...

Baş Prokurorluq Arif Yunusov barəsində seçilmiş həbs qətimkan tədbirinin təfərrüatlarını açıqladı

Siyasət Materials 5 Avqust 2014 16:23 (UTC +04:00)
Arif Yunusov barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilib.
Baş Prokurorluq Arif Yunusov barəsində seçilmiş həbs qətimkan tədbirinin təfərrüatlarını açıqladı

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir İlkin İzzət/

Arif Yunusov barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı davam etdirilən cinayət işi üzrə Arif Yunusovun Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının əməkdaşlarına qəsdən kömək edərək dövlətə xəyanət etməsi və dələduzluq yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməsində əsaslı şübhələr olduğundan o, təqsirləndirilən şəxs qismində cəlb edilərək cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə və ya saxtalaşdırmaqla ibtidai istintaqın normal gedişinə mane olmasına, istintaqın çağırışlarına üzrlü səbəblər olmadan gəlməməsinə dair kifayət qədər dəlillərin olmasına baxmayaraq, səhhəti ilə əlaqədar müalicə müəssisələrinə müraciət etməsi nəzərə alınaraq, humanizm prinsipləri rəhbər tutulub 30 iyul 2014-cü il tarixdə barəsində həbslə bağlı olmayan, polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Lakin, bütün bunlara baxmayaraq A.Yunusov həmin tarixdən etibarən qətimkan tədbirinin şərtlərini müəyyən edən və ona elan olunmuş cinayət-prosessual qanunvericiliyin tələblərinin pozuntusu hallarına yol verib.

Belə ki, qətimkan tədbirinin icrasını həyata keçirən polis orqanı tərəfindən A.Yunusovun yaşadığı rayonun ərazisini müvafiq icazə olmadan dəfələrlə tərk etməsi, cinayət işi üzrə cinayət təqibinə məruz qalan və ya qala biləcək maraqlı şəxslərlə görüşləri, internet yazışmaları, kütləvi informasiya vasitələri və xəbər saytlarında dərc olunan müsahibələri ilə birtərəfli, yanlış məlumatlar verməsi, polisin müvafiq əməkdaşı dəfələrlə onun yaşadığı mənzilə gəldikdə evdə olmaması, eləcə də müəyyən edilmiş cədvəl üzrə polis orqanına gəlmə qrafikinə əməl etməyərək çağırışlara vaxtında gəlməməsi müəyyən edilib.

Göstərilənlərin əsasında əvvəl seçilmiş qətimkan tədbiri dəyişdirilərək A.Yunusovun barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Qeyd edək ki, Baş Prokurorluq və Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Leyla Yunus və həyat yoldaşının həbsi ilə bağlı yaydığı birgə məlumat da qeyd olunur ki, ibtidai istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Mirqədirov Rauf Həbibula oğlunun 2008-ci ilin aprel ayından etibarən Ermənistanın xüsusi xidmət orqanının əməkdaşlarına qəsdən kömək edərək casusluğu ilə dövlətə xəyanət etməsinə əsaslı şübhələr olduğundan 19 aprel 2014-cü il tarixdə o, cinayət törətməkdə şübhəli şəxs qismində tutulub, 21 aprel 2014-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Müəyyən edilib ki, Yunusova Leyla İslam qızı Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə 2002-ci ildən etibarən təsisçisi və sədri olduğu, hüquqi qeydiyyatı olmayan "Sülh və Demokratiya İnstitutu" adlı qurumla Şahnazaryan David Qurgenoviç, Baqdasaryan Laura Seyranovna və digərləri ilə birlikdə Ermənistanın "Region" Tədqiqatlar Mərkəzi və digər qeyri-hökumət təşkilatları arasında "xalq diplomatiyası" üzrə birgə layihələrin həyata keçirilməsi adı altında beynəlxalq donor təşkilatlardan aldığı qrant vəsaitləri, eləcədə Karen Ohacanyan tərəfindən Böyük Britaniyadakı bankdan 2002-ci ildə, Ermənistanda fəaliyyət göstərən "Jurnalist Araşdırmaları" qeyri-hökumət təşkilatı tərəfindən isə Yerevan şəhərindəki bankdan 2004-cü ilin iyul ayından 2005-ci ilin may ayına kimi olan müddətdə rəhbərlik etdiyi qurumun şöbə müdiri olan, əri Yunusov Arif Seyfulla oğlunun Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarındakı hesablarına köçürülmüş külli miqdarda pul vəsaitləri müqabilində, maddi maraq zəminində xarici kəşfiyyata şəxslərin casus kimi ələ alınmaları üçün şəxsi keyfiyyətlərini araşdırıb maddi vəziyyətlərini yaxşılaşdırmaq niyyətlərinə əmin olaraq R.Mirqədirovun dəfələrlə Gürcüstan ərazisindən Ermənistana səfərlərini A.Yunusovla birlikdə təşkil edib.

Həmin səfərlərin bir qismində A.Yunusov da R.Mirqədirovla birlikdə iştirak edərək Ermənistanın sabiq milli təhlükəsizlik naziri David Şaxnazaryan və xüsusi xidmət orqanlarının nəzarəti altında fəaliyyət göstərən digər qurumların nümayəndələri ilə görüşlər keçiriblər.

Eyni zamanda, Leyla və Arif Yunusovlar hələlik adları açıqlanmayan ayrı-ayrı Azərbaycan Respublikası vətəndaşlarını da məxfi əməkdaşlığa cəlb edilmələri üçün Ermənistan xüsusi xidmət orqanının nümayəndələri ilə əlaqələndirərək, Azərbaycan Respublikasına qarşı istifadə məqsədilə ictimai-siyasi, sənaye, energetika, hərbi texniki təchizat sahələrində mövcud vəziyyət barədə məlumatlar toplanılması, işğal altında olan torpaqlarımızın azad edilməsi müqabilində Dağlıq Qarabağdakı qondarma rejimin müstəqilliyinin tanınmasının zəruriliyinin təbliğ edilməsi barədə onlara konkret tapşırıqlar verilməsi ilə üzərinə düşən vəzifəni başa çatdırıblar.

Bunun nəticəsində R.Mirqədirov tərəfindən hərbi hissələrin, aerodrom və sair strateji əhəmiyyətli dövlət obyektlərinin yerlərinin dəqiqliklə təsvir olunduğu sxemin fotoşəkillərlə birlikdə düşmən ölkənin kəşfiyyat orqanlarının nümayəndələrinə ötürülməsinə nail olublar.

Bundan başqa, L.Yunusova hüquqi qeydiyyatı olmayan "Sülh və Demokratiya İnstitutu" adlı qurumun təsisçisi və direktoru kimi dövlət qeydiyyatına 27 mart 1996-cı il tarixdə alınmış "Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda" qeyri-hökumət təşkilatının 21 noyabr 2002-ci il tarixdə "Unibank" Açıq Səhmdar Cəmiyyətində yerləşən hesablaşma hesabları üzrə əməliyyatları həyata keçirməyə səlahiyyət verən rəsmi sənədlərə guya həmin qurumun direktoru olması barədə bilə-bilə yalan məlumatlar daxil edib banka təqdim etməklə ciddi mühasibat uçotu sənədi olan çek kitabçalarını əldə edib, 2006-2014-cü illərdə isə Amerika Birləşmiş Ştatlarının Demokratiyaya Kömək Milli Fondu (NED), German Marşal Fondu və digər donor təşkilatlarla bağlanılmış qrant müqavilələri üzrə həmin təşkilatın bank hesabına ümumilikdə 167.199 manat, 620.878 ABŞ dolları, 263.745 avro məbləğində pul vəsaitlərinin köçürülməsini təmin edərək "Mühasibat üçotu haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla köçürülmüş pul vəsaitlərini nağdlaşdırıb və dövlət orqanlarında qeydiyyata alınmayan qrant müqavilələri üzrə cəmi 526.943 manat məbləğində gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirərək vergi qanunvericiliyinə əsasən dövlət büdcəsinə ümumilikdə 369.378 manat məbləğində külli miqdarda vergiləri ödəməkdən yayınıb.

Eyni zamanda, L.Yunusova Amerika Birləşmiş Ştatlarının Demokratiyaya Kömək Milli Fondu (NED), German Marşal Fondu, "OSİ Asistence Foundation" təşkilatı tərəfindən 2009-2012-ci illər ərzində "Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda" qeyri-hökumət təşkilatının "Unibank" ASC-də yerləşən hesablarına köçürülmüş cəmi 88.910 ABŞ dolları məbləğində pul vəsaitinin 88.468 ABŞ dolları hissəsini hüquq verən rəsmi sənədləri saxtalaşdırmaqla nağdlaşdırıb əldə edərək həmin puldan 71.000 ABŞ dollarını özünün bankda olan əmanət hesablarına mədaxil edib üzərinə toplanmış faizlərlə ümumilikdə 78.130 ABŞ dolları məbləğində nağd pul vəsaitini 24 aprel 2014-cü il tarixdə hesablarından çıxarıb əri A.Yunusovla əvvəlcədən aralarında olan razılığa əsasən sonuncunun həmin bankda olan şəxsi hesabına mədaxil etdikdən sonra A.Yunusov dərhal həmin pul vəsaitini Çexiyaın "Sberbank CZ" kommersiya bankındakı şəxsi hesabına köçürülməsini təmin edib etibardan sui-istifadə etməklə əvəzsiz olaraq ələ keçirmələrinə əsaslı şübhələr mövcuddur.

Göstərilən xüsusatlar üzrə dindirilmələri üçün Leyla və Arif Yunusovlar dəfələrlə istintaqa dəvət olunmalarına baxmayaraq, müxtəlif bəhanələrlə, heç bir üzrlü səbəb olmadan çağırışa gəlməkdən yayındıqlarından 25 iyul 2014-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 178-ci maddəsinə əsasən istintaq orqanına məcburi gətirilmələrinə dair qərarlar qəbul edilib.

L.Yunusovanın Cinayət Məcəlləsnin 274, 178.3.2, 192.2.2, 213.2.2, 320.1 və 320.2, A.Yunusovun isə həmin məcəllənin 274 və 178.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələrində əsaslı şübhələr olduğundan 30 iyul 2014-cü il tarixdə onlar qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunub, L.Yunusovanın ölkəni tərk etməyə cəhd göstərməsi, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzrlü səbəblər olmadan gəlməməsi, eləcə də iş üzrə şahid qismində dindirilmiş Əzizova Mətanət Mürşüd qızı və digərlərinin obyektiv ifadə vermələrinə qanunsuz təsir göstərməsinə dair məlumatlar nəzərə alınaraq, azadlıqda qalarsa cinayət prosesini həyata keçirən orqandan gizlənəcəyi, ibtidai istintaqın normal gedişinə mane olacağını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, A.Yunusovun isə səhhəti nəzərə alınmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti