Azərbaycan, Bakı, 14 may /Trend, müxbir R.Hafizoğlu/
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün kömür mədənində partlayışın baş verdiyi Manisa vilayətinin Soma şəhərinə gəlib. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.
Xatırladaq ki, Baş nazir 200-dən çox insanın ölümü ilə nəticələnən, kömür mədənində baş vermiş partlayışla əlaqədar Albaniyaya bu gün nəzərdə tutulan rəsmi səfərini təxirə salıb.
Qeyd edək ki, Türkiyədə kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 205 nəfərə çatıb.
Faciə ilə əlaqədar Türkiyədə üçgünlük matəm elan olunub.
İlkin ehtimala görə, hadisəyə qısaqapanma səbəb olub, bu da yanğına və partlayışa gətirib çıxarıb. Partlayış yerində xilasetmə işləri aparılır.
Ölənlərin əksəriyyətinin dəm qazından zəhərləndiyi bildirilir.
Türkiyə Statistika İnstitutunun məlumatına görə, son dörd ayda ölkədə iş yerlərində bədbəxt hadisələr nəticəsində 1235 nəfər ölüb, onlardan 103-ü qadındır.