...

Politoloq: Gürcüstan Azərbaycandan qazanır, Ermənistana xərcləyir

Siyasət Materials 20 İyun 2014 14:22 (UTC +04:00)
Azərbaycanla Ermənistan arasında bərabərlik işarəsi qoyan Gürcüstan iki tale yüklü parametri inkar edir.
Politoloq: Gürcüstan Azərbaycandan qazanır, Ermənistana xərcləyir

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir İlkin İzzət/

Azərbaycanla Ermənistan arasında bərabərlik işarəsi qoyan Gürcüstan iki tale yüklü parametri inkar edir. Trend-in məlumatına görə, bunu cümə günü keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun fikrincə, hazırda Gürcüstanda iki proses yanaşı gedir: "Bunlardan biri Azərbaycana, onun real təhlükələrinə laqeydlik, digəri isə Ermənistanın real siyasətinin mahiyyətini dərk etməməkdir. Bu gün Gürcüstan əhalisi və ictimai-siyasi mühiti Azərbaycan və Türkiyəni təhlükə kimi qəbul edir. Gürcüstanın ictimai-siyasi mühiti Azərbaycandan və Türkiyədən gələn fayda ilə təhlükə arasında balans axtarmaqla məşğuldur: Bu müsəlman dövlətlərinin təhlükəsini başa düşürük, amma onların pulu olmadan keçinə bilmərik. Bu, ermənilərin gürcülərə etdiyi ideoloji diktəyə gürcülərin verdiyi cavabdır. XX əsrin əvvəllərində ermənilər təkcə Azərbaycana qarşı ərazi iddiası irəli sürməmişdilər. Azərbaycana qarşı vuruşduqları kimi Gürcüstana qarşı da vuruşurdular. SSRİ dağılarkən ermənilərə Qərbdə tələbat yarandı. Bu zaman ermənilər dərhal Cavaxetiyada - Gürcüstanın ermənilər məskunlaşmış regionunda vəziyyəti gərginləşdirdilər. Qərbdəki havadarları erməniləri başa saldılar ki, Qərb ateist SSRİ deyil. Amma xristian Ermənistanının xristian Gürcüstanından torpaq qoparmasını Qərbə başa salmaq çətin məsələdir. Nəticədə Ermənistan öz ərazilərinə birbaşa söykənən Cavaxetiyada münaqişəni dayandırıb, coğrafi cəhətdən özlərindən uzaqda olan Dağlıq Qarabağda münaqişəni başladılar".

M.Əhmədoğlu hesab edir ki, ermənilərin əlinə imkan düşən kimi Cavaxetiyada vəziyyəti gərginləşdirəcəklər: "Abxaziya və Osetiyadakı proseslərdə ermənilərin rolu bunun daha bir təsdiqidir. Gürcüstanın Ermənistanla bağlı siyasətində ABŞ-ın da rolu var. Gürcüstanı Rusiyanın üstünə təhrik edən də ABŞ idi. Gürcüstan özünün milli maraqlarına və təhlükəsizliyinə xidmət edən siyasətini qurmalı və aparmalıdır".

Mərkəzin direktoru qeyd edib ki, Gürcüstan Azərbaycan iqtisadiyyatından doyunca bəhrələnir, lakin Ermənistana xərcləyir: "Dünyada ən bahalı qaz tranziti Azərbaycan qazının Gürcüstan ərazisindən nəqlidir. Əhali arasındakı humanitar-iqtisadi əlaqələr Gürcüstanda iqtisadiyyatın inkişafında güclü rol oynayır. Azərbaycandan ayrılan investisiyalar da öz yerində. Ermənistan Gürcüstanın iqtisadi və kommunikasiya resurslarından öz xeyrinə istifadə edir. Gürcüstan Azərbaycandan qazanır, Ermənistana xərcləyir. Gürcüstanın ictimai-siyasi mühiti Gürcüstandan qazanan Ermənistanla Gürcüstanı dolandıran Azərbaycan arasında bərabərlik axtarır. Bu bərabərliklə Gürcüstan Azərbaycanın xeyirxahlığını, yaxşı qonşuluğunu inkar edir. Eləcə də gürcülər ermənilərin gürcülərə qarşı təcavüzkarlığını və hərbi təhlükəliliyini inkar edirlər. Hər iki inkar Gürcüstanın strateji taleyində həlledici rol oynaya bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti