...

Avropa Parlamenti nə danışdığının fərqindədirmi?

Siyasət Materials 5 Fevral 2015 21:00 (UTC +04:00)
Hər dəfə bütün dünyanın, xüsusilə də Avropanın diqqəti Azərbaycana yönələndə rəsmi Bakı əleyhinə qarayaxma kampaniyası başlayır.
Avropa Parlamenti nə danışdığının fərqindədirmi?

Azərbaycan xəbərlər xidməti

Məftun Salmanov - Trend:

Hər dəfə bütün dünyanın, xüsusilə də Avropanın diqqəti Azərbaycana yönələndə rəsmi Bakı əleyhinə qarayaxma kampaniyası başlayır. 2012-ci ildə "Eurovision" yarışmasının Bakıda keçiriləcəyi məlum olanda Azərbaycana qarşı təzyiqlər və böhtan xarakterli məqalələr daha da intensivləşmişdi.

Bu dəfə Azərbaycan daha irimiqyaslı yarışlara - I Avropa Oyunlarına ev sahibliyi edəcək. 2015-ci ilin yayında təşkil ediləcək Oyunlar ərəfəsində özünü demokratik dəyərlərin müdafiəçisi elan etmiş beynəlxalq təşkilatlar, Avropa qurumları və onların sifarişçiləri olan erməni diasporu indidən əl-ayağa düşüb.

Sadalanan qüvvələrin məqsədi birdir - Azərbaycanı antidemokratik ölkə kimi qələmə verib, dünyanın gözündən salmaq. Bu dəfə qarayaxma kampaniyasına Avropa Parlamenti də qoşulub.

Avropa Parlamentinin Azərbaycanla bağlı arayışını oxuyarkən insanda elə bir təsəvvür yaranır ki, bura hansısa "banan ölkəsi"dir. Bu da təsafüfi deyil, çünki arayışda "ərik ölkəsi" olan Ermənistanın və onun qoruyucu mələyi olan erməni lobbisinin barmaq izi görünür.

Avropa Parlamenti iddia edir ki, Azərbaycanda yaşayış səviyyəsi aşağı və müxalifət kiçikdir. Bəli, müxalifət kiçikdir, səbəbi isə əksinə, ölkədə yaşayış səviyyəsinin yüksək olmasıdır. Azərbaycan xalqı nəinki regionda, MDB məkanında, eləcə də Avropada ən yüksək rifah səviyyəsinə malik ölkələrdən biridir.

Bunu beynəlxalq maliyyə qurumlarının illik hesabatları da təsdiq edir. Dünya maliyyə böhranından üzüağ çıxan Azərbaycan rəhbərliyi yürütdüyü iqtisadi siyasət sayəsində ətrafına xalqı toplaya bilib.

Arayışda müxalifətin siyasi manevrlər etmə imkanlarının məhdudlaşdırıldığı qeyd edilir. Prezident İlham Əliyev ilk dəfə prezident seçiləndə müxalifətə etdiyi dialoq çağırışları cavabsız qaldı. Bu yöndə radikallığı ilə seçilən bır sıra müxalifət partiyaları ötən il də iqtidar-müxalifət dialoquna qoşulmadılar.

Digər tərəfdən, ölkədəki müxalifət partiyalarının intellektual-kadr potensialı çox zəifdir. Bu üzdən müxalifət düşərgəsi hakim partiyadan fərqli olaraq xalqa alternativ ideologiya, siyasi və iqtisadi platforma təqdim edə bilmir.

İdeologiya demişkən, Avropa Parlamenti ölkə rəhbərliyini ideologiyasının olmamasında suçlayır. Avropa Parlamentinin nəzərinə: Azərbaycanda ölkə rəhbərliyi də daxil olmaqla, hər bir sıravi vətəndaşın bir ideologiyası var ki, bu da müstəqilliyin qorunması və gücləndirilməsidir. Görünür, bu ideologiya Avropanı narahat edir ki, onu görməzdən gəlir.

Bakı Avropa kursunu seçib. Ölkə Avropa ilə bütün sahələrdə əməkdaşlıqda maraqlıdır. İqtisadi layihələr isə Azərbaycan rəhbərliyinin siyasətini tamamlayır. Lakin Bakı Avropadan xüsusilə siyasi sahədə umduğunu almır.

Köhnə qitə Ermənistan və Gürcüstanla müqayisədə ölkəmizə insan haqları sahəsində ikili standartlar tətbiq edir. Dağlıq Qarabağ münaqişəsində işğalçı Ermənistana sanksiya və ya təzyiq metodlarına əl atmır. Sadalanan arqumentlər Avropa Parlamentinin qərəzli mövqeyini tam çılpaqlığı ilə ortaya çıxarır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti