Azərbaycan, Bakı, 13 may /Trend/
Azərbaycan hər zaman İslam ümməti ilə onun kədər və problemlərinin bölüşməsində həmrəy olub. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ər-Riyadda ərəb ölkələri ilə Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında iqtisadiyyat və əməkdaşlıq üzrə Forumun birinci iclasında çıxış edərkən deyib.
Nazir qeyd edib ki, Azərbaycanın dəstəyi ölkənin 2012-2013-cü illərdə BMT TŞ-yə üzvlüyü zamanı xüsusilə aşkar və faydalı olub: "Ərəb Dövlətləri Liqasının baş katibi Nabil əl-Ərəbiyə ünvanladığım məktubumda da qeyd etdiyim kimi, Azərbaycan BMT TŞ-də İslam ümmətinin haqq işinə sadiq qalıb və BMT TŞ-dəki müzakirələrin predmeti olmuş Fələstin, Suriya böhranı, Sudan, İraq və Yəmən məsələlərində fəal mövqe nümayiş etdirib. Bundan əlavə, 2013-cü ilin 28 oktyabr tarixində Azərbaycanın təşəbbüsü və sədrliyi ilə ilk dəfə BMT TŞ-nin və İƏT-in "BMT və İƏT arasında birgə əməkdaşlığın gücləndirilməsi" mövzusunda xüsusi iclası keçirilib".
E.Məmmədyarov əlavə edib ki, bu tarixi görüşün nəticəsində BMT TŞ-yə qeyri-daimi üzv olan İƏT üzv dövlətinin sədrliyi ilə ildə iki dəfə belə iclasın keçirilməsi haqqında razılıq əldə olunub: "Bu baxımdan, biz qardaş Fələstin xalqını və onların sülh, sabitliyə nail olunması, suveren və müstəqil Fələstin Dövlətinin yaradılması üçün göstərdiyi səyləri dəstəklədiyimizi bir daha təkrar edirik. Biz BMT BA-nın Fələstinə BMT-yə üzv olmayan müşahidəçi dövlət statusu vermək qərarını və Fələstin Dövlətinin UNESCO-ya qəbulu kimi bir sıra həvəsləndirici hadisələr və müsbət irəliləyişlərin şahidi olmaqdan məmnunuq".
XİN rəhbəri bildirib ki, həmçinin Azərbaycan regional və beynəlxalq təhlükəsizliyi təhdid edən və bir çox günahsız insanların həyatını itirməsinə səbəb olan Suriyadakı zorakılığın artmasından olduqca narahatdır: "Biz Suriyadakı böhranın sülh yolu ilə həllinin tapılması üçün BMT və Ərəb Dövlətləri Liqasının səylərini dəstəkləyirik. Çox təəssüf ki, biz hələ də dinlərin diffamasiyası, dini nifrətə təhrik və islamofobiya kimi çağırışların davam etməsi ilə üzləşirik. Bu Forum sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi və stereotiplərin qarşısının alınmasında faydalı ola bilər".