...

ATƏT PA terrorizm və radikalizmlə mübarizəni gücləndirməyə çağırır

Siyasət Materials 1 İyul 2014 13:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir Elçin Mehdiyev/

ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən 23-cü yay sessiyası çərçivəsində təşkilatın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin iclasında "Terrorizmlə mübarizə" adlı qətnamə layihəsi müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, qətnamə layihəsində terrorçuların silahlı münaqişə zonalarından daimi yaşadıqları ölkələrə qayıtması nəticəsində terrorizm və radikalizm təhlükələrinin artmasından narahatlıq ifadə olunur və ATƏT-ə üzv ölkələr bu təhlükələrin qarşısının alınmasında təşkilatın rolunun artırılması üçün əlavə tədbirlər görmək imkanlarını nəzərdən keçirməyə çağırılır.

Qətnamə layihəsində həmçinin informasiya və kommunikasiya texnologiyalarının, o cümlədən internet və sosial şəbəkələrin terror məqsədləri üçün, habele terrorçuluğa çağırış, onun maliyyələşdirilməsi və terrorçuların ələ alınması üçün istifadə olunmasında artan tendensiyalardan narahatlıq bildirilir.

Bundan əlavə, qətnamə layihəsi ATƏT-ə üzv ölkələri informasiya və kommunikasiya texnologiyalarının, o cümlədən internet və sosial şəbəkələrin terror məqsədləri üçün istifadə edilməsinin qarşısını almaq üçün bütün lazımi tədbirlər görməyə və bu tədbirlərin milli qanunvericiliyə, beynəlxalq hüquqa və ATƏT çərçivəsində götürülən siyasi öhdəliklərə uyğunluğunu təmin etməyə çağırır.

Həmçinin qətnamə layihəsi ATƏT-ə üzv ölkələri terrorizmlə mübarizə ilə bağlı milli qanunvericiliklərini BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq terrorizmlə mübarizə istiqamətində götürdükləri beynəlxalq öhdəliklərinə, eyni zamanda antiterror konvensiyalarına və beynəlxalq mütəşəkkil cinayətkarlığa qarşı BMT-nin Konvensiyalarına uyğunlaşdırmağa çağırır.

Qətnamə layihəsini müsbət dəyərləndirən Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova qeyd edib ki, bu gün terrorizm bütün xalqları və dövlətləri təhdid edir və bu qətnamə layihəsi qanunauyğundur.

B.Muradova bildirib ki, dünyanın müxtəlif yerlərində terrorizm müxtəlif səviyyələrdə özünü biruzə verir - bəzi ölkələrdə daxili qruplar kimi, başqa ölkələrdə xaricdən təzyiq vasitəsi kimi, bəzi hallarda qanuni hökumətlərin devrilməsinə cəhdlər şəklində, bəzi hallarda siyasi məqsədlər üçün.

Onun sözlərinə görə, çox acınacaqlı haldır ki, müəyyən regional maraqlar naminə bu terrorçu qrupların fəaliyyətinə ayrı-ayrı dairələr tərəfindən dəstək verilir. "Bu məsələlər bizi narahat edir. Bu məsələ ətrafında biz daim danışmalıyıq, müzakirələr aparmalıyıq və məsələlər yalnız müzakirə səviyyəsində qalmamalıdır, müəyyən sənədlərə, öhdəliklərə çevrilərək qəbul olunmalıdır".

B.Muradova deyib ki, Azərbaycan hər zaman terrora qarşı alyansın tərkib hissəsi olub və terrorizmin bütün növlərinə qarşı öz etirazını bildirib.

Qətnamə layihəsinin müzakirəsi zamanı layihə digər nümayəndələr tərəfindən müsbət dəyərləndirilib və qeyd olunub ki, bu qətnamə layihəsi antiterrorizm sahəsində ATƏT-ə üzv ölkələrin əməkdaşlığını artıra və terrozimə qarşı ümumi strategiyanın müəyyən edilməsinə səbəb ola bilər.

Qətnamə layihəsi müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti