...

Zakir Həsənov: Azərbaycanın müdafiə qüdrəti daha da artıb

Siyasət Materials 31 May 2014 14:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /Trend/

Azərbaycanın müdafiə qüdrəti daha da artıb. Trend-in məlumatına görə, bunu Azərbaycanın müdafiə naziri Zakir Həsənov Respublika gənclərinin VII forumunun keçirilməsi münasibəti ilə Silahlı Qüvvələrdə xidmət edən gənclərə təbrikində deyib.

General-polkovnik qeyd edib ki, gənclər forumunun ilk dəfə ümummilli liderimiz Heydər Əliyev tərəfindən təşkil olunması və müvəffəqiyyətlə keçirilməsi gənc nəslin həyatında əlamətdar hadisəyə çevrilib, müstəqil respublikamızın möhkəmlənməsində, onun inkişafında və gündən-günə çiçəklənməsində gənclərin mühüm qüvvə olduğunu sübuta yetirib: "Ümummilli liderimizin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə gənclərə xüsusi diqqət və qayğı göstərilir. Respublikamızın bütün regionlarında idman-sağlamlıq mərkəzləri, olimpiya idman kompleksləri yaradılmış, gənclərin, həmçinin hərbi qulluqçuların sosial problemlərinin həlli sahəsində böyük nailiyyətlər əldə olunaraq dövlət gənclər siyasəti müvəffəqiyyətlə həyata keçirilir".

Z.Həsənov bildirib ki, Vətən və xalq qarşısında öz müqəddəs borcunu dərindən dərk edən gənclərimiz ölkəmizin ictimai-siyasi həyatında və torpaqlarımızın müdafiəsində fəal iştirak edir, onun daha da qüdrətlənməsinə layiqli töhfələr verirlər: "Bu gün ordu quruculuğu uğurla davam etdirilən respublikamızın müdafiə qüdrəti daha da artmışdır. Ordu sıralarında xidmət edən bütün gənclər respublikamızın ərazi bütövlüyünün bərpası naminə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hər bir əmrini yerinə yetirməyə hazırdır.

Əziz gənclər, sizi Respublika gənclərinin VII forumunun keçirilməsi münasibəti ilə bir daha təbrik edir, sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və müstəqil Azərbaycanımızın tərəqqisi və onun etibarlı müdafiəsi naminə xidmətinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti