...

Azərbaycanın hakim partiyası: Hüseyn Abdullayev başını Almaniyada psixiatrlara göstərsə, yaxşı olar

Siyasət Materials 2 Dekabr 2014 18:34 (UTC +04:00)
"İlk növbədə Hüseyn Abdullayev Azərbaycanda vergidən yayındığına görə cinayət məsuliyyətinə cəlb olunub və hazırda həmin cinayətlərə görə axtarışdadır. İndi o, müxtəlif sərsəmləmələri ilə törətdiyi cinayəti siyasi ad altında ört-basdır etməyə çalışır".
Azərbaycanın hakim partiyası: Hüseyn Abdullayev başını Almaniyada psixiatrlara göstərsə, yaxşı olar

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir İlkin İzzət/

"İlk növbədə Hüseyn Abdullayev Azərbaycanda vergidən yayındığına görə cinayət məsuliyyətinə cəlb olunub və hazırda həmin cinayətlərə görə axtarışdadır. İndi o, müxtəlif sərsəmləmələri ilə törətdiyi cinayəti siyasi ad altında ört-basdır etməyə çalışır". Bunu Trend-ə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin üzvü Siyavuş Novruzov H.Abdullayevin hakimiyyətə qarşı ittihamlarını cavablandırarkən deyib.

YAP rəsmisi bildirib ki, ikincisi, H.Abdullayevin Azərbaycan Prezidenti cənab İlham Əliyevə, onun ailə üzvlərinə, ali dövlət rəhbərliyində təmsil olunan insanlara qarşı işlətdiyi ifadələr Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə tövsif olunur və birbaşa cinayətdir: "Hesab edirəm ki, o bunun məsuliyyətini daşımalıdır. Prezident Cənubi Qafqazın ən böyük partiyası olan 650 min nəfərlik Yeni Azərbaycan Partiyasının sədridir. Onunla hədə dilində danışan Hüseyn Abdullayev başını Almaniyada psixiatrlara göstərsə, yaxşı olar".

Onun sözlərinə görə, digər tərəfdən, onun cənab Prezident haqqında belə fikir söyləməyə heç bir haqqı yoxdur: "Hüseyn Abdullayevin cəmi bir illik deputatlıq fəaliyyəti bariz nümunədir ki, o, hansı səviyyənin adamıdır. Bu dəfə də Almaniyada hansısa dairələrin təhriki, öyrətməsi ilə antiazərbaycan təbliğatı aparır. Fəzail Ağamalının bir zərbəsinə dözə bilməyən indi orada oturub hədə-qorxu gəlir. Əgər sən həqiqətən belə igid, qəhrəmansansa, onda bəs niyə mülklərini və digər obyektlərini valideynlərinin adına yazdırıb özün məsuliyyətdən qaçır, onları isə zərbə altında qoyursan? Düzdür, mən Hüseyn Abdullayevi Şeyx Şamillə müqayisə etmək istəmirəm, amma oxucular üçün bildirmək istəyirəm ki, tarixdən bilirik ki, Şeyx Şamil anasının ruslarla barışıq təklif etdiyinə görə cəzalandırılmasını əmr etmişdi. Lakin anası qamçılanan zaman Şeyx Şamil onun cinayətinə görə özü cavabdeh daşıdığını deyib və soyunaraq qamçıların özünə vurulmasını istəyib. İndi isə tərsinə olub. Hüseyn Abdullayev özünün törətdiyi cinayəti valideynlərinin üstünə atır və başqalarını da hədələməyə başlayır. İndi o deyir ki, onun anasını yanına gəlməyə qoymurlar. Adətən biz görmüşük ki, fərasətli oğullar valideynlərin ziyarətinə gəlirlər, valideynləri özünün ziyarətinə çağırmırlar. Fərasətin çatırsa, gəl özün onları ziyarət et".

S.Novruzov qeyd edib ki, əgər fərasətli oğlansansa, siyasi fəaliyyətlə məşğul olmaq istəyirsənsə, buyur, Azərbaycanda siyasi mühit var: "Oğurluqla, dələduzluqla, başqa-başqa firmaları sıxışdıraraq vəsait əldə etməyin isə təbii ki, qeyri-qanunidir və buna görə məhkəmə qarşısında mütləq cavab verəcəksən. Toylarda bir neçə manata ionika çalan şəxs olsa-olsa yalnız Əli Kərimli kimilərin və yaxud onu Avropada təmsil edən partiyanın bəstəkarı ola bilər. O, ömrü boyu adlarını çəkdiyi adamlarla əl verib görüşməyi, həmin adamların qapısında boynunu büküb onları gözləməyi özü üçün böyük şərəf bilib. İndi isə Almaniyada oturub həmin insanlara qarşı hədə-qorxu gəlir. Bu, bir daha göstərir ki, Azərbaycan haqq, düz yoldadır. Qərbin məhz bu cür cinayətkarları müdafiə etməsi, onlara sığınacaq verməsi, onları qızışdırıb yenidən Azərbaycana qarşı yönləndirməsi isə göz qabağındadır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti