...

MDB XİN rəhbərləri 24 məsələni müzakirə edirlər

Siyasət Materials 9 Oktyabr 2014 17:18 (UTC +04:00)
Minskin Milli Kitabxanasında MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası geniş formatda keçirilir.
MDB XİN rəhbərləri 24 məsələni müzakirə edirlər

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Minskin Milli Kitabxanasında MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası geniş formatda keçirilir.

Trend-in Belarusun "BelaPAN" agentliyinə istinadən verdiyi məlumata görə, iclasdan əvvəl nümayəndə heyətlərinin rəhbərləri səviyyəsində məhdud tərkibdə danışıqlar aparılıb.

İcasda Belarus, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, Ermənistan xarici işlər nazirləri, Azərbaycan, Qazaxıstan, Moldova isə xarici işlər nazirinin müavini səviyyəsində təmsil olunub. Ukraynanı isə ölkənin Belarusdakı səfiri Mixail Yejel təmsil edir. İclasda, həmçinin MDB-nin icraçı katibi Sergey Lebedev iştirak edir.

Belarusun xarici işlər naziri iclas ərəfəsində deyib ki, görüşün gündəliyində 24 məsələ var: "Nazirlər MDB dövlət başçılarının Sovet xalqının Böyük Vətən müharibəsində 70 illik qələbəsi münasibətilə MDB ölkələri xalqlarına və dünya ictimaiyyətinə müraciət layihəsini, eləcə də MDB-nin gələcək inkişaf Konsepsiyasının reallaşdırılması üzrə əsas tədbirlər planının icra vəziyyətini müzakirə etməyi planlaşdırırlar".

Bundan başqa, 2015-2016-cı illərdə humanitar əməkdaşlıq sahəsində tədbirlər planının, habelə turizm sahəsində əməkdaşlığın inkişafı strategiyasının reallaşdırılması üzrə planların və s. nəzərdən keçirilməsi gözlənilir.

İclasda MDB çərçivəsində təhlükəsizlik məsələlərinə də xüsusi diqqət yetiriləcək. Bura qanunsuz miqrasiyaya qarşı mübarizədə əməkdaşlıq proqramı layihələri, insan alveri əleyhinə əməkdaşlıq konsepsiyaları, MDB ölkələrinin xarici sərhədlərində sərhədyanı təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti