəallığının daha da artmasına şərait yaratdı. Adekvat olaraq Azərbaycan gəncliyi də dövlətimizin göstərdiyi diqqət və qayğını öz sosial-iqtisadi və ictimai-siyasi həyatlarında hiss edir, qiymətləndirir. Gənclərin istər ölkə ərazisində, istərsə də ölkə hüdudlarından kənarda Vətənimizi layiqincə təmsil etmələri bunu deməyə əsas verir.

Dövlətimizin gənclər siyasətinin bazasında dayanan uzunmüddətli strategiya mövcuddur. Bu gün ölkə daxilində yaşayan gənclərlə yanaşı, xaricdə yaşayan və təhsil alan soydaşlarımızın da müasir durumu dövlətimizin daim diqqət mərkəzindədir.

- Diaspor quruculuğunda aparıcı qüvvə kimi gənclərin töhfələri nədən ibarətdir?

- Məlum olduğu kimi, ölkə başçısının Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na (2007-2015-ci illər) uyğun olaraq bu gün gənclərimizin dünyanın qabaqcıl universitetlərində dövlət hesabına təhsil almaları üçün əlverişli şərait yaradılıb. Bu ilk növbədə gələcək nəslin intellektual səviyyəsinin artırılmasına yönəldilmiş ən uğurlu töhfədir. Təbii ki, bu imkandan yararlanan hər bir gənc təhsil aldığı ölkədə həm də diaspor quruculuğu prosesində yaxından iştirak edir. Tədqirəlayiq haldır ki, xarici ölkələrdə yaşayan gənclərimiz Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, milli-mənəvi dəyərlərimizin və zəngin mədəni irsimizin təbliğində, Diasporla iş üzrə Dövlət Komitəsinin bütün tədbirlərində yaxından iştirak edərək diasporumuzun daha da möhkəmlənməsinə öz töhfələrini verirlər.

Xüsusilə vurğulamaq istərdim ki, gənc soydaşlarımız tərəfindən təsis olunmuş diaspor təşkilatları xalqımızın müxtəlif dövrlərdə məruz qaldığı terror və soyqırım aktlarını, Ermənistanın Azərbaycana təcavüzü barədə məlumatları müasir informasiya texnologiyalarından istifadə edərək dünya ictimaiyyətinə daha effektiv şəkildə çatdırırlar. 2009-cu ildən fəaliyyət göstərən Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı tərəfindən Azərbaycan həqiqətlərinin və xalqımızın zəngin mədəni irsinin nəinki Rusiyaya həmçinin dünyaya çatdırılması istiqamətində mühüm işlər görülür. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlamış "Xocalıya ədalət" beynəlxalq təbliğat və məlumatdırma kampaniyası çərçivəsində mütəmadi olaraq dünyanın bir sıra ölkələrində Xocalı soyqırımı ilə bağlı tədbirlər təşkil olunur, aktiv təbliğat və təşviqat işi aparılır.

2012-ci il noyabrın 12-də Dünya Azərbaycanlı Gənclər Birliyinin təşkilatçılığı ilə Ermənistanın Fransadakı Səfirliyi qarşısında Azərbaycan və türk diaspor təşkilatlarının birgə etiraz aksiyası keçirildi. 1500-ə yaxın azərbaycanlı və türkün iştirakı ilə keçirilmiş aksiyanın məqsədi Azərbaycan torpaqlarının işğalında fəal iştirak etmiş, Xocalı soyqırımının təşkilatçılarından olan Sərkisyanın Fransaya səfərinə qarşı Azərbaycan diasporunun etirazını yerli ictimaiyyətə çatdırmaq idi. Bundan başqa, 2013-cü il yanvar ayının 25-də Dünya Azərbaycanlı Gənclər Birliyinin Mərkəzi Şura üzvü, Amerika Azərbaycanlıları Şəbəkəsinin rəhbəri Adil Bağırov tərəfindən "Ağ Ev"in rəsmi veb səhifəsindəki "Biz xalqıq" bölməsində Xocalı soyqırımı ilə bağlı petisiya yerləşdirilməsinə nail olundu. Xarici ölkələrdə yaşayan həmvətənlərimizin, Azərbaycan diaspor fəallarının, kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının və yerli ictimaiyyətin aktiv fəaliyyəti nəticəsində Xocalı soyqırımının tanınmasına dair yerləşdirilmiş petisiyayatoplanılan imzalar vaxtından əvvəl 100.000 imza limitini keçdi. Petisiyanı imzalayan hər bir kəsə Ağ Evdən gələn cavab məktubunda bir daha ABŞ tərəfinin bu məsələ ilə bağlı rəsmi mövqeyi bildirilmişdi. Beləliklə də ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir daha mövqe nümayiş etdirməsinə müvəffəq olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti