...

Prezident İlham Əliyev: Azərbaycanda bütün azadlıqlar təmin edilir

Siyasət Materials 21 Yanvar 2015 20:42 (UTC +04:00)
Azərbaycanda bütün azadlıqlar təmin edilir. Trend-in Almaniyaya ezam olunan müxbirinin məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Berlində Almaniya Federativ Respublikasının Kansleri Angela Merkel ilə birgə keçirilən brifinqdə deyib.
Prezident İlham Əliyev: Azərbaycanda bütün azadlıqlar təmin edilir

Almaniya, Berlin, 21 yanvar /Trend, xüsusi müxbir Sevil Mikayılova/

Azərbaycanda bütün azadlıqlar təmin edilir. Trend-in Almaniyaya ezam olunan müxbirinin məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Berlində Almaniya Federativ Respublikasının Kansleri Angela Merkel ilə birgə keçirilən brifinqdə jurnalistlərin sualına cavab verərkən deyib.

Dövlət başçısı qeyd edib: "Azərbaycanda keçirilən sorğulara görə, mənim reytinqim 90 faizə yaxındır. Bu da son illər ərzində Azərbaycanda aparılan islahatlarla bağlıdır".

Prezidentin sözlərinə görə, Azərbaycan son 11 il ərzində iqtisadi cəhətdən dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir: "İqtisadiyyat 3 dəfədən çox artıb, işsizlik və yoxsulluq 5 faiz səviyyəsindədir. Davos Ümumdünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 38-ci yerə layiq görüb. Əlbəttə ki, belə nəticələrlə hər bir rəhbərin reytinqi yüksək olmalıdır".

İlham Əliyev bildirib ki, Azərbaycanda bütün azadlıqlar təmin edilir: "Söz azadlığı yüz faiz təmin edilir. Azərbaycanda yüzlərlə mətbu orqan fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycanda internetə heç bir məhdudiyyət qoyulmur. İnternet azaddır, senzura yoxdur. İnternet istifadəçilərinin sayı 72 faizə yaxındır. Mətbuat azadlığı tam şəkildə təmin edilir".

Prezident vurğulayıb ki, eyni mənzərə sərbəst toplaşma azadlığına da şamil edilə bilər. Azərbaycanda mütəmadi olaraq müxtəlif siyasi partiyaların, qrupların aksiyaları keçirilir. Bu aksiyalar azad şəkildə keçirilir və heç bir məhdudiyyət qoyulmur.

Dövlət başçısı deyib ki, bütövlükdə Azərbaycanda son illər demokratiyanın inkişafı istiqamətində böyük inkişaf var: "Əlbəttə, bu bizim üçün çox vacibdir. Əminəm ki, siyasi islahatlar iqtisadi islahatlarla paralel aparılmalıdır. Yalnız bu halda islahatların dayanıqlılığı təmin oluna bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti