Azərbaycan, Bakı, 29 may/ Trend, müxbir S.Əhmədova/
28 May - Respublika Günü münasibətilə Azərbaycanın Argentinadakı səfirliyi tərəfindən Argentina Xarici İşlər və Etiqad Nazirliyinin "Auditorio Manuel Belgrano" tədbirlər və konsert zalında rəsmi tədbir keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirə Argentina Xarici İşlər və Etiqad Nazirliyi və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi təşkilati dəstək göstəriblər.
Tədbirdə Argentina hökumətinin, parlamentinin, ölkədə akkreditə olunan diplomatik korpusun, elmi-akademik, işğüzar dairələrin, mədəniyyət və aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Argentinanın xarici siyasət üzrə dövlət katibinin müavini Marina Karolina Perez-Kolman hökuməti adından Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə təbrik edib, Azərbaycanın Argentina üçün önəmi, Azərbaycan-Argentina münasibətlərində son illərdə əldə edilmiş nailiyyətlər barədə danışıb. Müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycanda yarandığını qeyd edən M.K.Perez-Kolman Azərbaycanı strateji mövqeyə, zəngin təbii resurslara, dinamik inkişafa və yüksək beynəlxalq nüfuza malik ölkə kimi xarakterizə edib.
Sonra çıxış etmiş Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə Azərbaycanın müstəqillik illərində keçdiyi yol, ölkəmizin inkişaf strategiyası, regional liderliyi, beynəlxalq əməkdaşlığı, o cümlədən Latın Amerikası regionu ölkələri ilə son illərdə inkişaf etməkdə olan əlaqələrindən danışıb. Argentina ilə əlaqələrə toxunan diplomat iki ölkə arasında siyasi, iqtisadi və humantar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərindən bəhs edib.
Tədbir Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında konsert proqramı ilə davam edib. Konsertdə tanınmış rəqs ustası xalq artisti Təranə Muradova, habelə rəqqaslar Günel Şeyxova, Viktoria Şahmuradova, Ceyhun Qubadov, Elnur Süleymanov, Cavid Alayarov "Azərbaycan rəqsi", "Sarı gəlin", "Uzundərə", "Çayçı", "Qaval rəqsi", "Naz eləmə", "Yallı" kimi milli rəqslərimizi, Beynəlxalq Muğam Müsabiqəsinin Qran-Pri mükafatçısı xanəndə Ehtiram Hüseynov, əməkdar mədəniyyət işçisi tarzən Elçin Abbasov və kamança ustası Fariz Hüseynov "Şüştər rəngi və təsnifi", "Qarabağ şikəstəsi", "Bayatı şiraz", "Segah təsnifi" kimi məşhur muğamlarımızı böyük məharətlə təqdim ediblər. Muğam ustalarımızın "Bayatı şiraz" muğamı üzərində ifa etdikləri tanqo parçası tamaşaçıların böyük heyrətinə səbəb olub. Konsert proqramı bütün ansamblın üzvlərinin iştirakı ilə "Azərbaycan" adlı final nömrəsinin təqdimatı ilə yekunlaşıb.
Konsert proqramından sonra rəsmi ziyafət verilib. Tədbirdə, habelə Azərbaycanın tarixi abidələrinin, müasir görüntülərinin və gələcək layihələrinin fotoşəkillərindən ibarət sərgi nümayiş etdirilib.