...

XİN: Türkiyədə yol qəzası zamanı ölən azərbaycanlı tələbələrin cənazələrinin vətənə çatdırılması işləri aparılır

Siyasət Materials 26 Sentyabr 2014 12:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir Səba Ağayeva/

Türkiyədə yol qəzası zamanı ölən azərbaycanlı tələbələrin cənazələrinin vətənə çatdırılması, lazımi sənədləşmə işlərinin aparılması və yaralananlara dəstək verilməsi istiqamətində Baş konsulluq fəaliyyətini davam etdirir. Bu barədə Trend-ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev məlumat verib.

H.Hacıyev bildirib ki, Türkiyə Respublikasının Uşak şəhəri dairəsində içərisində Azərbaycan vətəndaşlarının olduğu avtomobil səhər saatlarında yol qəzasına düşüb. Qəza nəticəsində avtomobilin içərisində olan 6 nəfərdən üçü - Anar Musayev, Ülvi Sadiqov, Elvin Hüseynov həlak olub, digər üç nəfər - Əli Kərimli, Mayıs Həsənov, Muğdat Talıblı isə yaralanıb.

Yaralanan şəxslərin vəziyyəti orta-qənaətbəxş hesab olunur. Bu şəxslər Türkiyənin Uşak Universitetinin 1 və 2-ci kurs tələbələridirlər.

Uşak şəhəri Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulluğunun ərazisinə daxil olduğundan Baş konsulluq tərəfindən zəruri tədbirlər görülüb. Hazırda Baş konsulluq tərəfindən Türkiyənin hüquq-mühafizə orqanları və səhiyyə xidməti ilə lazımi təmaslar davam etdirilir.

Azərbaycan Respublikasının Təhsil Nazirliyinə də bu barədə məlumat verilib. İlkin araşdırma zamanı bu şəxslərin dövlət hesabına təhsil almadıqları müəyyən edilib.

XİN yol qəzasında həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti