...

Azay Quliyev: Son günlər cəbhə xəttində baş verən hadisələrə görə beynəlxalq təşkilatlar Ermənistana sanksiyalar tətbiq etməlidir

Siyasət Materials 3 Avqust 2014 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Son günlər cəbhə xəttində baş verən hadisələrə görə beynəlxalq təşkilatlar Ermənistana sanksiyalar tətbiq etməlidir. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, ATƏT Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini, deputat Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, ən vacib və təxirə salınmaz addımlardan biri beynəlxalq aləmdə Ermənistanın aqressiv mahiyyətini ifşa etmək və region üçün bu dövlətin ən böyük təhlükə olduğunu göstərməkdən ibarət olmalıdır: "İşğalçı Ermənistanın təmas xəttində atəşkəsi pozaraq ordumuzun mövqelərinə etdiyi hücumun və törətdiyi təxribatların qarşısını almaq üçün Azərbaycanın Milli Ordusu üzərinə düşən vəzifəni layiqincə və yüksək peşəkarlıqla yerinə yetirir. Ancaq hamımız bilirik ki, müharibə təkcə cəbhə xəttində deyil, eyni zamanda informasiya və diplomatiya sahəsində də aparılır. Buna görə də bu gün bizlər- millət vəkilləri, diplomatlar, siyasi partiyalar, QHT-lər, KİV-lər və bütövlükdə hər birimiz belə bir həssas məqamda məsuliyyətimizi, üzərimizə düşən vəzifəni düzgün qiymətləndirməli və adekvat addımlar atmağı bacarmalıyıq. Beynəlxalq qurumlardan aqressorun və işğalçının cəzalandırılmasını tələb etməliyik. Xüsusilə, Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistana sanksiyaların tətbiq olunması ilə bağlı verdiyi son bəyanatına bütün vətəndaş cəmiyyəti institutlarının qoşulmasına və onu dəstəkləməsinə ciddi ehtiyac var".

Deputatın sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən bəzilərinin verdiyi ənənəvi "narahatlıq" bəyanatı qətiyyən qəbul edilə bilməz: "Minsk Qrupu nəhayət Ermənistanın son addımlarının nə qədər təhlükəli olduğunu anlamalı və heç olmasa, bir dəfə də olsun obyektivlik nümayiş etdirərək Ermənistanın atəşkəsi pozmasını və çoxlu sayda insan itkisinə səbəb olan təxribatlarını ciddi şəkildə pisləməlidir. Belə bir ədalətlı mövqeyi biz eyni zamanda ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi cənab Joa Suareşdən də gözləyirik".

A.Quliyev hesab edir ki, bu baxımdan informasiya və diplomatiya sahəsində əldə etdiyimiz üstünlüyü qoruyub saxlamaq və daha da gücləndirmək üçün bütün QHT-lər, siyasi partiyalar, mətbuat nümayəndələri, dövlət qurumları və bütövlükdə ictimaiyyət vahid mövqedən çıxış etməli və zəruri hallarda fəaliyyətimizi əlaqələndirməliyik: "Mən, xüsusilə qeyri-hökumət təşkilatlarını bu günlərdə daha fəal olmağa, Ermənistanın təmas xəttində törətdiyi təxribatla bağlı məlumatları operativ şəkildə beynəlxalq təşkilatlara təqdim etməyə çağırıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti