...

Qalib ruhlu Prezident...

Siyasət Materials 10 May 2014 10:57 (UTC +04:00)
9 May-böyük bayramdır, Qələbə bayramı. Dünya tarixinə şərəfli səhifələr yazanların bayramı.
Qalib  ruhlu Prezident...

Arzu Nağıyev, Trend-in icmalçısı

9 May-böyük bayramdır, Qələbə bayramı. Dünya tarixinə şərəfli səhifələr yazanların bayramı. 69 il öncə qanları, canları bahasına bugünkü günü bizə bəxş edən, vicdanla, namusla, qeyrətlə Vətənə xidmət edənlər bu sevincini bizlə bölüşürlər. Məlumdur ki, inanılmaz dərəcədə ağır bir şəraitdə, yarı ac, yarı tox, soyuğa, sazağa, şaxtaya sinə gərərək bu insanlar Qələbəni böyük çətinliklə əldə ediblər. Bu günü qeyd etməyə layiqdirlər onlar. Çoxlarının ahıl vaxtı olsa da, gözlərində böyük bir parıltı, cavanlıq eşqi sezilir. Eşq olsun onlara!

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə bütün xalq onlara təşəkkür və təbriklərini çatdırmaqla, bayramı bir yerdə qeyd edirlər. Prezidentin onlarla söhbətləri, davranışı, səmimi münasibəti böyük mətləblərdən xəbər verir. Çünki istər Prezident, istərsə də Azərbaycan xalqı müharibənin ağrı-acılarının nə olduğunu gözəl duyur və bilirlər.

Bu gün ölkədə elə bir ailə, elə bir nəsil yoxdur ki, torpaqlarımızda gedən müharibənin ağrısını, acısını çəkməsin. Lakin əzmkar xalq olan azərbaycanlılar, başda Prezidenti olmaqla bu sınaqdan da alnıaçıq çıxacağına və qələbə çalacağına əmindir. Bu gün bizim babalarımızın şücaəti ilə fəxr edirik, gün gəlsin ki, bizdən sonra gələn nəsillər, nəvə, nəticələr də qələbə çalmış, işğal olunmuş torpaqlarımızı düşmən tapdağından azad etmiş xalqımız və onun Prezidenti ilə qaliblər kimi fəxr etsinlər. Doğrudan da həmin anları yaşamağa layiq bir xalqımız var.

1941-1945-ci ilin Böyük Vətən müharibəsində qələbə heç də asanlıqla əldə edilməyib. Çünki müharibə haqsızlıq, ölüm, itki, əsir düşmək, bir sözlə ədalətsizliyin hökm sürdüyü acı bir həqiqətdir. Bütün bu anları yaşamış Vətən övladına, yaşından, əqidəsindən, məsləkindən, cəmiyyəti mövqeyindən asılı olmayarq hörmətlə yanaşmaq, problemlərini həll etmək hamımızın borcudur. Bir sözlə çünki onlar qalibdirlər və bizi yaşadanlardır. Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyi də məhz bu istiqamətə yönəlib və qayğıkeşliklə bu insanların həyat tərzinin yaxşılaşdırılması üçün maddi və mənəvi cəhətdən məqbul sayılan mühüm qərarlar verib.

Azərbaycan Prezidenti veteranların keçirdiyi hissləri qəbul edir, hansı çətinliklərlə üzləşdiklərini duyur. 9 may günü ilə bağlı keçirilən görüşlərdə də bir daha hiss olunurdu ki, yaşadıqları bütün çətinliklərə baxmayaraq, ürəkləri bu qədər sınaqlardan sonra codlaşmadı, qabalaşmadı. Qalib veteranlar bu gün də Prezidentə öz arzularını, sevgilərini, emosiyalarını səmimi qəlbdən hədiyyə etdilər.

Məlumdur ki, Böyük Vətən müharibəsində Azərbaycandan 650 mindən çox şəxs iştirak edib. Azərbaycanlılardan təşkil edilmiş diviziyalar döyüşlərdə misilsiz igidlik və şücaət göstərərək, Qafqazdan Berlinə qədər mübarizə yolu keçiblər, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər "Şərəf" ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif ediliblər. Bir sözlə yüzlərlə, minlərlə azərbaycanlıların adları bu müharibənin tarixinə qızıl hərflərlə yazılıb.

Bu müharibədə Azərbaycan nefti də həlledici amillərdən olub. 1941-ci ildə Azərbaycan tarixində ən çox - 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər və böyük qələbənin qazanılmasında mühüm rol oynayıblar.

Qələbə günü Azərbaycanda rəsmi dövlət bayramı kimi qeyd olunur. 1941-1945-ci il müharibəsində iştirak etmiş soydaşlarımızdan 3000 nəfərə yaxını hazırda sağdır. Bayramınız mübarək olsun, əziz veteranlar! Sizdən örnək və təpər götürək.

Qarabağda qələbə kimi bir borcumuzu yerinə yetirək və Ali Baş komandan kimi, Prezident İlham Əliyev də Qələbə paradını qəbul etsin. Sizi kimi qalibləri olan bir xalq buna qadirdir və nəyin bahasına olursa-olsun, biz bu sevinci yaşamağa və yaşatmağa məhkumuq.

Bir daha bayramınız mübarək, əziz QALİBLƏR!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti